Medianews.az
İnsan alveri
123 baxış

İnsan alveri

Zamin HACI

zaminhaci@gmail.com

İnsan alveri

 

ABŞ Dövlət Departamenti planetdə insan hüquqlarına aid ənənəvi illik hesabatında Azərbaycan hakimiyyətini də kəskin tənqid eləyib. İnsan alveri qurbanları sahəsində ölkəmizdə vəziyyət xüsusi tənqid edilib. Hesabatda yazıblar ki, Azərbaycanda insan traffikinqi (insan alverinin beynəlxalq terminologiyada adı) üzrə, fahişəliyin yayılması, qanunsuz əmək miqrantlarının durumu, insan alveri qurbanlarına münasibət baxımından durum ildən-ilə pisləşir. Ola bilsin bu yöndə bəzi azərbaycanlı məmurlara qarşı sanksiyalar tətbiq ediləcək, məsələn, onlar Amerika Birləşmiş Ştatlarına buraxılmayacaq.

 

Doğrusu, bilmirəm hansısa azərbaycanlı polis generalı üçün ABŞ-a buraxılmamaq nə dərəcədə ağır cəza olar, ancaq şübhəsiz, bu, ilkin cəzadır. Daha sonra valyuta əməliyyatlarına qadağa gələcək. Məsələn, bu oğru və quldur məmurlar yığdıqlarını ancaq öz xarabalarında xərcləyə biləcəklər, daha təzə təhsil nazirimiz kimi biznes-klassa 8 bilet alıb Barselonaya istirahətə uça bilməyəcəklər. O vaxtacan xalq da ayrı xalq olacaq - hər yer yanvardakı İsmayıllıya oxşayacaq və heç burda da yığdıqlarını rahat uda bilməyəcəklər. Avtoritar rejimlər yeni oğurluq üsulları fikirləşdikcə mütərəqqi dünya da onlara qarşı yeni mübarizə üsulları düşünür. Hələlik qayıdaq hesabatdakı faktlara. 

Azərbaycanda serbiyalı miqrant fəhlələrin pasportlarını qanunsuz yığıb, özlərini də qul kimi, pis şəraitdə işlədirdilər. Bu əhvalat hamının yadındadır, çünki fəhlələr üsyana qalxmışdı. Onları qul kimi işlədən isə prezident ailəsinə məxsus tikinti şirkəti idi. 

Bakı bulvarına ucuz qiymətə daş döşəyən çinli fəhlələr, qeydiyyatsız, sənədsiz, qəddarcasına aşağı qiymətə oliqarx-nazirlərimizin tikintilərində işlədilən pakistanlılar, əfqanlar, hindistanlılar, banqladeşlilər də heç kimə sirr deyil. Bir dostum danışır ki, ev tikmək üçün fəhlə axtarırmış, bir makler deyibmiş: “Azərbaycanlı fəhləyə gündəlik 10-20 manat verməkdənsə, sən o pulu mənə ver, günü 20 manata 10 pakistanlı gətirim”. Sən demə bu yazıqlar gündəlik 2 manata işləməyə razı imişlər. 

Azərbaycanlılar özləri isə daha xoşbəxt diyarlara “uçub gediblər”. Təbii, bu xoşbəxtlik də nisbidir. Təzəlikcə onlardan birini gördüm. 23-24 il qabaq İqtisadiyyat Universitetində oxumuşduq, çox bacarıqlı, istedadlı bir insan idi. Sonra yoxa çıxdı, uzun illər görmədim, amma həmişə yadımda idi. Bir də bu ilin aprelində Bakıda, tam təsadüfən rastlaşdıq. Dedi ki, bu 20 ildən çox müddətdə Rusiyanın şimalında, Norilsk yaxınlığında yaşayır: “İnstitutu bitirəndə gördüm burda iş-zad yoxdur, hər yerdə korrupsiya var, getdikcə də pisləşəcəyini görürdüm. Çıxıb getdim Norilskə. Əvvəl çox çətin idi: 50 dərəcəyə yaxın şaxta, işsizlik... Küçə ticarəti ilə məşğul oldum, yavaş-yavaş işlərim yaxşılaşdı. İndi yaşadığım şəhərdə özümün dükanlarım var, şəhərin ictimai-sosial həyatında aktivəm, merlə şəxsən tanışıq”. Bu insan isti cənub respublikasından Şimal qütbünün qulağının dibindəki, il ərzində orta temperatur minus 10-30 arası dəyişən bir yerə niyə getsin ki? Çörək üzündən. O çörək ki, hakimiyyətdəki kiçik qrup hamısını basıb yeyir və daha isti Virgin adaları, Panama kimi ərazilərə aparır. 

“İnsan alveri” deyərkən mən bu ifadənin mənəvi qatlarını da düşünürəm, hələ bunlar ABŞ Dövlət Departamentinin hesabatına düşməmişdir. Yapokratiya illərdir Azərbaycan insanını beş qəpiklik eləyib alqı-satqı predmetinə çeviribdir. İnsanların ləyaqətini, şərəfini satın alıb bir tikə çörəyə görə yaltağa, yalançıya çevirirlər. Satqınçılıq istənilən firqədə, insan qrupunda adi hal alıb. Adamlar bir-birlərini elə asan satırlar ki...

musavat.com

Bizə qoşulun