
Qahirə məhkəməsi aprelin 15-də Misirin sabiq prezidenti Hüsnü Mübarəkin 2011-ci il hadisələri – nümayişçilərin öldürülməsi ilə bağlı iş üzrə həbsdən azad olmasına qərar verib. “Media forum” saytının məlumatına görə, hakim bəyan edib ki, sabiq prezident digər işlər üzrə təqsirli bilinmirsə, həbsdən buraxılmalıdır: “Mübarəkin qanunla nəzərdə tutulmuş ilkin həbs müddəti başa çatıb, ömürlük həbs cəzasını isə apellyasiya məhkəməsi ləğv edib”.
85 yaşlı Mübarək Misir prezidenti postunu 1981-2011-ci illərdə tutub. 2011-ci ilin fevralında xalq hərəkatının təzyiqləri nəticəsində istefa verib. 2012-ci ilin iyun ayında Qahirə məhkəməsi onu ömürlük həbsə məhkum edib. Mübarək kütləvi etirazları qanda boğmaqda təqsirli bilinib. Bu il yanvarın 12-də Misir Kassasiya Məhkəməsi onun işinə yenidən baxılmasına qərar verib. Həmin gün Mübarək həbsxanadan Qahirə Hospitalına köçürülüb.