Medianews.az
“SEVİNC BABAYEVANI ARADAN GÖTÜRDÜLƏR
169 baxış

“SEVİNC BABAYEVANI ARADAN GÖTÜRDÜLƏR

Məşhur videoqalmaqalda adı keçən qadın müəmmalı şəkildə öldü
Elşad Abdullayevlə Gülər Əhmədova arasında vasitəçilik edən keçmiş kitabxana direktorunun Türkiyədəki xəstəxanalardan birində vəfat etməsi təsdiqləndi; sabiq deputat: “Öz canımın hayındayam”

Dekabrın 27-də axşam saatlarında ABU-nun keçmiş rektoru Elşad Abdullayevin paylaşdığı məlum videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi iştirak edən Sevinc Babayevanın vəfat etməsi haqda xəbər yayıldı. Məlumatda onun Türkiyədə dünyasını dəyişdiyi bildirilirdi. Ancaq onun hansı şəraitdə və nə səbəbdən dünyasını dəyişdiyi haqda məlumat verilmirdi. Məlumatı dəqiqləşdirmək üçün “Azadlıq”ın müxbiri onun oğlu ilə telefon əlaqəsi saxlayıb. Oğlu Sevinc Babayevanın öldüyü xəbərini təsdiqləsə də, əlavə heç nə deməyib.

Bu xəbər yayıldıqdan az sonra Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, Məmmədov Ayxan Eldar oğlu dekabrın 27-də saat 16:00-da Bakı Şəhər Prokurorluğuna zəng edərək, anası Sevinc Babayevanın Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat etdiyini bildirib: “Dəqiqləşdirmələr aparıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək”.

 


S.Babayevanın oğlu simsar.az-a bildirib ki, anasının nəşini gətirmək üçün Türkiyəyə uçacaq. Onun ölkədən çıxmasına məhdudiyyət qoyulduğundan Türkiyəyə getmək üçün prokurorluğun razılığını istəyir: “Əlimdən gələni edəcəm ki, bu məhdudiyyət götürülsün və mən anamın cənazəsinin arxasınca gedə bilim. Çünki mən onun yeganə oğluyam”.

 


“AZAL” mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli simsar.az-a açıqlamasında deyib ki, S.Babayeva adlı şəxsin nəşinin Azərbaycana gətirilməsi barədə onda heç bir məlumat yoxdur.

 


Qeyd edək ki, S.Babayeva sözügedən video yayıldıqdan dərhal sonra yoxa çıxmışdı. Onun bir neçə dəfə həbs olunması xəbəri də yayılmışdı. Lakin hər dəfə bu xəbərlər rəsmi qurumlar tərəfindən təkzib olunmuşdu. Eyni zamanda onun aradan götürüldüyünə dair şayiələr, söz-söhbətlər də səngimirdi. Bir neçə gün öncə isə onun İnterpol vasitəsilə beynəlxalq axtarışa verildiyi bəlli olmuşdu. S.Babayevanın anket məlumatları və fotosu İnterpolun axtardığı şəxslərin siyahısında yer almışdı.

 


Elşad Abdullayevin yaydığı videolarda cərəyan edən hadisələrdə mühüm yer alan və müəyyən informasiyalara malik bir şəxsin bu məsələlərə dair istintaq gedə-gedə ölkədən çıxıb getməsi, İnterpola axtarışa veriləndən sonra isə vəfat etməsi ictimai rəydə ilk andan onun aradan götürülməsi kimi dəyərləndirildi.

 


S.Babayevanın ölümü xəbəri yayılmazdan bir neçə saat əvvəl isə “Qafqazinfo” Sevinc Babayevanın avtomobilinə həbs qoyulması haqda xəbər yaymışdı. Məlumata görə, onun 90: (seriyası məlum deyil) 044 nömrə nişanlı “Jeep Grand Shroke” markalı avtomobilinə bank tərəfindən həbs qoyulub. Belə ki, o, bir neçə ay əvvəl kreditə aldığı avtomobili ucuz qiymətə satmaq istəyib. Avtomobilin kreditə götürüldüyü bankın rəhbəri hadisədən xəbər tutaraq avtomobilin satışına icazə verməyərək ona həbs qoyub.

 


Və ən maraqlı bir detal. Dünən hələ səhər saatlarında, S.Babayevanın ölümü xəbəri yayılmazdan 6-7 saat öncə kriminalist Əyyub Kərim yoxa çıxmış S. Babayevanın öldürülməsi versiyası ilə bağlı açıqlama verib: “Mümkündür ki, Sevinc Babayeva öldürülüb və ya öldürülsün. Belə bir məsələ var ki, ”insan var, problem var, insan yoxdur, problem yoxdur. Əgər məlum olsa ki, Sevinc Babayeva sağ deyil, onda onun danışa biləcəkləri hər bir şeyə nöqtə qoyulacaq".

 


Babayevanın ölüm xəbəri təsdiqini tapandan sonra “Yeni Müsavat”a açıqlama verən Əyyub Kərim bu versiyanı səsləndirərkən onda S.Babayevanın dünyasını dəyişməsi haqda öncədən heç bir informasiya olmadığını dedi: “Sadəcə, mən peşəkar hüquqşünas kimi, versiyamı səsləndirmişdim və çox keçmədən təəssüf ki, bu, təsdiqini tapdı. Sevinc Babayevanın sağ qalması hansısa qruplara sərf etmirdi. İndi bu suallar ortada olmalıdır ki, onun ölməsini kimlər istəyirdi? Və bu sual indi də ortadadır ki, Sevinc Babayeva məlum qalmaqaldan sonra ölkədən necə çıxa bilmişdi, onu kim çıxarmışdı və xəstəxanada hansı şəraitdə ölüb? Bütün bunlara aydınlıq gəlməlidir. Onun sağ qalması bəlkə də istintaqa sərf edirdi, çünki ondan nəsə soruşa, öyrənə bilərdilər. Sadəcə, onun sağ qalması hansısa qruplara sərf etməyib və nəticə də budur”.

 


“Sevinc Babayevanın ölüm xəbəri doğrudursa, bu, Elşad Abdullayevdən deputat mandatı üçün rüşvət alınması faktı üzrə açılan cinayət işinin istintaqını xeyli çətinləşdirəcək”. Vəkil Aslan İsmayılov “media forum” saytına belə deyib.

 


O, S.Babayevanı iş üzrə “ən çox məlumata malik olan və ifadə verməyə meylli olan, hadisəni təfərrüatı ilə danışa biləcək şəxs” kimi xarakterizə edib: “Yayılan videolardan da bu aydın görünürdü. Ona görə də onun öldüyü doğrudursa, istintaqın işi ciddi şəkildə çətinləşəcək”.

 


Vəkil qeyd edib ki, Babayeva haqda yayılan xəbərlə bağlı indi hər hansı fikir bildirmək çox çətindir: “Çünki onun oğlunun prokurorluğa anasının Türkiyədə ölməsi xəbərini verməsindən başqa bir məlumat yoxdur. Bunu ətraflı öyrənmədən nəsə demək doğru olmaz. Babayevanın öz əcəli ilə keçindiyi, yoxsa öldürüldüyü də suallardan biridir. İndi bunu qəti demək mümkünsüzdür”.

 


E.Abdullayevin vəkili Adil İsmayılov isə “Media forum”a deyib ki, S.Babayeva ölübsə, Türkiyənin hüquq-mühafizə orqanları bu fakta qiymət verəcək: “İşin necə araşdırılmasını isə istintaqçılar müəyyən edəcək. Hadisələri qabaqlayıb hər hansı fikir bildirmək istəmirəm”.

 


Eks-millət vəkili Gülər Əhmədova da Sevinc Babayevanın vəfatına münasibət bildirib. (teleqraf.com)

 


Son aylar adı qalmaqallı videolarda çəkilən deputat deyib ki, bu xəbəri hamı kimi, onun özü də pis qarşılayıb. O əlavə edib ki, bu haqda onda heç bir məlumat yoxdur və yaxşı olar ki, prokurorluqla əlaqə saxlayıb məlumatı onlardan öyrənək.

 


“Özünüzə qarşı təhlükə hiss edirsinizmi” sualına gəldikdə, Gülər Əhmədova deyib ki, həyatdadır, yaşayır və vaxtı gələndə hamı kimi o da öləcək.

 


Gülər Əhmədova “mediaforum” saytına da qısa açıqlama verib. Saytın əməkdaşının “xəbər doğrudursa, sizcə, bu, istintaqın gedişinə necə təsir edə bilər” sualını eşidəndən sonra deyib: “Vallah, mən indi bir şey başa düşmürəm. Prokurorluqdan soruşun. Onlar deyə bilər. Səhhətimdə ciddi problemlər var, öz canımın hayındayam”. Daha sonra Elşad Abdullayevə qarğış edən Gülər Əhmədova bildirib: “Bizi bu işə o saldı”.

 


“Hamı kimi mən də Sevinc Babayevanın vəfat etməsi xəbərini mediadan eşitdim. Hələlik, bu xəbərin dəqiq olduğunu deyə bilmərəm. Amma hesab edirəm ki, o vəfat edibsə, bunun səbəbləri araşdırılmalıdır”. Bu sözləri moderator.az-a açıqlamasında Elşad Abdullayev Sevinc Babayevanın ölüm hadisəsinə münasibət bildirərkən söyləyib.

 


Qeyd edək ki, qəzet çapa gedərkən S.Babayevanın ölümü ilə bağlı olan müəmmalara tam aydınlıq gəlməmişdi.

 

musavat.com

Bizə qoşulun