Dəhşətə gəlirsən. Gərək nə qədər manqurtlaşan, beyin damarların kirəcləşə ki, on illərdir çörəyini yediyin, suyunu içdiyin, havasını udduğun məmləkətin, xalqın mənafeyinə bu dərəcədə arxa çevirəsən, onu başqa bir dövlətin – həm də hansı dövlətin – Rusiyanın (!) imperiya maraqlarının ayağına verəsən.
Moskvanın bütün beynəlxalq normalara, ikitərəfli və çoxtərəfli anlaşmalara tüpürüb də Krımı işğal eləməsinə haqq qazandıran, Putini Putindən, rusu rusdan çox istəyən, Roma papasından artıq katolik olmağa iddialı Abbas Abbasovdan söhbət gedir – Azərbaycanın baş nazirinin sabiq birinci müavini, Rusiyadakı “AzərRos” ictimai birliyinin Ağsaqqallar Şurasının sədri.
Yəni doğrudanmı bu adamın damarında azərbaycanlı qanı axır və o, antropoloji göstəricilər etibarilə təmiz türkdür? Gerçəkdənmi o – Ağsaqqallar Şurasının sədri ağsaqqal yaşda ağlını, məntiqini itirməyə başlayıb? Məgər heç olmasa, susmaq olmazdımı bu məsələdə?
Mən artıq şübhələnməyə başlamışam. Axı, necə ola bilər dağıdıcı separatçılıqdan ən çox əziyyət çəkən bir millətin, dövlətin ünlü bir təmsilçisi belə avantürist bəyanat versin, avantüristlərin cərgəsində yer alsın – üstəlik, Azərbaycan adına?! Demək, sən Rusiyanın birbaşa köməyi ilə Dağlıq Qarabağın işğalına da bəraət qazandırarsan, eləmi?
Kremlin Ukraynaya qarşı aqressiv davranışına heç Rusiyanın öz forpostu Ermənistan, onun rəhbərliyindəki Qarabağ klanı belə təqdir eləməyib. Çünki bilirlər ki, bu günün sabahı var. Biz hələ Rusiyanın öz daxilində rəsmi Moskvanın siyasətini qınayanları demirik.
İşə bax, bütün dünya işğalçı Rusiyaya qarşı köklənib, Abbas Abbasov, Rusiya isə dünyaya qarşıdır. Yaxşı, bəs sabah həmin o dünyandan Dağlıq Qarabağa necə, hansı üzlə ədalət istəyəcəksən, əgər Azərbaycana rəva bilmədiyini başqa suveren ölkəyə bilirsənsə, illərdir konfliktin həllini tormozlayan yırtıcı Rusiyanın bölücülüyə dəstək siyasətini müdafiə edirsənsə?..
Erməni mətbuatını mütəmadi izləyən şəxs kimi bunu da yazmağa borcluyam: Ukraynada dramatik olaylar özünü göstərəndən bu günədək nəinki erməni ictimai-siyasi xadimlərinin, heç sıravi ermənilərin hansınınsa dilindən Kremlə dəstək bəyanatına rast gəlməmişəm. Əksinə, Bakıdakı kimi, İrəvandakı Rusiya səfirliyi önündə də etiraz aksiyası keçirilib, Moskvanın suveren Ukraynaya hərbi müdaxiləsi pislənib, erməni KİV-ləri Pütini hər gün asıb-kəsir.
Bu müdaxiləyə Azərbaycanda da münasibət eynidir. Amma guya soyu soyumuzdan olan cənab Abbasov “XXI əsrin Hitleri”nə qahmar çıxır. İndi erməni kimdir? Və ya erməniliyi kim edir?..
Əlbəttə, nəzərə alanda ki, bu, dünən dediyini bu gün əlüstü danan, yaxud mövqeyini rahatca dəyişib diametral əks mövqe sərgiləyən, yarınmaq ustası Abbasovdur, çox dərinə getməyə lüzum qalmır. Amma bir reallıq olmasaydı. Məsələ ondadır ki, adam Rusiyadakı Azərbaycan icmasının təmsilçiliyinə iddialıdır. Oradakı soydaşlarımızın adından danışır.
Ola bilsin, Kreml rəhbərliyinin sifarişi, dirijor çubuğu ilə Abbasov belə danışır. Yəni danışmaq zorunda qoyulub. Elə isə niyə Rusiyadakı nüfuzlu erməni diasporunun rəhbərindən analoji dəstək bəyanatları eşitmirik? Deməli, təşəbbüs şəxsən “AzərRos” sədrinin özündən gəlib.
Belə yerdə bizim xalqın müdrik bir kəlamı yada düşür – “Özünü yuyulmamış qaşıq kimi ortaya atmaq”. Ancaq çirkli qab-qaşığı yuyub təmizləmək problem deyil. Problem bulaşıq vicdanların təmizlənməsindədir.
Elə bir yuyucu toz tanıyırsınızmı?