Medianews.az
“EL” İCTİMAİ PALATAYA DOSTDUR, YOXSA RƏQİB?!
139 baxış

“EL” İCTİMAİ PALATAYA DOSTDUR, YOXSA RƏQİB?!

“EL” İCTİMAİ PALATAYA DOSTDUR, YOXSA RƏQİB?!

Partiyalar Eldar Namazovun sədrlik etdiyi qurumla bağlı fərqli fikirdədir

Neçə müddətdən bəri barəsində danışılan “EL” hərəkatı martın 12-də rəsmən elan olundu. Siyasi partiyaların, Ziyalılar Forumunun üzvləri, bir sıra sabiq məmurlar, insan haqları müdafiəçiləri, ABŞ, Fransa və Almaniya səfirliklərinin, Avropa Birliyi və ATƏT nümayəndələrinin qatıldığı tədbirdən dərhal sonra kuluarlarda maraqlı müzakirələr başlayıb.

Azərbaycan reallığında yaradılan yeni təşkilatın önəmi onun vitrinindəki simaların kimliyindən xeyli dərəcədə asılıdır. Bu mənada qurumun təşkilat komitəsinin sədri Eldar Namazovun öz ətrafına kifayət qədər tanınmış və nüfuzlu fiqurları cəmləməsi diqqət çəkir. Təşəbbüs qrupunda həm İran, həm Rusiya, həm də Qərbmeylli simaların yer alması da E.Namazovun uğuru sayılır. Ancaq hətta bir-birinə zidd cinahlara aid şəxslərin bir çətir altında toplaşmasının necə mümkün olması haqda da suallar ortaya çıxır. Təşəbbüs qrupundakı şəxslərin sayı 50-dən artıqdır. Onların bəzilərini təqdim edirik: politoloq Zəfər Quliyev, Ziyalılar Forumunun üzvü Eldəniz Quliyev, İctimai Palata Koordinasiya Şurasının üzvü Köçəri Nağıbəyli, sabiq daxili işlər naziri Abdulla Allahverdiyev, şair Musa Yaqub, Nardaranın nüfuzlu ağsaqqalı Kərbəlayı Natiq Kərimov, filosof Rəhman Bədəlov, professor Eldar Abbasov, politoloq Rasim Ağayev, Ağrıdağ Cəmiyyətinin sədri Nurəddin Mustafayev, üçqat dünya çempionu Məhyəddin Allahverdiyev, Milli Qəhrəman Maşallah Abdullayev...

Eldar Namazov “Yeni Müsavat”a açıqlamasında dedi ki, tədbirə hazırlaşanda Təşəbbüs Qrupundakı şəxslərin sayı 50-ni ötmüşdü: “Mən yalnız bir qisminin adını çəkib onlara təşəkkür etdim. Bu rəqəm də gündən-günə dəyişir. Çünki regionlarda işimiz hələ təzə başlayıb. Qısa müddətdə 35 şəhər və rayonda ”EL"in təşəbbüs qrupları yaradılıb, rayonların sayı da artır. Təşkilatlanma prosesi sürətlə gedir. Bu hərəkatın məqsədi budur ki, müxtəlif siyasi baxışlara malik insanları da birləşdirən amil var. Hamı korrupsiyaya, məmur özbaşınalığına son qoymaq istəyir. Bu mərhələdə hamının bir araya gəlməsi və hamını birləşdirən ümummilli məsələləri həll etmək üçün belə böyük birlik lazımdır. Tədbirimizdə həm tanınmış ağsaqqallar, həm müxtəlif ictimai qurumların rəhbərləri, böyük islahatçı potensiala malik tanınmış alim və ekspertlər, gənc liderlər iştirak edirdi. Cəmiyyətdə “EL”ə böyük maraq var. Bu maraq beynəlxalq ictimaiyyətdə də var. 12 mart toplantısına ABŞ, Almaniya, Fransa, ATƏT, Avropa Birliyi və digər təşkilatların diplomatlarının qatılması da bu maraqdan irəli gəlirdi".

“EL”in İctimai Palataya rəqib kimi yarandığı barədə iddialara gəldikdə isə E.Namazov deyilənləri yanlış sayır: “Əslində bu, həm ”EL", həm İP rəhbərliyi tərəfindən təkzib olunub. Tədbirdəki çıxışımda da bu təşkilatla bağlı işi öz çiynində aparan adamlara xüsusi minnətdarlıq etdim. Bu adamlar da Eldəniz Quliyev, Zəfər Quliyev, Köçəri Nağıbəyli və digər dostlarımız idi. Onların da bəzisi Ziyalılar Forumu Koordinasiya Şurasının, bir qismi də İP KŞ üzvüdür. Bu təşkilatları qarşı-qarşıya qoyulması cəhdləri heç bir nəticə verə bilməz və verməyəcək də".

E.Namazov onu da dedi ki, bir həftə sonra keçiriləcək mətbuat konfransında “EL” Təşkilat Komitəsi (TK) üzvlərinin siyahısı elan olunacaq: “Komitənin tərkibi daha yığcam olacaq. Orada artıq müxtəlif sahələr üzrə məsul adamlar daimi fəaliyyət göstərəcək. Yaxın zamanlarda TK-nın tərkibinin, bir müddət sonra ”EL" Məclisinin təqdimatı olacaq".

E.Namazov əlavə etdi ki, təqdimatda adını çəkdiyi şəxslərin “EL” TK-da olacağını demək olmaz. Onun sözlərinə görə, burada obyektiv səbəblər var: “Təkcə seçim məsələsi deyil. TK-ya daxil olan şəxslər gündəlik iş rejimində daimi işləyəcək”.

 

Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli təşkilatla bağlı müxtəlif fikirlərin olmasını normal sayır: “Amma oradakı qüvvələr azərbaycanpərəst qüvvələrdir. Adıçəkilən insanların çoxu neçə illərdir demokratiya, hüquqi dövlət uğrunda mübarizə aparan, hərəkatdan çıxmış insanlardır”.

A.Səmədbəyli də “EL”in İP-ə alternativ olmadığını vurğuladı: “Bu təşkilatı əsla İP-ə alternativ saymırıq. Əksinə, İP-ə də, özümüzə də müttəfiq təşkilat kimi qəbul edirik. Elə onun təsisində də iştirak etdik, Müsavat başqanı da çıxış edib uğur arzuladı. Ayrı-ayrılıqda da Eldar Namazova və orda təmsil olunan digər dostlarımıza xoş arzularımızı bildirdik. Bu təşkilat İP-dəki insanlarla bir yerdə həm builki seçkidə, həm seçki mühitinin demokratikləşdirilməsi uğrunda mübarizədə vahid ideya, mövqe ətrafında bir yerdə mübarizə aparan təşkilat olacaq. Mübarizəni bir yerdə aparmaq fikrindəyik. İP rəhbərliyi ilə Namazovun danışıqları davam edir. Verilən mesajlar da birgə fəaliyyəti nəzərdə tutur”.

AXCP sədrinin müavini Həsən Kərimov da “EL”lə bağlı ziddiyyətli fikirləri bölüşmür: “Mən TK-nın təqdimat mərasimində də iştirak etdim. Ordakı çıxışlardan da bu qənaətə gəlirəm ki, qurumdakı şəxslərdən kimlərsə İran, ya Rusiya cinahı ilə bağlı ola bilər. TK sədri Namazovun açıqlamalarından da görünür ki, bu, İP-dən, partiyalardan kənar qüvvələrin daha da birləşməsinə, müxalifətin inteqrasiyasına xidmət edən təşkilat olacaq. Əgər ”EL" belə bəyanat veribsə, TK sədri bu cür açıqlama ilə çıxış edibsə, elə bu istiqamətdə də fəaliyyət göstərəcək. Artıq İP-lə də danışıqlar gedir. Əgər danışıqlar gedirsə, deməli, bu, İP-ə alternativ təşkilat deyil. Əksinə, danışıqların gedişində Ziyalılar Forumu, İP və “EL”in birgə fəaliyyət prioritetləri müəyyən olunacaq".

Təqdimat mərasimində akademik Cəlal Allahverdiyev, sabiq deputat Gültəkin Hacıbəyli, hüquqşünas Fuad Ağayev və digər tanınmışlar da təşkilatla bağlı yüksək fikirlərini çatdırıb. Ancaq fərqli fikirdə olanlar da var.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə dedi ki, dəvət almadığı üçün “EL”in təsis tədbirinə qatılmayıb: “Bu təşkilatla bağlı deyə biləcəyim bir şey yoxdur. Gündə bir təşkilat yaranır, bu da onlardan biridir. Azərbaycanda siyasi institutlar ictimai-siyasi proseslərin lokomotividir. Kimsə düşünürsə ki, yeni təşkilatın yaradılması ilə müxalifətin konsolidasiyası sürətlənəcək, yanılır. Nə qədər çox adam və təşkilat varsa, problemlər də o qədər çoxdur”.

İ.Ağazadə “EL”in birləşdirici funksiyanı yerinə yetirəcəyi barədə fikirləri qəribə sayır: “Əgər İP-də olan İsa Qəmbərlə Əli Kərimlini getdikləri yol, maraqlar, İP birləşdirmirsə, onları Eldar Namazov  birləşdirəcəksə, daha nə deyim? Əgər bu təşkilat alternativ deyilsə, sadəcə, düşünürlərsə, ki biz insanların hamısını birləşdirəcəyik, onda qabaqcadan missiya ilə çıxış edib birləşməli olan insanları bir araya yığmalı idilər. Yoxsa özləri subyekt olub sonra birləşdirici kimi çıxış edəndə bu, iddia olur”.

ACP sədri Sülhəddin Əkbər yeni qurumun yaradılmasını müsbət qiymətləndirdi: “Xalqın təşkilatlanması istiqamətində atılan hər addım təqdirəlayiqdir. ”EL"i təsis edənlər, onun rəhbərliyindəki şəxslər seçkiqabağı demokratik şəraitin yaranmasını əsas məsələ sayır ki, bu, müsbət haldır. Yeni yaranan qurumdur. Onun fəaliyyətini bir qədər gözləmək lazımdır. Tələsmək lazım deyil".

Sabiq deputat, ACP Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva press24.az-a deyib ki, təşkilat təsis edən şəxs nəticənin nə olacağını düşünməlidir: “Ziyalılar Forumunun əsas təsisçisi Rüstəm İbrahimbəyovdur. Onun seçki ilə bağlı ideyaları müəyyən qədər aydındır. Amma bunun üzərindən yeni hərəkatın yaradılması və Namazovun orda rəhbər olub seçkilərə namizəd kimi qatılması məndə şübhə yaradır. Yəni nəyə görə Ziyalılar Forumunun yeni qanadı, ”EL" təsis edilir? Axı bu, nəyə lazımdır?"

E.PAŞASOY

Bizə qoşulun