
Keçmiş baş nazir Silvio Berluskoni ilə bağlı iş aparan italiyalı prokuror İlda Bokkassiniyə poçt vasitəsilə hədə-qorxu məktubu göndərilib. Press24.az-ın “Reuters”dən əldə etdiyi məlumata görə, zərfi açan xanım orada 2 güllə olduğunu görüb.
Milanın baş prokuroru Edmondo Bruti Liberatinin sözlərinə görə, son bir neçə həftə ərzində Bokkassininin ünvanına dəfələrlə belə şantaj məktubları gəlib. İçində güllə olan zərfi isə qadın mayın 22-də alıb. Bununla bağlı hər hansısa təhlükəsizlik tədbirlərinin görülüb-görülmədiyi ilə bağlı məlumat verilmir.
Xatırladaq ki, mayın 13-də keçirilmiş məhkəmə zamanı İlda Bokkassini Silvio Berluskoninin 6 il mddətinə həbs olunmasını və yetkinlik yaşına çatmamış rəqqasə ilə seks qalmaqalına görə ömrünün sonunadək dövlət işində çalışmasına qadağa qoyulmasını tələb etmişdi.