NATO-nun baş katibi Anders Foq Rasmussen Rusiyanı Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırıb.
APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, o bu barədə öz “Tvitter” səhifəsində yazıb. “Rusiya Ukraynanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinə hörmət etməlidir, bu həmçinin Rusiya qoşunlarının Ukrayna ərazisində irəliləməsinə də aiddir”, deyə o bildirib və Krımda vəziyyətin təcili normallaşmasının vacibliyini əlavə edib. “NATO müttəfiqləri sıx əlaqələndirməni davam etməlidirlər”, deyə NATO-nun baş katibi vurğulayıb.
Rusiya Federasiyası Şurasının spikeri Valentina Matviyenko isə ABŞ və NATO-nun Ukraynaya qoşun yeritmə ehtimalını şərh edərkən bəyan edib ki, NATO-nun Ukraynaya qoşun yeritməyə heç bir əsası yoxdur.
“Hansı əsasla? Biz NATO və ABŞ-a Ukraynaya qoşun yeritməyə razılıq verməmişik”, deyə Matviyenko bildirib.
“Biz qanunvericiliyə və konstitusiyaya uyğun olaraq addım atırıq. Bu cür son tədbirin istifadəsi üçün əsaslar olmalıdır. Bizim nəyə əsaslandığımızı mən artıq izah etdim – bizim soydaşlarımız, rusdilli əhali təhlükə altındadır. Bundan başqa Krım hökuməti Ukraynada davam edən qanunsuzluq və xaosdan qorunmaları üçün Rusiyaya müraciət edib”, deyə Matviyenko əlavə edib.
Rusiya Federasiya Şurasının üzvləri bu ölkənin ABŞ-dakı səfirini geri çağırmaq təklifi ilə çıxış ediblər.
Bu məlumatı Rusiyanın “İTAR-TASS” agentliyi yayıb.
Xəbərə görə, Federasiya Şurasının üzvləri bəyan ediblər ki, Rusiyanın ABŞ-dakı səfirinin dərhal geri çağırılmasını prezident Vladimir Putindən tələb etmək lazımdır.
“ABŞ prezidenti Barak Obamanın “Rusiya Ukraynadakı hadisələrə görə cavab verəcək və bu, ona baha başa gələcək” sözləri Rusiyaya yönəlmiş birbaşa hədədir. Bizə məlumdur ki, Maydandakı döyüşçülər Polşa və Litvada hazırlanmışdılar” – deyə Federasiya Şurasının sədri Yuri Vorobyov bildirib.