
Aqşin Yenisey
Bütün günü kələm, yerkökü, çuğundur doğraya-doğraya türk seriallarına baxan Gülavaz xala gileylənir ki, bundan sonra hökumət adamları uşaqlara qoyulan adlara nəzarət edəcəklər. Arvadı inandıra bilmirik ki, bu ad məsələsi bütün dünyada həmişə aktual olub. Arvadda da günah yoxdu, onun aktual olduğu illərdə “aktual olub” ifadəsi səslənmirdi, başa düşmür. İzah edirik ki, “aktual olmaq” qeybət mövzusuna çevrilmək, sözgəzdirənlərin dilinə düşməkdir və söhbət qızışır. Deyirik, ay Gilavaz xala, qədim zamanlarda ulu və qoltuğuqopuzlu dədəmiz Dədə Qorqudun dövründə özünə kişi deyən kəs gərək adını özü qazanaydı. Elə kişilər də olurdu ki, ömürboyu ad qazana bilmədiyi üçün dünyadan adsız köçərdilər. Bu gün də dilimizdə deyilən “Ayə”, “Ə”, “Gədə” kimi xitablar o vaxtdan qalmadır.
Ad qazana bilməyən adamları o vaxt belə çağırırmışlar. Məsələn, dəvətnaməyə yazırmışlar: “Ayə, səni sabah oğlumun böyük və kiçik toyuna dəvət edirəm. İmza “Ə”. Yazıq Dədə Qorqud isə təxminən, elə bil, o dövrün notarius xidməti rolunu oynayırdı, yəni qazanılmış adları təsdiqləyirdi. Timsal, götürək gürcü aktyoru bizim Qazan xanı; gözü qızmış öküz cumur qıpqırmızı geyinmiş qırx incəbelli qız-gəlinin üstünə. Adı it dəftərində də olmayan bir oğlan özünü adaxlısına göstərməkdən ötrü hoppanır öküzün qabağına və başlayır öküzlə süpürləşməyə. Dədə Qorqud da “Qalatasaray” futbol komandasının baş məşqçisi Fateh Terim kimi əlini dünbülünün üstünə qoyub kənardan var-gəl edə-edə bu mənzərəni izləyir. Elə ki Qazan xan öküzün kürəyini yerə vurur, Qorqud Dədə stadiona daxil olub ona ad qoyur: Qazan! Özü də Dədə Qorqudun o dövrdə elə bir nüfuzu var idi ki, istəsəydi, Qazan xana “Çömçə”, “Tozsoran”, “Nimçə”, hətta “Külqabı” adı qoya bilərdi.
Gülavaz xalanın dünyada adından imtina etmiş, yaxud totalitar hakimiyyətlərin, mühafizəkar cəmiyyətlərin qorxusundan özünü cürbəcür saxta adların altında gizləyən xeyli yaradıcı insanın olmasından xəbəri yoxdu. Ay arvad, uzağa getməyək, “Molla Nəsrəddin” jurnalını nəşr edərkən avaraların qoçu, ağıllıların dilənçi olduğu ölkəmizin böyük yazarı Cəlil Məmmədquluzadə yazılarını öz adıyla deyil, uydurduğu yeddi-səkkiz imzayla yazırdı. Hətta buna baxmayaraq, yazıçının həyat yoldaşı Həmidə xanım öz memuarında yazır ki, Bakı milyonerləri Cəlili satirik yazılarına görə öldürmək üçün Bakıdan Tiflisə əlitapançalı üç qoçu göndərmişdilər. Halbuki ona burdan üç qoç göndərmək lazım idi. Avropada maarifçiliyin əsasını qoyanlardan biri, bəlkə də, birincisi olan Volterin, oxuduğuma görə, iki yüzə yaxın imzası olub. Dünya dramaturgiyasının banilərindən biri olan Molyer kralın qorxusundan gündə bir ad dəyişirdi. İngiltərə mətbuatı hələ də müzakirə edir; Şeksprin adı özünündü, ya başqasının?
Gülavaz xala da haqlıdır, deyir nə vaxta qədər biz uşaqlarımıza Həsənqulu, Firudin Allahverdi, Məmmədhəsən, Osandıq, Samovar, Seymur Haycan, Körkü, Sıfayı, Dönəş, Minəş, nə bilim, nə əş adları qoymalıyıq?!
Deyir mən hələ dünyaya gəlməmiş, amma gəlməsi üçün bir cöngə nəzir boyun aldığım öz nəvəmə serialda gördüyüm Dronqonun adını qoymaq istəyirəm, sizin nə hüququnuz var bunu adamlara qadağan edirsiniz? Bəyəm mənimlə bir yerdə uşaq əkmisiniz, uşaq doğmusunuz, uşaq əmizdirmisiniz?
Deyirəm, ay Gülavaz xala, niyə hökumətin qərarını qəribçiliyə salırsan. O qədər adam tanıyıram ki, adından zəhləsi gedir. “Facebook” sosial şəbəkəsində milyonlarla insan özünə müxtəlif adlar qoyur. Adam istəyir ki, atasının atası olmuş mehtər Müğdət kişinin adını yox, filmlərinə heyran olduğu rejissor Stiven Spilberqin adını daşısın. İndi biz nə etməliyik? Əlimizə bir yaba, balta götürüb, gedib onu yabalamalıyıq ki, sən niyə Müğdət olmaq istəmirsən? O boyda babanın adını batırırsan, qoşulmusan Spilberqdi-nədi, o gədəyə.
Gülavaz xala düz deyir; ailələr var ki, otuz ildir bir evdə yaşayırlar və evləndikləri gün doğulacaq uşaqlarına ad fikirləşiblər, amma hələ uşaq yoxdu, uzaqdadır. Bir də gördün ad qoyub iyirmi ildir çağırdıqları körpə, nəhayət, gəlib çıxdı. İndi onların iyirmi illik arzusunu gözündə qoyacağıq?!