Rusiya əsgərləri Ukrayna ordusu üzərinə hücuma keçdi
Rusiya ordusu Ukraynaynanın Sevastopoldakı hərbi hissələrinə hücum etməyə hazırlaşır.
“Qafqazinfo” xəbər verir ki, Rusiya ordusu Ukraynanın Sevastopoldakı Matros Koşka hissələrinə hücuma başlayıblar. Dmitriy Beloçerkoves bu barədə Facebook səhifəsində yazır: “Rusiya ordusu Ukraynanın Sevostopol hissəsindən hücuma başlayıb. Bizimkilər BTR-lərlə müdafiəyə hazırlaşırlar.”
O, jurnalistlərdən ora gedib baş verənləri işıqlandırmalarını xahiş edib.
D. Beloçerkoves “Ukrainskaya pravda”ya açıqlamasında, rusların Lazervskilər kazarmasının qarşısında yerləşən hərbi şəhərciyə – 39-cu təlim hissələrinə hücum etdiklərini təsdiqləyib:
“Ukraynalı zabit-parlamentçilər əsir götürülüblər. Binalardan birində yanğın başlayıb. Heç bir nişanı olmayan Rusiyanın KamAZ-ı hərbi şəhərciyin ərazisinə daxil oldu. Bizimkilər girişi BTR-lərlə kəsiblər və rusların KamAZ-ı onların əsas qüvvələrindən ayrı qalıb.
O, əlavə edib ki, ruslar şəhərciyin sərhədlərində avtomatlılar qoyublar və atəşlərlə hədələyirlər. KamAz-dan heç kim düşmür… AnsPress
***
Ukrayna Ali Radası xaricdən kömək istədi
Ukrayna Ali Radası ölkənin təhlükəsizliyinə qarant-dövlətlərə müraciət edərək öz müşahidəçilərini Ukraynaya göndərməyi və ölkənin nüvə obyektlərinin qorunmasında yardım etməyi xahiş edib.
Müvafiq müraciət bu gün Ali Radanın qapalı keçən fövqəladə iclasından sonra edilib. Ukraynalı deputatlar Rusiyanı rusdilli əhalinin mühafizəsi bəhanəsi ilə Ukraynanın ərazisinə qoşun yeritməkdə ittiham ediblər.
“Rusiyanın hərəkətləri beynəlxalq münasibətlərin bütün əsas prinsiplərini kobud şəkildə pozur və Avropa qitəsində təhlükəsizliyin əsaslarını sarsıdır” – Ali Radanın müraciətində belə deyilir.
Kiyevin Müstəqillik meydanında isə Ukraynanın ərazi bütövlüyünə dəstək aksiyası keçirilir. “İnterfaks-Ukrain” agentliyinin məlumatına görə, aksiyaya dəstək vermək üçün 10 mindən çox adam Maydana toplaşıb. Aksiya Ukraynada yaşayan müxtəlif dini icmaların nümayəndələrinin çıxışları ilə başlayıb. Din xadimləri hər kəsi Ukraynanın birliyini və ərazi bütövlüyünü qorumağa, Rusiyanın Ukraynaya qarşı aqressiyasına qarşı çıxmağa çağırıblar (ANS TV).
***
Peterburqda da Ukraynaya dəstək mitinqi oldu
Bu gün – martın 2-də Rusiyanın Sankt-Peterburq şəhərində Ukrayna ilə müharibə əleyhinə etiraz aksiyası olub.
Virtualaz.org saytı rus mətbuatına istinadən xəbər verir ki, bu mitinqlə bağlı xəbəri “Exo Peterburqa” radiosu yayıb. Xəbərə görə, Piterin İsaakiyevski meydanına 500-dən çox adam çıxıb. Polis mitinqi dağıdıb. 20 nəfər həbs olunub.
Peterburqdakı mitinqlə eyni vaxtda Moskvanın Manej meydanında da yüzlərlə adamın qatıldığı aksiya olub. Etirazçılar Rusiyanın Ukraynaya hücum və təzyiqlərini pisləyərək Ukrayna dilində mahnılar oxuyublar.
Yada salaq ki, martın 2-də səhər Moskvada Rusiya Müdafiə Nazirliyinin binası önündə də Ukraynaya dəstək aksiyası keçirilmişdi. Həmin aksiyada həbs edilənlərin sayı 40-ı ötüb.
Bu gün Moskvada Rusiya Müdafiə Nazirliyinin binasının yaxınlığında Ukrayna ilə müharibə əleyhinə mitinq keçirilir.
Virtualaz.org saytı Rusiya nəşrlərinə istinadən xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları mitinq iştirakçılarını həbs etməyə başlayıb.
Xəbərə görə, azı 10 nəfər həbs olunub. OMON Müdafiə Nazirliyinə gedən yolu bağlayıb. Nazirliyin binası qarşısına yüzlərlə Rusiya vətəndaşı toplaşıb. Aksiya iştirakçıları “Müharibəyə yox deyirik!” şüarları qışqırırlar. Onların çoxunun əlində Ukrayna bayraqları olub. OMON Ukrayna himnini oxuyan onlarla adamı həbs edib. Rusiya Müdafiə Nazirliyinin binasının mühafizəsi gücləndirilib. Polis bildirib ki, aksiya icazəsiz olduğu üçün onun keçirilməsinə yol verilməyəcək.
***
ABŞ, Britaniya və Kanada Rusiyadakı səfirlərini geri çağırdı
“ABŞ və Kanada Rusiya Federasiyası ilə “Böyük səkkizlik” çərçivəsindəki qarşılıqlı əməkdaşlığı dayandırıblar. Bu ölkələrin səfirləri Moskvanı tərk ediblər. ABŞ prezidenti Barak Obama NATO ilə məsləhətləşmələrə başlayıb. Rusiyanın özünün özünü təcrid etməsi prosesi artıq başlayııb”.
Virtualaz.org saytı xəbər verir ki, bu fikirləri Rusiya müxalifətinin liderlərindən olan Mixail Kasyanov öz twitter səhifəsində yazıb.
Qeyd edək ki, bundan əvvəl isə Rusiyanın Krıma təcavüzü başlayandan sonra Böyük Britaniya da Rusiyadakı səfirini geri çağırıb. Məlumatda o da deyilir ki, Kanada öz səfirini gecə ikən rəsmən geri çağırıb.
***
Ukraynanın keçmiş prezidenti Putinə “şizofrenik” dedi
“Mənim 80 yaşım var. Amma Ukrayna naminə Rusiyaya qarşı döyüşmək üçün mən də əlimə silah götürüb döyüşməyə hazıram”.
Virtualaz.org saytı Rusiya nəşrlərinə istinadən xəbər verir ki, bu sözləri Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk ölkəsinin üzləşdiyi rus təcavüzü təhlükəsini şərh edərkən deyib.
“Hələ indiyə qədər heç bir rusiyalı biz ukraynalıların,- ruslar bizə benderlər deyir,- əlində ölməyib. Belə fakt yoxdur. Amma digər faktlar var. Krım bu gün Rusiya qoşunları tərəfindən işğal olunub. Ruslar bizim hərbi hissələri mühasirəyə alıblar, Sevastopoldakı Belbek aeroportunu dağıdıblar. Krım hazırda rus hərbçilərinin nəfəsi altında yaşayır. Ruslar Krımı işğal ediblər. Bu, faktiki olaraq işğaldır, təcavüzdür” – deyə L.Kravçuk bildirib.
Sabiq prezident Rusiyanı işğalı dayandırmağa çağırıb: “Bizim xalqlar arasında müharibə ola bilməz. Rusiya və Putin doğrudanmı anlamırlar ki, onlar tarixə təcavüzkar kimi düşə, bu isə III dünya müharibəsinin başlanğıcı ola bilər?” – deyə L.Kravçuk təəccübünü ifadə edib.
O daha sonra deyib: “Mənim ulu babam və babam I dünya müharibəsi zamanı Rusiya ilə, ruslarla çiyin-çiyinə döyüşüblər. Onların çardan aldıqları mükafatlar da var. 80 yaşım olsa da mən də əlimə silah götürüb Ukrayna üçün vuruşacağam. Hər bir vətəndaş öz ölkəsini özünün evi, ailəsi kimi qoruyacaq. Bunu hamı bilsin!”.
L.Kravçuk hiddətlənərək Rusiyaya xəbərdarlıq da edib: “Krımda qadınlar və uşaqlar küçəyə çıxdılar ki, iki ölkənin hərbçilərinin arasına girib sülhün pozulmasına imkan verməsinlər. Biz Çeçenistan təcrübəsini unutmamışıq. Orada nə qədər dinc adam öldü?! Müharibədə təkcə peşə borcu həlak olmaq olan hərbçilər ölmürlər. Həm də qocalar, qadınlar, uşaqlar ölürlər. Bəs onlar nəyə görə ölməlidir? Hansısa şizofrenik belə istədiyi üçünmü? II dünya müharibəsindən sonra Nürnberq prosesi olmuşdu. Əlbəttə, bu proses Almaniyada keçirilmişdi. Amma bu proses digər ölkələrdə də təkrarlana bilər”.
***
Ukrayna Müdafiə Nazirliyi bu gün rəsmi bəyanatla çıxış edib.
Virtualaz.org saytı Ukrayna mətbuatına istinadən xəbər verir ki, bəyanatda deyilir: “Bəzi xarici KİV-lər ukraynalı hərbçilərinin guya Krım ərazisindəki hərbi hissələrini tərk etdikləri barədə məlumatlar yayıblar. Rəsmi olaraq bəyan edirik ki, yayılmış məlumatlar həqiqətəuyğun deyil və təxribat xarakterlidir. Ukrayna hərbçilərinin Ukrayna Hərbi Qüvvələrinin hərbi xidmətindən kütləvi şəkildə azad edilməsi də reallıqla üst-üstə düşmür”.
Qeyd edək ki, Rusiya hərbçiləri Kerçdə hərbi hissəni mühasirəyə alıblar. Hərbi formada insanlar A-0669 hərbi hissəsinin ərazisini ələ keçiriblər. Hərbi hissənin qapılarının önündə Rusiya nömrəli “Ural” markalı yük maşınları dayanıb. Əsgərlərin isə Rusiya hərbi geyim formasında olduğu və rus dilində danışdıqları bildirilir.
A-0669 Hərbi Dəniz-Piyada Qoşununları hərbi hissəsinin komandiri Aleksey Nikiforov vəziyyətin nəzarətdə olduğunu və təlaşa ehtiyac olmadığını bildirib: “Hərbi hissənin ərazisində yad şəxs yoxdur. Şəxsi heyət rəhbərlikləri tapşırığı yerinə yetirməyə hazırdır. Komandirlər mənə məlumat verdi ki, batalyonun təslim olması barədə xəbərlər şayiədir, həqiqətəuyğun deyil”.
Sevastopol yaxınlığında Rusiya desantının mühasirədə saxladığı Ukrayna hərbi bazasının komandiri əsgərlərinə “ölərik, ancaq ruslara təslim olmarıq” əmri verib.