ABŞ ordusunun komandanı general Martin Dempsi: “Ruslara hərbi cavab variantı üzərində gecə-gündüz düşünürük”
Rusiyanın faktiki olaraq işğal etdiyi, martın 16-da keçiriləcək referendumla bu işğalı rəsmiləşdirməyə hazırlaşdığı Krımda rus qoşunlarının irəlilədiyi bir vaxtda ABŞ və müttəfiqləri “gücə-gündüz” Putinin Ukrayna ərazilərini ələ keçirməsinin qarşısını almaq yolları barədə düşünürlər.
Virtualaz.org saytının xəbərinə görə, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Martin Dempsi bildirib ki, Ukraynadakı münaqişənin dərinləşməsi halında Amerika ordusu NATO-nu dəstəkləyəcək.
General Dempsinin sözlərinə görə, amerikalı diplomatlar Rusiyanın Krımı zəbt etməsi probleminin həllini tapmaq üçün gecə-gündüz işləyirlər. General rusiyalı həmkarları ilə danışdığını da bildirib. O, həmçinin Ukraynaya və NATO üzvlərinə aydın mesaj göndərib ki, zərurət yaranarsa, ABŞ ordusu hərbi vasitələrlə reaksiya verəcək.
M.Dempsi bildirib: “Biz ruslara izah etməyə çalışırıq ki, Şərqi Ukraynada vəziyyəti gərginləşdirməyə dəyməz. Və onlar Krımda yaratdıqları vəziyyətin həlli üçün zəruri şərait yaratmalıdır”.
ABŞ-ın Ukraynaya qoşun yeritməsi ehtimalı ilə bağlı suala cavabına general Dempsi deyib: “Bu elə məsələdir ki, situasiyanın necə dəyişməsindən asılı olaraq daim dəyərləndirmək və yenidən dəyərləndirmək lazımdır. Lakin yadda saxlayın ki, bizim NATO müttəfiqlərimiz qarşısında öhdəliklərimiz var. Mən onları əmin etmişəm ki, hadisələr daha da irəli getsə, NATO Xartiyasına uyğun olaraq biz reaksiya verəcəyik”.
ABŞ ordusunun komandanı deyib ki, əgər Rusiya rusların müdafiəsi adı altında suveren dövlətin ərazilərində irəliləməyi özünə rəva görürsə, bu, bütövlükdə Şərqi Avropa üçün təhdid yaradır. Çünki bütün Şərqi Avropa və Balkanlarda belə anklavlar var.
Lakin belə görünür ki, amerikalı diplomatların və generalların gecə-gündüz rusların Krımı ələ keçirməsinin qarşısını necə almaq üzərində işləyərək arabir bu cür xəbərdarlıqla çıxış etmələri Rusiya prezidenti Vladimir Putini qətiyyən qorxutmur. Bu gün Ukraynadan gələn xəbərlər Rusiya qoşunlarının Krım yarımadasının içərilərinə doğru irəlilədiyi, yeni strateji obyektlər ələ keçirdiyini və Ukrayna ordusunun hissələrini tamamilə neytrallaşdırdığını göstərir.
Xəbərlərə görə, Rusiya hərbçiləri vertolyotların müşayiəti ilə “KamAZ”larda hərəkət edərək Krımın Novofedorovka rayonundakı hərbi aerodromu tutublar. Təxminən 100-ə yaxın rus hərbçisi aerodromun uçuş-enmə zolağı boyu atəş nöqtələri yerləşdiriblər və pulemyotlar quraşdırıblar. Onlara 40-50 nəfər mülki geyimli naməlum şəxslər kömək edir. Havada bir neçə Mi-24 vertolyotu uçuş keçirir.
Ukrayna mənbələri onu da xəbər verir ki, Rusiya Qara dənizdəki donanmasına Çeçenistanda dislokasiya olunmuş 18-ci əlahiddə motoatıcı briqadanı da yerləşdirib. Hazırda bu briqadanın canlı qüvvəsi və hərbi texnikasının, o cümlədən “Qrad” reaktiv artilleriya sistemlərinin Krıma daşınması davam edir.
Bu arada Almaniya kansleri Angela Merkel və Böyük Britaniyanın baş naziri Devid Kemeron V.Putinə zəng edərək onu Krımın işğalından çəkindirməyə çalışıblar. Lakin Kremlin məlumatına əsasən Putin Merkel və Kemerona deyib ki, Krımın “legitim hakimiyyətinin” referendum keçirib Rusiyaya birləşmək istiqamətində atdığı addımlar tamamilə qanunidir.
Virtualaz.org