Şeyxin Məkkədə beynəlxalq və yerli müşahidəçilərsiz-filansız təşkil elədiyi səsvermənin şok nəticələri haqda yəqin ki, hamı artıq məlumatlıdır. Lap Naxçıvandakı nəticələrə oxşayır. İnanmayanlar müqayisə edə bilər. Yalnız kiçicik fərq var.
O da odur ki, YAP-ın dini komitəsinin, pardon, QMİ-nin sədri Allahşükür Paşazadə Məkkədə Cəmil Həsənliyə nisbətən insaflı faiz yazdırıb – 2.5. Yəni guya 3600 zəvvardan cəmi 95-i Milli Şura namizədinə səs verib. 2899 nəfər isə YAP namizədini dəstəkləyib.
Naxçıvanda isə mərhəmətli Vasif Talıbov professora vur-tut 0.1 faiz yazdırmışdı. Sonuncu rəqəm türmələrdəki səsvermənin nəticəsinə necə də bənzəyir. Anlaşılandır, Naxçıvanın özü də həbsxana kimi qapalı məkan deyilmi? Amma yenə sağ olsun “Naxçıvan xanı”, Cəmil müəllimin adının qabağında üç sıfır – 0.00 qoymayıb. Demokrat adamdır, ona görə ki, “kiçik torpaq”da 1-2 müxalif fikirli insanın olduğunu, hər halda, etiraf edib. O, ayrı məsələ ki, Xan radikal seçicilərin kimliyini dəqiqləşdirib, onları sulfat turşusuna atacaq, ya yox. Bir az gözləyək. Ona kimi isə Məkkə seçkilərinin incəliklərini xırdalamağa zərurət var.
Rəsmi məlumata görə, zəvvarlarımız 17 saylı Yasamal 3-cü seçki dairəsinin 46-cı (Məkkə) məntəqəsində səs veriblər. Bəh-bəh. Məntəqənizə də, məntiqinizə də quzu kəsək bu bayram günündə. Amma önəmlisi bu deyil, 3600 zəvvardan 2899-nun Azərbaycanda talançılığın, haramın, rüşvət-korrupsiyanın qalmasına səs verməsidir! Belədisə, o adamlar özlərinə əziyyət verib Həccə niyə yollanırdılar və müqəddəs yerdə nədən tövbə edəcək(miş)lər?
Bəlkə bu 2899 nəfər imkanlı YAP-çılar, “ana vətənçi”, “sosdemçi”, BAXCP-çilərdir və ya QMİ sədrinin güzəşti hesabına ora yollananlardır? Axı bəllidir ki, həqiqi möminlərimizin mütləq əksəriyyəti öz halal qazancı ilə bahalı Həcc ziyarətinə getmək imkanında deyillər. Bəlkə həmin adamlar, sadəcə, Məkkəyə gəzməyə, alış-verişə gediblər?! O zaman bəs bu dünyanın fanilik rəmzi olan ehrama (kəfənı) niyə bürünüblər? Kəbədən – Allah evindən heçmi usanmadılar? Müxtəsəri, o nə pəhriz, bu nə turşu?
Hələ harasıdır, zəvvarların 5-i “əxlaq mücəssəməsi” Hafiz Hacıyevi Azərbaycanın prezidenti görmək istəyib! Din, iman, əxlaq və Balıq Hafiz. Batil inancın buynuzu olmur ki… Hər şey qırağa, bəs nə əcəb Şeyx həzrətləri 95 radikal zəvvarı vaxtında müəyyən edib zərərsizləşdirə bilməyib. Ki, faizlər Naxçıvanla eyni olsun? Kimdir o, 95-lər, gerçək və cəsur möminlər ki, haqqın namizədinə səs verib?
Təklif edirik, onların pasportları dərhal əlindən alınsın. Ki, YAP sayəsində haqq-ədalətin tüğyan elədiyi, QMİ sədri sayəsində din-imanın fontan vurduğu müqəddəs Azərbaycana bir daha ayaq basa bilməsinlər. Elə Məkkədə çürüyüb ölsünlər…
“Mən çox seçkiləri müşahidə eləmişəm. Budəfəki saxtakarlığın həddi-hüdudu yox idi. Sözün əsl mənasında Allahdan qorxmayan insanları gördüm bu seçkilərdə. Məsələ Həccə, Kərbəlaya getməklə deyil, insanın özündə Allaha iman olmalıdır” – Milli Şuranın üzvü, gerçək iman adamı, nardaranlı Məşədi Natiq Kərimovun 9 oktyabr tamaşası haqda dediyi sözlərdir.
Eh, Məşədi, nəyi qoyub nə axtarırsınız. Mömin Nardaranda belə allahsızlıqlara heyrətlənirsiniz, amma bu əməli müqəddəs məkanda edib də üstündən zəm-zəm suyu içən “dindarlar”dan danışın. 5-6 gündən sonra onlar qayıdıb şəstə “mən də hacı oldum!” deyəcəklər.
Ola bildinmi? Əminsənmi? Heç bilirsənmi fələk də sayır? Yatmısan, qafil. Bir övliyanın dediyi kimi, yalnız öləndə oyanacaqsan!..
***
Rəvayətə görə, həcc ziyarəti zamanı peyğəmbərin (s) səhabələrindən biri Kəbə yaxınlığında zəvvar kütləsini göstərib ondan soruşur: “Ya peyğəmbər, bu adamların neçəsinin həcci qəbul olunacaq?” Allahın sonuncu Rəsulu buyurur ki, “iynənin dəliyindən görünən sayda”.
P.S. Bütün hallarda bu qurd ürəyi yemiş, “iynə dəliyi”ndən görünən 95 zəvvarımızı hacı olması münasibətilə təbrik edirik. Həmişə haqqın yanında! İnanmaq istərdik ki, onlar 95 deyil, gerçəkdə lap çox olublar.