Medianews.az
Rüstəm İbrahimbəyov Milli Şura üzvlərinə məktub göndərdi
122 baxış

Rüstəm İbrahimbəyov Milli Şura üzvlərinə məktub göndərdi

Demokratik Qüvvələrin Milli Şurasının İcra Aparatının rəhbəri təyin edilən Eldar Namazov şuranın sədri Rüstəm İbrahimbəyovun bu təyinatla bağlı qurumun üzvlərinə ünvanladığı məktubun mətnini açıqlayıb.

Rüstəm İbrahimbəyov hazırda ABŞ-dadır. “Media forum” saytının məlumatına görə, onun bu ölkədən Milli Şura üzvlərinə ünvanladığı məktubda deyilir: “Heç bir şübhəm yoxdur ki, siyasi partiya və hərəkatların, ziyalıların, gənclərin, aparıcı ictimai təşkilatlarının səylərinin birləşdirilməsi ölkəmizdə avtoritarizmdən demokratiyaya dönməz keçidi təmin edəcək. Mənə göstərilən yüksək etimada - Milli Şuranın sədri seçilməyimə görə sizə təşəkkür edirəm. Bizim planlarımızı reallaşdırmaq və Azərbaycan xalqının istəklərini həyata keçirmək üçün bütün səy və imkanlarımı əsirgəməyəcəm.

Azərbaycan cəmiyyətində geniş əks-səda doğurmuş Milli Şuranın təsis yığıncağından dərhal sonra bu qurumun əsas işçi orqanlarını formalaşdırmaq, doğru-dürüst və ədalətli seçkilərin keçirilməsi, demokratiya prinsiplərinin bərqərar edilməsi, vətəndaşların əsas hüquq və azadlıqlarının qorunması sahəsində demokratik qüvvələrin və bütün Azərbaycan cəmiyyətinin səfərbər olunması üçün təxirəsalınmaz praktik fəaliyyətə başlamaq çox vacibdir. Bunu nəzərə alaraq, ölkədə müvəqqəti olmamağımla bağlı Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının əsasnaməsinin 3.6 və 3.7-ci maddələrinə əsasən, şuranın İcra Aparatının yaradılması və Eldar Namazovun ona rəhbər təyin olunması haqqında qərarı qəbul edərək göstərilən tədbirlərin keçirilməsini ona həvalə edirəm.

Əminəm ki, son aylar ərzində Milli Şuranın təsisinə hazırlıq prosesində siyasi partiyaların liderləri ilə vətəndaş cəmiyyəti arasında nümayiş etdirilmiş uğurlu əməkdaşlıq və razılaşdırılmış qərarların birgə həyata keçirilməsi təcrübəsi şuranın işinin təşkili zamanı da səmərəli şəkildə davam edəcək".

Eldar Namazovun Milli Şuranın İcra Aparatının rəhbəri təyin edilməsi haqda sərəncam Rüstəm İbrahimbəyovun Milli Şuranın sədri kimi qəbul etdiyi ilk qərardır.

Bizə qoşulun