Medianews.az
Qafqazda dini müstəvidə savaş: Azərbaycan nə itirdi?
232 baxış

Qafqazda dini müstəvidə savaş: Azərbaycan nə itirdi?

Qafqaz bölgəsi 1990-cı ildə Sovet İttifaqının süqutundan sonra Şimali və Cənubi olmaqla iki hissəyə bölündü. Şimali Qafqaz muxtar statusla sovetlərin xələfi Rusiyanın təsirinə, Cənubi Qafqaz isə 3 müstəqil dövlətin-Azərbaycan, Gürcüstan və Ermənistanın sərhədləri daxilinə keçdi. Lakin bölgədə yeni formasiyaların ortaya çıxması mürəkkəb geosiyasi vəziyyəti heç də sakitləşdirmədi. Əslində bu gün bölgə 20 il öncəki mürəkkəb vəziyyəti ilə seçilir, hətta bir qədər irəliyə də gedib. Bölgənin iqtisadi və siyasi mənzərəsində bir sıra faktorlar aparılan savaşların miqyasında fərqli mənzərələrlə müşahidə olunur. Belə ki, enerji və tranzit faktoru iqtisadi, etnik münaqişələr, müstəqillik uğrunda savaşlar və digərləri siyasi müstəvidə ortaya çıxır. Burda çoxlarının unutduğu və ya üzərindən sakitcə keçdiyi bir amil də var: bu, daha çox kölgədə qalan, içdən, bir qədər də gizli formada baş verən dini faktordur. Bir neçə gün öncə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstandakı səlahiyyətlərinə rəsmən xitam verilməsi bölgədə din faktoruna və bunun kəsb etdiyi rola yenidən baxmağa vadar edir. 

Qafqazda din faktoru uğrunda gizli savaş

Qafqaz iki dinin və bu dinlərin müxtəlif qollarının təşəkkül tapdığı məkandır. Belə ki, 3 müstəqil dövlətdən birində-Azərbaycanda İslam, digər ikisində-Gürcüstan və Ermənistandan xristianlıq, Şimali Qafqazda isə İslam dininin ardıcılları üstünülk təşkil edir. Lakin Gürcüstan xristianlığında provaslavlıq aparıcı qol olsa da, katoliklər də az deyil. 2003-cü ildən sonrakı dövrdə katloliklərin bu ölkəyə daha geniş ayaq açdığı müşahidə olunur.  Ermənistan isə Qriqorianlığı ilə ümumiyyətlə fundamental xristianlıqdan bir qədər uzaq düşüb. Dini rəngarəngliyi ilə seçilən mənzərədə dini təsir uğrunda savaş digər müstəvilərdə aparılan mübarizədən heç də geridə qalmır. Sadəcə olaraq bu savaş bir qədər sakit və daxildən irəliləməsi ilə seçilir. 

Sovetlərin dəftəri bağlandıqdan sonra Qafqazda din üzərində təsir imkanlarını saxlamaq üçün Rusiya və yenicə müstəqilliyini əldə etmiş dövlətlər müxtəlif yollara əl atdılar. Güclü təsir qüvvəsinə malik Rusiya iki dinin-İslam və xristianlığın mövcud olduğu bölgədə daha çox İslam faktorundan ehtiyatlanır. Çünki xristianlığın provaslav icması Gürcüstanda kifayət qədər geniş təsirlərə malikdir ki, bu da rus cəmiyyəti ilə eynilik təşkil edir. Ermənistan isə Qriqorianlığı ilə idarəolunan səviyyədə saxlanılıb. İslam faktorunu diqqətdə saxlamaq Moskva üçün həm də ona görə vacibdir ki, etnik mənzərəsi isə müxtəliflik kəsb edən Şimali Qafqazda bu din hakimdir. Qafqazın Şimalındakı hakim din üzərində təsir gücü saxlamaq üçün Kreml “Rusiya Müsəlmanları Birliyi”, “Rusiya Müftilər Şurası”, “Rusiya Müsəlmanları Ali Ruhani İdarəsi” strukturlarını yaratdı. Bu strukturların hər birinin baş idarəsi də Moskvada yerləşirdi. Bunun ardınca yaradılan “Şimali Qafqaz Müftilər Şurası”nda konfederativ əsaslarla fəaliyyət göstərən strukturlar formalaşdı. 

Azərbaycanın irəli sürdüyü model isə müsəlmanları birləşdirən Qafqaz Müsəlmanları İdarəsi oldu. Belə ki, XIX əsrdən başlayaraq tədricən qurulan bu struktur 1944-cü ildə SSRİ zamanında Zaqafqaziya Müsəlmanları Ali Ruhani İdarəsi olaraq bütünləşdi. SSRİ dağıldıqdan sonra  isə Azərbaycan 1991-ci ildə qurumun adını dəyişdirərək Qafqaz Müsəlmanları İdarəsi qoydu. Bu gediş geosiyasi addım olaraq olduqca ağıllı idi. Burda əsas hədəflər bölgədəki müsəlmanları birləşdirmək və bu konteksdə olan gücün Azərbaycanda saxlanması idi. Çünki din faktoru həm də sosial inteqrasiya deməkdir. Yəni insanlar bu faktor ətrafında digər amillərə nisbətən daha sıx formada birləşə bilirlər. Bu mövcudluq isə özlüyündə böyük bir güc formalaşdırır. 

QMİ bu müddətdə qarşıya qoyulan hədəfləri qorumağa çalışırdı və Cənubi Qafqazın, o cümlədən, Şimali Qafqazda Dağıstan, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz, Kabarda-Balkar, Adıgey və Şimali Osetiya-Alaniyanın müsəlman əhalisini öz təsir dairəsində saxlayırdı. Bunun dini tərəfləri olduğu kimi, siyasi tərəfləri də var ki, belə bir səlahiyyət Azərbaycana bölgədəki dini kəsimi təsir dairəsində saxlaması və bu gücə malik olması anlamına gəlir. Bu baxımdan QMİ-nin Gürcüstanda səlahiyyətini itirməsi üstündən sakitcə keçiləsi məsələ deyil. Burda söhbət 900 min müsəlmandan gedir. Bu rəqəmin 500 mini azərbaycanlı, yerdə qalanı isə kistin-çeçen, acar, avar, didoy, osetin, gürcü və Axısqa türkləridir. QMİ-nin Gürcüstan itkisində iki səbəb görünür. Birincisi prosesin uzun müddətdir hazırlanması və kənar müdaxilənin edilməsi, ikincisi isə QMİ-nin bunu görə bilməməsi və hardasa atdığı səhv addımlardır. 

10 ildir başlanan proses: Rus kilsəsi, “Erməni Apostol Kilsəsi”, növbə QMİ-yə də çatacaqdı

Gürcüstanda dinin gürcü dövlətinin monopoliyası altına alınması prosesinin 2003-cü ilin “qızılgül inqilabı”ndan sonra başladı desək yanılmarıq. Çünki buna qədər, islam faktorunu bir kənara qoysaq, Rusiya və Ermənistanın xristianlıqdan yetərincə yararlandığını görmək olar. Həmin dövrdən başlayaraq Gürcüstan Rusiyanın bütün təsirlərini öz üzərində azaltmaq siyasətini seçdi, o cümlədən “Rus və Moskva Pravoslov Kilsəsi Patriarxlığı”nın gürcü cəmiyyətindəki rolunu azaltmağa başladı. Burda Tiflisdən bütün Gürcüstan üzrə fəaliyyətini quran “Erməni Apostol Kilsəsi”nin də təsir dairəsi geniş idi. Məhz buna görə, Gürcüstan-Ermənistan, Gürcüstan-Rusiya münasibətlərində dini şəbəkələrin idarəolunması uğrundan mübarizə gedirdi. Rəsmi Tiflis bunun hüquqi tərəfinə istinad edərək hər iki tərəfi Gürcüstandan müəyyən qədər sıxışdırmağa nail oldu və gürcü partiarxlığının hegomonluğunu təmin etdi. Amma Abxaziya və Cənubi Osetiya üzərində “Rus və Moskva Pravoslov Kilsəsi Patriarxlığı”nın təsiri qalmaqdadır. Əslində lap əvvəldən Gürcüstan ərazisinin bu bölgələrində Rus kilsəsinin təsiri digərləri ilə müqayisədə daha çox idi. 2008-ci ilin dörd günlük müharibəsində bu bölgələrin Rusiya tərəfindən işğal edilməsində, həmçinin yerli əhalinin əksər hissəsinin Rusiyadan yana olmasında da məhz rus kiləsinin rolu, yəni dini faktorun gücü danılmazdır. 

Son 10 ildir başlanan bu prosesdə rus kiləsinin, Erməni Apostol kiləsinin üzləşdiyi problem QMİ-ni də gözləyirdi. Ağrılı keçən bu prosesdə-gürcü dövlətinin sərhədləri daxilində hegomonluğunu qurması prosesində QMİ özünü kənarda saxlamağı bacarmışdı. Amma əvvəldən baş verənlər bir gün bu məsələ ilə QMİ-nin də qarşılaşacağınına dair kifayət qədər ehtimallar yaradırdı. 

Belə bir problem 2011-ci ildə QMİ-yə alternativ olaraq Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) adlı qurum yaradılmaqla ortaya çıxdı. Əslində bu qurumun yaradılması prosesi 2009-cu ildən başlamışdı. Lakin Azərbaycan tərəfinin ciddi etirazı və qarşılıqlı görüşlər bir qədər vaxt qazanmaqdan başqa heç nəyə yaramdı. Nəticə etibarilə QMİ öz səlahiyyətlərini Gürcüstanda itirdi. Burda ikinci səbəb- QMİ-nin buraxdığı səhvlər ortaya çıxır. Sonda isə heç nə olmamış kimi sakitcə bəyanat yayaraq, “Gürcüstan artıq rəsmi olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyət dairəsindən çıxarılıb” sözləri ilə məsələyə açıqlama gətirdi. 

Azərbaycan nələri itirdi?

QMİ-nin sakit formada yanaşdığı bu məsələdə ən çox itirən tərəf Azərbaycan oldu. Hər şeydən qabaq nəzərə alınmalıdır ki, dini təsirin itirilməsi Azərbaycanın Gürcüstana kapital yatırımları etdiyi bir dövrdə, yəni iqtisadi faktorunu gücləndirdiyi bir dövrdə baş verdi. Bununla Azərbaycan bir tərəfdən qazandığı halda, digər tərəfdən böyük bir itkiyə məruz qaldı. Bu itkinin böyüklüyü həm də ona görədir ki, yuxarıda da qeyd etdiyimiz kimi, dini təsir gücü bir çox məsələlərdə aparıcı rol oynayır. Abxaziya və Cənubi Osetiya xalqının Rus kilsəsinin təsiri altında Moskvaya yaxın olmasını nümunəsi tək deyil. Misal üçün Ukraynada Rusiya yönümlü Yunakoviçin hakimiyyətə gəlməsində də Rus kilsəsinin təsiri güclü olub. Dini təsirin qorunması üçün atılan addımlara ən bariz nümunə kimi, Azərbaycanda çox az sayda olan katoliklərə Vatikandan dəstək göstərilməsi, onların kilsələrinin inşa edilməsinə birbaşa papa səviyyəsində qatılmaların olmasını göstərmək olar. 

 

Bu baxımdan, Azərbaycanın regional liderlik statusuna iddialı olduğu bir vaxtda dini təsirin itirilməsi QMİ-nin fəaliyyətində bağışlanan hal deyil. Çünki...

Azərbaycan Gürcüstanda təsir dairəsini genişləndirdiyi bir məqamda dini təsirin itirilməsi geriyə doğru addımdır. Bununla regional liderlik məsələsində bu öz mənfi təsirlərini göstərəcək. Bu həm də, Gürcüastandakı müsəlmanların başqa təsir dairəsinə düşməsini də sürətləndirəcək

Bizə qoşulun