Ailəsi isə Ukraynanı tərk edib
Ukrayna prezidenti Viktor Yanukoviç 2014-cü ildə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsinə razı olduğunu deyib. Musavat.com-un məlumatına görə, bu barədə Reuters Polşanın baş naziri Donald Tuska istinadən xəbər yayıb.
Tuskun sözlərinə görə, Yanukoviç Avropa Birliyinin təmsilçiləri ilə görüşdə buna hazır olduğunu söyləyib. Baş nazir hazırda Ukraynada olan Almaniya, Fransa və Polşa xarici işlər nazirlərinin ölkədə qan tökülməsinin qarşısını almaq üçün əllərindən gələni etdiklərini də bildirib.
Bu arada Ukraynada radikal müxalifətlə hökumət qüvvələri arasında davam edən toqquşmalar ərəfəsində prezident Viktor Yanukoviçin ailəsinin ölkəni tərk etdiyi xəbəri də yayılıb
Bu barədə deputat Oleq Lyaşko Facebook hesabında yazıb: “İndicə mənim Donetsk prokurorluğundakı mənbələrim məlumat verdilər ki, Donetsk aeroportundan Yanukoviçin böyük və kiçik oğullarının ailəsi olan iki təyyarə uçdu. “Borispol” aeroportunun VİP terminalında “Regionlar Partiyası”nın deputatları Saldo və Povaliy var. Xalqın qəzəbindən qaçırlar. Qoy, o zaman heç qayıtmasınlar”.