ABŞ administrasiyası Ukrayna prezidenti Viktor Yanukoviçdən təhlükəsizlik qüvvələrini dərhal Kiyevin mərkəzindən çıxarmağı və müxalifətə dinc aksiyasını davam etdirməyə imkan yaratmağını tələb edib. Bu haqda jurnalistlərə Ağ Evdə brifinq keçirən ABŞ prezidentinin mətbuat katibi Cey Karni bildirib.
C.Karni bildirib ki, Ağ Ev Ukraynadakı qarşıdurmanın bir an öncə dinc məcraya yönəldilməsini vacib sayır: “Rəsmi Vaşinqton Ukrayna Silahlı Qüvvələrini hakimiyyət-müxalifət qarşıdurmasına qarışmamağa çağırır. Ağ Ev düşünür ki, problemi dinc yolla həll etmək imkanları hələ tükənməyib. Güc işlətməklə böhrandan çıxmaq mümkün olmayacaq. Güc işlədilməsin dərhal dayandırmaq, Ukrayna xalqının etirazlarına səbəb olan problemləri aradan qaldırmaq üçün qəti addımlar atmaq gərəkdir”.
Cey Karninin sözlərinə görə, rəsmi Vaşinqton Avropadakı tərəfdaşları ilə Kiyevdə qan tökülməsi üçün məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasına, Ukraynanın bütövlüyünə və müstəqilliyinə yardım etməyə çalışır.
Ukrayna Ali Radası isə növbədənkənar iclasında antiterror əməliyyatının keçirilməsini qadağan edən qərar qəbul edilib. Musavat.com-un “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, qərarın lehinə 136 deputat səs verib.
Qərar atəşin kəsilməsini, ordu və Daxili Qoşun hissələrinin daimi dislokasiya yerinə qaytarılmasını nəzərdə tutur.