“Seçki mühitinin formalaşması üçün bütün qüvvələr səfərbər edilməlidir”
“Namizədlik məsələsinə prosesin sonuncu mərhələsində baxılmalıdır”
Yeni il ərəfəsində ötən ilin yekunlarını təhlil edən mətbuat 2013-cü ilin prezident seçkilərinə dair siyasi proqnozlar verir. Müzakirə mərkəzində müxalifətin ümumi namizəd məsələsi durur. Seçkilərə xeyli vaxt qalıb. Adətən bu məsələ son məqama buraxılır. Bəs görəsən müzakirələr niyə indidən başlayıb?
“BBC Azərbaycanca”nın bu sualını cavablandıran Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Azərbaycanda seçkilərin yalnız seçki kontekstində başa düşülmədiyini deyib:
- Bir çox demokratik və yaxud da yarım demokratik ölkədə seçkilər hakimiyyətin dəyişməsinin əsas və yeganə vasitəsidir. Azərbaycanda isə fərqli situasiya mövcuddur. Bizdə seçkilər hakimiyyəti zəbt etmiş siyasi qüvvənin daha bir müddət hakimiyyətdə qalmasını legitimləşdirmək üçün səhnələşdirilmiş şoudan başqa bir şey deyil. Buna görə biz də seçkilərin seçki olmasına diqqət yetirməliyik. Biz elə etməliyik ki, seçkilər seçki olsun. Onların nəticələri əvvəlcədən bilinməsin. Bu suallara cavab vermədən, sadəcə kim namizəd olsa guya seçkiləri udmaq, uduzmaq olar yanaşmasını bir az sadəlöhvlük kimi dəyələndirirəm. Əsas strateji vəzifəmiz demokratik seçki mühitinin yaranmasına nail olmaqdır.
- Siz özünüzü müxalifətin ümumi namizədi görürsünüzmü?
- Mənim şəxsi mövqeyim bundan ibarətdir ki, əgər demokratik qüvvələrin böyük bir koalisiyası yaransa, cəmiyyətdə ciddi bir konsolidasiya getsə, bu prosesin nəticəsində bizim içimizdən vahid namizəd olsa və o prosesdə mənə etimad göstərilsə, mən bu məsuliyyəti üzərimə götürə bilərəm. Ama onu da açıq bildirirəm ki, mən öz namizədliyimdə israr etmək və bu məsələni digər məsələlərdən daha vacib saymaq fikrində deyiləm. Namizədlər seçki mühitinin formalaşması üçün bütün qüvvələri səfərbər etməlidirlər. Namizədlik məsələsinə isə bu prosesin sonuncu mərhələsində baxılmalıdır.
- Bəs onda sonuncu mərhələdə həll olunacaq məsələ niyə hazırda aparılan qızğın mübahisələrə səbəb olur?
- Bu, mənim təşəbbüsüm deyil. Mən neçə müddətdir ki, bu mövzuda danışıram. Ancaq bu, tək bizdən asılı deyil ki! Siyasətdə müxtəlif subyektlər var və onların öz yanaşması var.
- Hakimiyyət müxalifətdən daha cazibədar proqrama malik olduğunu bildirir...
- Qətiyyən razı deyiləm. Kim bilmir ki, indiki hakimiyyət siyasi proqramlar hesabına səs almır. Sadəcə, Gülər Əhmədovanın gizli videoda dediyi kimi, bu ölkədə seçici bir nəfərdir. Kimin necə səs verməsinin heç bir dəxli yoxdur.
- Əli bəy, seçki mühiti ilə bağlı siz müxtəlif şərtləri sadaladınız. Həmin şərtlər yerinə yetirilməsə boykot gündəmə gətirilə bilərmi?
- Biz hazırda bu mövzuda danışmamağa üstünlük veririk. Qarşıda xeyli müddət var. Biz bu müddət ərzində bütün səyləri göstərəcəyik ki, demokratik seçki mühiti yaransın. Sonra bir də düşünəcəyik. Bu şərait seçkilərdə iştirak etməyə müəyyən inam, ümid yaradırmı? Doğrudan da xalqın səsini reallaşdırmaq imkanı varmı? Bu suala cavabdan asılı olaraq sonrakı qərarımızı verəcəyik.
azadliq.info