Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasının qərarından sonra Ukraynaya yeridiləcək qoşunların miqdarını və əməliyyatın miqyasını şəxsən özü müəyyyən edəcək.
Bu barədə jurnalistlərə Federasiya Şurasının üzvü Viktor Ozerov bildirib. “Federasiya Şurası tərəfindən Rusiya silahlı qüvvələrinin xaricdə istifadəsinə icazə verilməsi halında ali baş komandan qoşunların sayını, hərbi texnikanın miqdarını və hərbi əməliyyatın detallarını müstəqil şəkildə müəyyən edir” deyə o əlavə edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Putin hələ Ukrayna ərazisinə qoşun yeridilməsi haqda qərar verməyib. (Hərçənd ki, Krım artıq Rusiyanın işğalı altındadır və yarımadada 11 min rus desantı yerləşdirilib). “Federasiya Şurası öz mövqeyini bildirib. Qərarı isə prezident verir, hələlik belə qərar yoxdur” deyə o, qeyd edib.
* * * 19:35
Rusiya Federasiya Şurası Ukrayna ərazisinə qoşun yeridilməsinə razılıq verib.
Bu haqda Federasiya Şurasının iclasında qərar qəbul edilib.
* * * 18:14
Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına müraciət edərək Rusiya Silahlı Qüvvələrinin Ukraynaya yeridilməsi və bu ölkədəki ictimai-siyasi vəziyyət normallaşana qədər orada saxlanması barədə qərar verdiyini açıqlayıb.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin yaydığı press-relizdə bilgi verilir.
Məlumatda deyilir ki, V.Putin Rusiya qoşunlarının Ukraynaya yeridilməsinə dair qərarını “Ukraynada yaranan ekstraordinar vəziyyətlə, Ukrayna ərazisindəki (Krımda) Rusiya vətəndaşlarının, rusların, Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin təhlükəsizliyinin qorunmasının zəruriliyi ilə” izah edib.
* * * 18:03
Xarkovda radikal qruplaşmaların vilayət dövlət administrasiyasının binasına hücumu nəticəsində xeyli sayda yaralanan olub.
Toqquşmalar Maydan fəallarının administrasiyadan çıxmasını tələb edən kütlənin binaya daxil olmasından sonra baş verib.
Qarşıdurma zamanı onlarla Maydan tərəfdarı yaralanıb. Onları ərazidən hüquq-mühafizə orqanları əməkdaşlarının köməyi çıxarmaq mümkün olub.
* * * 17:02
Ukraynada Krımdan başlayan Rusiya işğalı eyni ssenari ilə ölkənin şərqində – Xarkov və Donetskdə də təkrarlanır.
Virtualaz.org saytının xəbərinə görə, Ukrayna mənbələri bu dəqiqələrdə Donetsdkə Rusiya bayraqlarının qaldırıldığını xəbər verib.
Donetsk şəhər administrasiyasının binası üzərindən Ukrayna bayrağı cırılaraq götürülüb və yerində Rusiya bayrağı qaldırılıb. Milisin də binanı tutub üzərinə Rusiya bayrağı asan “xalqın” tərəfinə keçdiyi bildirilir.
Xəbər verilir ki, şəhər administrasiyası qarşısındakı Lenin adına meydanda mitinq keçirən çoxminli Rusiya tərəfdarları özünü “Donbass xalq özünümüdafiə dəstələri”nin komandiri kimi təqdim edən Pavel Qubarevi Donetskin “xalq qubernatoru” seçiblər. O, mitinqçilər qarşısında Donetskin Rusiyaya birləşdirilməsinə çağırıraq deyib ki, regionun sakinləri Kiyevdəki yeni hakimyyətin tərəfinə keçərək “xalqı satan” qubernator Andrey Şişatskiyə tabe olmamalıdır.
“Xalq tərəfindən seçilmiş qubernator” Donetskin güc strukturlarını da Kiyevə tabe olmamağa çağırıb. Mitinqçilər onun çıxışını “Molodtsı!”, “Rossiya” şüarları ilə alqışlayıblar.
Bundan əlavə, mitinqçilər “Referendum!”, “Benderlər rədd olsun!”, “Donetsk rus şəhəridir” şüarları da səsləndirir.
Yerli milis idarəsinin rəisi Roman Romanov da tribunaya çıxaraq Donetsk milisinin Kiyevdən verilən əmrlərə tabe olmayacağını və “xalqın tərəfinə keçdiyini” bildirib.
Eyni ssenari Xarkovda da təkrarlanıb. Rusiya tərəfdarları şəhər administrasiyasının binasına hücum edərək ələ keçirib. Binanın içərisində partlayışlar eşidilir. Administrasiya binasında bundan əvvəl avromaydan fəallarının barrikada qurduğu bildirilirdi. Xarkov şəhər administrasiyasının binası qarşısında əllərində Rusiya bayraqları tutmuş bir neçə min adam var.
Həmçinin mitinqçilər əllərində SSRİ bayraqları da tutublar. Administrasiya binasına hücum bütün giriş qapılarından davam etməkdədir, binanın pəncərələri sındırılır. Milis binaya hücum edənlərə müdaxilə etmir.
* * * 16:36
Ukraynanın Krım muxtar bölgəsini işğal edən Rusiya desantının Türkiyədən keçdiyi üzə çıxıb.
Virtualaz.org saytı blackseanews.net saytına istinadən xəbər verir ki, fevralın 26-da Rusiyanın Baltik donanmasının iki döyüş gəmisi minlərlə desantçını Türkiyənin Bosfor boğazından keçirərək Qara dənizə daxil edib.
Rusiya hərbi gəmilərinin Bosfor boğazından keçdiyini əks etdirən videogörüntülərin də olduğu bildirilir. “Kalininqrad” və “Minsk” adlı desant gəmilərinin bir-birindən 20 dəqiqə fasilə ilə boğazdan keçdiyi xəbər verilir.
Mənbə xəbər verir ki, Krıma desant həm də Qara dəniz donanmasının gəmiləri və hərbi-nəqliyyat təyyarələri ilə daşınıb. Fevralın 25-də Soçidən Krıma doğru istiqamət alan Rusiya hərbi gəmilərinin bir neçə min dəniz piyadasını və desant qüvvələrini Qara dəniz donanmasının bazasına çatdrıdığı bildirilir.
Habelə fevralın 28-də axşam Rusiyanın “İl-76” hərbi nəqliyyat təyyarələri Krıma desant daşımağa başlayıb.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, Krımda azı 6 min Rusiya desantı var. Lakin digər mənbələrə görə, bu rəqəm 11 mindən çoxdur.
* * * 12:55
Ukraynaya on minlərlə Rusiya desantı yeridildi; Dövlət Departamenti isə hələ hərbi müdaxilə barədə xəbərləri yoxlayır
Rusiya Krıma on minlərlə desant, çoxlu sayda zirehli texnika və xüsusi təyinatlılar yeridib və bu gün səhər Ukrayna ərazisinin bir hissəsinin işğal olunduğunu rəsmən elan edib.
Virtualaz.org saytı Rusiya qaynaqlarına istinadən xəbər verir ki, bütün strateji obyektlərinin Baş Kəşfiyyat İdarəsinin (QRU) xüsusi təyinatlılarının nəzarətinə keçməsinin və yarımadaya minlərlə desantın yeridilməsinin ardınca Krımın rus xüsusi təyinatlılarının diqtəsi altında seçilmiş yeni hökumət rəhbəri Moskvadan kömək istəyib.
Krım Muxtar Respublikası Nazirlər Şurasının QRU xüsusi təyinatlılarının yerli hökuməti və parlament binasını tutmasından sonra “seçilmiş” yeni sədri Sergey Aksyonov Rusiya prezidenti Vladimir Putinə “Krımda sülh və sakitliyin bərpası” üçün kömək xahişi ilə müraciət edib.
Habelə V.Aksyonov Krımın bütün təhlükəsizlik orqanlarının rəhbərlərinə Kiyevin əmrlərinə tabe olmamağı və ancaq onun əmrlərini yerinə yetirməyi tapşırıb.
Bu müraciətin yayılmasından çox keçmədən ildırım sürətilə Kremldən cavab verilib. Eyni vaxtda üç Rusiya informasiya agentliyi Kreml administrasiyasındakı anonim mənbənin bəyanatını yayıb. Bəyanatda deyilir ki, Rusiya Krım hökumət rəhbərinin prezident Putinə müraciətinə reaksiya verib və bu xahişi diqqətdən kənarda qoya bilməz. Lakin mənbə Krıma köməyin nədən ibarət olacağı haqda danışmayıb.
ABŞ Rusiyanın Krımı tutmasından hələ də “xəbərsizdir”
Krımda bütün strateji obyektlərin, hava məkanının, rabitənin, KİV-lərin və hökumət binalarının Rusiya xüsusi təyinatlılarının nəzarəti altında olduğunu, on minlərlə rus desantının yarımadaya yeridildiyi və Rusiya zirehli texnikasının Sevastopol, Simferopol küçələrində şütüdüyü bir vaxtda ABŞ Dövlət Departamenti qəribə açıqlama verib. Dövlət Departamentinin rəsmisi Ceyns Psaki bildirib ki, ABŞ hələlik Rusiyanın Krıma hərbi müdaxiləsinə dair xəbərləri təsdiqləmir və bu xəbərləri “müstəqil mənbələrdən” dəqiqləşdirməyə çalışır.
“Bizdə müstəqil mənbələrdən təsdiqlənmiş informasiya yoxdur və mən sizinlə bölüşmək üçün belə informasiyalara malik deyiləm” – Psaki bildirib.
Dövlət Departamentinin rəsmisi Vaşinqtonun Ukraynadakı situasiyanı “diqqətlə izlədiyini” də deyib.
Bu gün səhər isə Ağ Ev prezident Barak Obamanın Rusiyanı Ukraynaya hərbi müdaxilədən çəkinməyə çağıran bəyanatını yaymışdı. Bəyanatda deyilirdi ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin “öz qiyməti olacaq”.
Dövlət Dumasının desantı da Krımdadır
Krımın hava məkanı rus xüsusi təyinatlıları tərəfindən tam bağlansa da bu gün səhər Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan bir qrup deputatını aparan təyyarə Simferopoldan Moskvaya uçub.
Nümayəndə heyətinə partiyanın lideri Vladimir Jirinovski başçılıq edir. Bundan əvvəl rusiyalı deputatlar Simferopoldan Moskvaya uça bilmədiklərini bildirmişdilər.
Ukraynanın milli rabitə operatoru “Ukrtelekom” elan edib ki, Krımla bütün növ rabitə kəsilib. Buna səbəb Rusiya hərbçilərinin yerli telekommunikasiya şəbəkəsini ələ keçirməsidir. Volokon-optik kabellərin kəsilməsi nəticəsində Krımla Ukraynanın qalan hissəsi arasında mobil rabitə, stasionar telefon əlaqəsi və internet kəsilib.
QRU xüsusi təyinatlıları Krımın yerli dövlət teleradio şirkətini də tutublar. Ardınca Krımın digər telekanalları və KİV-ləri də xüsusi təyinatlıların nəzarətinə keçib.
Krımdakı Rusiya hərbi bazasının nəzarətində olan “Qvardeyski” hərbi aerodromuna fevralın 28-də axşam saatlarından başlayaraq intensiv şəkildə “İl-76” Rusiya hərbi nəqliyyat təyyarələri enir. Təyyarələr desant və onlara aid zirehli texnika daşıyır. Hər təyyarədə təxminən 150 desantçı olduğu bildirilir. Aeroportu Rusiya dənzi piyadaları, desantçıları və xüsusi təyinatlıları əhatəyə alıb.
Dünən axşam saatlarında BMT Təhlükəsizlik Şurası toplanıb və Rusiyanın “hərbi müdaxilə cəhdlərindən” narahatlıq ifadə edən bəyanat qəbul edilib. Ukraynanın müvəqqəti lideri Aleksandr Turçinov isə baş verənləri Rusiyanın Krımı ilhaq etməsi adlandırıb.
Bu gün səhər Rusiyanın Qara dəniz donanmasının “Nikolay Filçenkov” desant gəmisinin Sevastopola daha 700 xüsusi təyinatlı çatdırdığı xəbər verilir. Xəbərlərə görə, son bir neçə gündə Rusiya Krıma azı 6 min hərbçi yeridib.
vitualaz.org