
Sərt bəyanat atışmaları prezidentlərin artıq şəxsi düşmənçiliyə keçdiyinə işarə verir
Yeni Azərbaycan Partiyasının 5-ci qurultayında prezident postuna namizədliyi rəsmən elan olunan İlham Əliyevin çıxışı proqram xarakterli oldu. Müstəqillik, onun məsuliyyətindən tutmuş, bir sıra yerli qüvvələrin anti milli fəaliyyətinədək çoxlu mövzulara toxunuldu. Amma prezidentin Serj Sarkisyanla bağlı söylədikləri də var ki, Qarabağ münaqişəsini artıq iki dövlət başçısı arasında şəxsi düşmənçiliyin səbəbi kimi anlamağa kömək edir.
…Bəlkə əsas müttəfiqi Rusiyanın Azərbaycanla münasibətlərinin soyuduğunu start işarəsi tək qəbul etdiyindən, bəlkə də tamam başqa bir səbəbdən Serj Sarkisyan son bir ayda Azərbaycana ünvanlanmış bəyanatlarının kəskin sərtləşdirib. Sarkisyan Azərbaycanın rəhbərlyini klassik diktatura prisiplərinə əsaslanaraq öz xalqına yalnız ermənidüşmən obrazı təqdim etməklə məşğul olan hakimiyyət adlandırır. Onun proqnozuna görə, Azərbaycanda ictimai-siyasi və iqtisadi mina qoyulub və onun partlayış, özü də tez bir zamanda və eyni vaxtda partlayış təhlükəsi var. Sarkisyana görə, Azərbaycan hakimiyyəti indiyədək topladığı pulları neft və qaz hasilatının xroniki aşağı düşməsi şəraitində düşmənlərinin belə planlaşdırmağı, ağlına gətirmədiyi bir şəkildə xərcləyir. Bu isə ona aparacaq ki, korrupsiya, diktatura Azərbaycanı yaxın üç-dörd ildə tam fiaskoya uğradacaq. Əlbəttə, ciyərləri rus qazına öyrəşmiş və tükəndikcə nəfəsi kəsilən, son bir ayda artıq “Rədd ol Rusiya!” çağırışları, şüarları adət halı almış, hərbi çağırış sahəsində böyük problemlər yaşayan və bunu heç gizlətməyən, hətta qızları belə orduya xidmətə çağıran Sarkisyan hökumətinin Azərbaycana bədbin aqibət proqnozlaşdırması səmimi görünmür. Xarici borcu bütün daxili məhsulun 70 faizini təşkil edən Ermənistan Azərbaycan barədə narahat olur. Qəribə deyil?! Sarkisyan sanki Azərbaycanı təxribata çəkir. Biz müxtəlif vaxtlarda Azərbaycan və Ermənistan rəhbərlərinin ən sərt polemikalarının şahidi olmuşuq. Amma bu bəyanatlar şəxsi müstəviyə heç vaxt bu qədər keçməyib.
Bütün bunlar nə zaman baş verir? Sarkisyan artıq növbəti möhlətə Ermənistan prezidenti seçilib. İlham Əliyev daha beş il Azərbaycana rəhbərlik etmək iddiasında və əzmindədir. Bu yaxınlarda isə məlüm oldu ki, bu iki rəhbərin görüşü tezliklə baş tutmayacaq. Hətta beynəlxalq vasitəçlərin bütün cəhdlərinə baxmayaraq.
Ola bilsin ki, Sarkisyanı qəzəbləndirən İlham Əliyevin böyük ehtimalla Azərbaycan prezidenti olacağıdır və o anlayır ki, İlham Əliyevlə yenə eyni şərtlər əsasında danışmağa məcburdur. Güzəşt söhbəti yenə də olmacyaq. Sərt bəyanat atışmaları isə prezidentlərin artıq şəxsi düşmənçiliyə keçdiyinə işarə verir. İlham Əliyevin sərt cavabı işğala məruz qalmış və öz ədaləti uğrunda mübarizə aparan bir dövlətin başçısı üçün təbiidir. Bəs Serj Sarkisyan bizi nəyə hazırlayır? Hətta 3-4 il sonra hər şeyin çökəcəyini vəd etməklə bizi Ermənistanın hansı addımlarına hazırlayır? Deyəsən, belə bir hadisə 2008-ci ilin avqusutunda Gürcüstanla da baş vermişdi… Rusiya proseslərə qatıldı və uddu!
Azərğaycan bölgənin ən güclü dövləti kimi öz məsuliyyəti barədə özünə hesabat verir. Ermənistanın bu qədər sərt və təhdidedici bəyanatlarından sonra sərrast diplomatik gediş: ağır qaz böhranı yaşayan Ermənistana heç bir şərt səsləndirmədən Azərğaycan qazı ilə yardım etmək. Necə deyərlər, yolum böyükdür, bağışlayıram.
anspress.com