Medianews.az
NexBirlik ifşa edildi: "Sosial e-ticarət" vədi ilə qurulan yeni maliyyə piramidası
87 baxış

NexBirlik ifşa edildi: "Sosial e-ticarət" vədi ilə qurulan yeni maliyyə piramidası (ŞOK FAKTLAR)

NexBirlik piramidasının gizli laboratoriyası: "Any Unboxing" iflasından dərs almayanlara növbəti tələ

Ölkənin rəqəmsal mühitində növbəti fırıldaqçılıq dalğası baş qaldırır və ssenari zərrə qədər də dəyişmir. Cəmi bir neçə gün əvvəl "Any Unboxing" adlı maliyyə piramidasının çöküşü ilə minlərlə aldadılmış vətəndaşın pulları buxarlandı. Bu gün həmin insanlar itirilmiş vəsaitlərini hansı instansiyadan və necə geri alacaqlarını çaşqınlıq içində axtarırlar. Şəbəkənin ifşası ilə bağlı hüquqi müstəvidə yeni həbs dalğası gözlənildiyi bir vaxtda, rəqəmsal bazarda yaranan bu boşluğu doldurmaq və növbəti qurban ovuna çıxmaq üçün yeni bir oyunçu dərhal dövriyyəyə buraxıldı: NexBirlik.

Özlərini "yeni nəsil sosial ticarət ekosistemi" kimi reklam edən bu şəbəkə, əslində klassik Ponzi sxeminin rəqəmsal maskasından başqa bir şey deyil. İnsanları "birlikdə qazan — birlikdə xərclə" şüarı və "60-70%-lik qrup alış-veriş endirimləri" ilə şirnikləndirirlər. Ən cəlbedici vəd isə qazanılan daxili bonusların birbaşa bank hesabına nağd pul kimi köçürülə bilməsidir. İqtisadiyyatın fundamental qanunları isə tam fərqli reallıqdan xəbər verir. Azad bazar şəraitində heç bir real istehsalçı və ya distribütor malı davamlı olaraq dəyərindən 70% ucuz sata və eyni zamanda alıcıya nağd pul paylaya bilməz.

Ekran şəkli 2026-07-06 165908.png (1.41 MB)

Pərdəarxası rəqəmsal laboratoriyanın dərinliklərinə endikdə, fırıldaqçılıq şəbəkəsinin bütün gizli kodları bir-bir ifşasını tapır. Rəsmi WHOIS qeydlərinə baxdıqda, nəhəng yerli e-ticarət şəbəkəsi olduğunu iddia edən nexbirlik.com domeninin cəmi bir il əvvəl — 3 aprel 2025-ci il tarixində qeydiyyatdan keçirildiyi görünür. Ən şübhəli məqam isə domen sahibinin kimliyidir. Sənədlərdə real şəxs və ya şirkət adı yerinə "Registration Private" və "Domains By Proxy, LLC" qeydləri yer alır. Öz şəffaflığı ilə öyünən hansısa "milli" ticarət platforması sahiblərinin adını, soyadını və hüquqi ünvanını beynəlxalq proxy şirkətlərinin arxasında niyə basdırsın? Cavab bəllidir: sabah sistem bağlananda hüquq-mühafizə orqanlarının real izləri tapmasını çətinləşdirmək.

Ekran şəkli 2026-07-06 162612.png (48 KB)

Bu cür şübhələrlə üzləşən şəbəkə nümayəndələri dərhal kütlədə qanunilik təəssüratı yaratmaq üçün hazır arqumenti irəli sürürlər: "Bizim rəsmi VÖEN-imiz var". Lakin müasir hüquqi müstəvidə bu, heç nəyi sübut etmir və heç bir təhlükəsizlik qarantiyası vermir. Azərbaycanda onlayn qaydada fərdi sahibkarlıq subyekti açmaq və ya MMC qeydiyyatdan keçirmək cəmi bir neçə dəqiqəlik sadə, mexaniki bir prosedurdur. Dövlət qurumları qeydiyyat zamanı gələcəkdə kiminsə fırıldaqçılıq edib-etməyəcəyini əvvəlcədən təxmin edə bilməz. Unutmaq olmaz ki, bu gün cinayət işi açılan və rəhbərləri həbs edilən "Any Unboxing" şəbəkəsinin də rəsmi VÖEN-i və hüquqi qeydiyyatı var idi.

Ekran şəkli 2026-07-06 152904.png (95 KB)

VÖEN maskasına rəğmən, bu platformada pul dövriyyəsi tamamilə qeyri-leqaldır. Heç bir leqal yerli şirkət öz maliyyə əməliyyatlarını manatdan və rəsmi bank sistemindən kənara çıxara bilməz. NexBirlik isə daxili nexbirlik.ai panelində istifadəçilərin qarşısına 11 dollardan 500 dollara qədər investisiya paketləri qoyur. Ödəniş isə yalnız TRC20 şəbəkəsi üzərindən Tether (USDT) kriptovalyutası ilə qəbul edilir. Bu şəbəkə tam anonimdir; pulun kimə getdiyini izləmək və sistem çökəndən sonra onu geri qaytarmaq hüquqi baxımdan qeyri-mümkündür. Üstəlik, "İndi doldurun" düyməsini basdıqda sistem sizi izləri itirmək üçün tradexaglobal.com adlı formal, ofşor mənşəli kölgə bir ödəniş şlüzünə yönləndirir. Panel daxilindəki xəbərdarlıq mətnində yer alan "Bu olay Apple Inc. ile ilgili değildir" cümləsi isə sistem proqramçılarının keyfiyyətsizliyini və internetdən tapılan hazır fırıldaqçılıq skriptinin elə kor-koranə kopyalandığını açıq göstərir.

Ekran şəkli 2026-07-06 170159.png (112 KB)

Şəbəkənin texniki səviyyəsi də iddiaları ilə tamamilə tərs mütənasibdir. Nəhəng platformanın ana saytı cəmi 50 dollarlıq hazır WordPress şablonu ilə yığılıb. Sosial şəbəkələrdəki paylaşımları, guya ofis mühitindən çəkilmiş fotoları və məzmunları isə demək olar ki, tamamilə generativ süni intellekt alətləri ilə hazırlanıb. Ortada real insan, real ticarət və real infrastruktur yoxdur — hər şey vizual güvən illüziyası yaratmaq üçün qurulmuş rəqəmsal bir maketdir. Bəli, Bakıda ofis açırlar. Amma bu düzgün gəlir sistemini, qanuni fəaliyyəti sübuta yetirmir. 

Ekran şəkli 2026-07-06 165742.png (239 KB)

Bu şübhəli mənzərə platformanın rəsmi "Haqqımızda" bölməsini incələdikdə bir az da dərinləşir. Özünü böyük bir innovativ güc kimi təqdim edən platformanın bioqrafiyasında heç bir rəsmiyyət, hüquqi qeydiyyat ünvanı, rəhbər heyətin adı və ya təsisçi statusu yoxdur. Bütün mətn yalnız dumanlı, bəlağətli cümlələrdən və reallığı əks etdirməyən ümumi iddialardan ibarətdir. Eyni gizlilik "Bizimlə əlaqə" bölməsində də özünü büruzə verir. Vətəndaşlardan minlərlə manat vəsait toplamaq iddiasında olan bu "şəbəkənin" əlaqə yerində bir dənə də olsun telefon nömrəsi tapmaq qeyri-mümkündür. Ortada yalnız standart bir elektron poçt ünvanı və kor-koranə doldurulmalı olan yazı forması var. Real, fiziki və qanuni fəaliyyət göstərən, arxasında dayandığı vətəndaşa güvən vermək istəyən hansı şirkət öz müştərisindən telefon nömrəsini gizlədər? Bu, suallardan qaçmaq və sabah sayt bağlananda tamamilə əlçatmaz olmaq üçün seçilmiş klassik gizlənmə taktikasıdır.

Ekran şəkli 2026-07-06 152531.png (346 KB)

Hədəf kütləsinin seçilməsi də xüsusi bir taktiki strategiyaya əsaslanır. "Any Unboxing" zəncirində olduğu kimi, NexBirlik-in də əsas hədəf dairəsində evdar xanımlar, gənc analar və onlayn məkanda asan qazanc axtaran qadınlar dayanır. Şəbəkə rəhbərləri cəmiyyətdəki maliyyə savadsızlığından və insanların asan, risksiz qazanc axtarışından maksimum dərəcədə sui-istifadə edirlər. İnsanlara iqtisadi mexanizmlərin reallıqları deyil, emosional vədlər — "övladınızın gələcəyi üçün evdən çıxmadan qazanın", "ailə büdcəsinə dəstək olun" kimi şüarlar təqdim edilir. Maliyyə savadsızlığı bu növ rəqəmsal piramidaların ən böyük yanacağı rolunu oynayır.

Ekran şəkli 2026-07-06 153252.png (850 KB)

Sistemə sərbəst girişin olmaması, yalnız daxildəki birinin "dəvət kodu" ilə daxil olma şərti isə bu tələnin son halqasıdır. Bu qapalılıq həm eksklüzivlik və seçilmişlik hissi yaratmaq, həm də şəbəkəni kənar nəzarətdən və erkən ifşadan qorumaq məqsədi daşıyır. Lakin riyazi qanunauyğunluq dəyişməzdir: real məhsul satışı deyil, yalnız yeni adamların cəlb edilməsi və referal sistemi üzərində qurulan bu strukturun ömrü qaçılmaz olaraq qısadır. Zəncirə yeni insan axını zəifləyən andan etibarən NexBirlik də "texniki xəta" bəhanəsi ilə qapanacaq. Maliyyə fırıldaqlarında adlar dəyişsə də, acı sonluq və qurbanların taleyi heç vaxt dəyişmir./musavat.com/

Bizə qoşulun