Və Məkkədə cəmi 13 saniyəyə səs verən zəvvar…
Siyavuş Novruzovun timsalında odioz yaptokratların və stajlı seçki saxtakarlarının hamısının arzusu gözündə qaldı – professor Cəmil Həsənli Avropa səfərini başa vuran kimi ölkəyə qayıtdı. Novruzovun nəzərinə çatdırırıq ki, qayıdan həqiqətən 9 oktyabr seçkilərinin faktiki qalibi Cəmil müəllimdir, onun oxşarı yox! Cəmil Həsənli Bakı hava limanında sorğu-suala belə tutulmadan Vətənə ayaq basıb. Buna şəxsən o, müvafiq ünvana təşrif buyurmaqla asanca əminlik hasil edə bilər.
Amma deyirdi guya Milli Şuranın namizədi Azərbaycana geri dönməyəcək, nə bilim köhnə qitəyə sığınacaq almağa gedib və s. bu kimi ənənəvi sərsəmləmələr. Doğrudur, çörəyi ağzına yeyənlər Balıq Hafizin prototipinə çevrilmiş gülməli və ağlamalı Novruzovun bu proqnozunu da vecə almamışdı. Həm də o səbəbə ki, Cəmil Həsənlini də elektorat yaxşı tanıyır.
Amma kimə deyirsən, adam indi də arsızcasına bəyan edir ki, bəs, Cəmil Həsənli Azərbaycanı qarışdırmağa qayıdıb. Allahu-əkbər. Cəmil müəllimin təbirincə desək, “tramvay altda qalan üç”lə professor olmuş Novruzovun indi hansı intellekt yiyəsi olduğuna yenə kiminsə şübhəsi qaldımı?
Heyrətamizdir. Bunlar illərdir böyük yalanlar üyüdüb sonra da üstündən sərin su içirlər. Püskürdükləri yalanı, nağılı dərhal unudub yenisini uydurmağa necə vərdiş ediblərsə, bunu həyat tərzinə, kredoya çeviriblər. Özləri yalanı unudur, elə bilirlər, hamı unutqandır. Aldıqları nəfəs belə az qala saxtadır, yalandan gedib-gəlir.
A kişi, sən cavab ver görək, verdiyin növbəti əcaib proqnoz nə oldu, növbəti dəfə niyə düz çıxmadı? ATƏT missiyasını asıb kəsirsiniz, bir “seçki uzmanı” kimi cavab ver görək ki, necə oldu Məkkədə 3000 zəvvarın hərəsi cəmi 13 saniyə ərzində səs verib qurtardı? Ona görə ki, onların pasportları öncədən Şeyx tərəfindən yığılmış və qarşılarına şərt qoyulmuşdu? Axı 13 saniyəyə yalnız öncədən sənin yerinə işarələnmiş bülleteni alıb və büküb qutuya salmaq olar!
Cavab ver görək Bərdə müsavatçısı Çoban Həziyevin əsgər övladı Mehdi Həziyev Qazaxdakı hərbi hissədə Cəmil Həsənlinin adının qabağında işarə qoymaq istərkən niyə iqtidar namizədinə səs verməyə məcbur edilib? Necə olub bır sıra məntəqələrdə hətta qadınlar alt paltarlarında qabaqcadan işarələnmiş topa bülletenlər keçirib qutuya atıblar? Ümumiyyətlə, nə üçün ötən seçkilərdəki kimi, gözdən pərdə asmaq naminə heç olmasa 1-2 məntəqənin nəticələri ləğv olunmadı, Konstitusiya Məhkəməsi formal da olsa müxalifətin şikayətlərini dinləmədi və ildırım sürəti ilə MSK-nın rəqəmlərini təsdiqlədi, eyni sürətlə də hətta Qərb, Türkiyə səfirləri belə dəvət edilmədən andiçmə mərasimi keçirildi?
Cavablar varmı, yoxsa yenə qalaktikadan, aydan-ulduzdan danışacaqsan? Yoxdu təbii ki. Ola bilməz. Nədən ki, Məkkədə, silahlı qüvvələrdə, türmələrdə, türmənin bir forması olan Naxçıvanda seçkilərin qapalı şəraitdə, müstəqil müşahidəçilər olmadan hansı total saxtakarlıqlarla keçdiyini ömründə orda olmayanlar da bilir.
Hələ ATƏT DTİHB-nin seçkilərlə bağlı ilkin tənqidi hesabatında bu kimi saxtakarlıqlar yox, ən əvvəl beynəlxalq müşahidəçilərin əlinin çatdığı səsvermə məntəqələrindən bəhs edilir. Yəni onların verdikləri tənqidi qiymət əslində çox yumşaqdır və reallığı tam əks etdirmir. Reallıq isə…
O ki qaldı, Siyavuş Novruzova ünvanladığmız suallara, qoy YAP-ın intellektualı ürəyini çox sıxmasın, onlar bütövlükdə hakim partiyaya yönəlib və indi olmasa da vaxt gələcək mütləq cavablandırılacaq. Tarix saxtakarlığı sevmir – o səbəbə.