Türkiyənin Mardin vilayətinin Kızıltepe rayonunda iki ailə arasında baş verən yol hüququ mübahisəsi faciə ilə nəticələnib. Silah, daş və dəyənəklərin istifadə olunduğu kütləvi davada 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
Medianews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə günorta saatlarında Nusaybin şossesi üzərində yerləşən İlıcak kənd məhəlləsində qeydə alınıb.
Məlumata görə, avtomobillə hərəkətdə olan iki ailənin üzvləri arasında yol vermə məsələsinə görə mübahisə yaranıb. Qısa müddətdə gərginləşən mübahisə silahlı qarşıdurmaya çevrilib. Tərəflər bir-birinə daş və dəyənəklərlə də hücum ediblər.
Davada ümumilikdə 9 nəfər yaralanıb.
Hadisə yerinə çox sayda təcili tibbi yardım və jandarma əməkdaşı cəlb olunub. Yaralılara ilkin yardım göstərildikdən sonra onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Həkimlərin müdaxiləsinə baxmayaraq, yaralılardan 29 yaşlı Abdullah Kılınç və 35 yaşlı Doğan Badayın həyatını xilas etmək mümkün olmayıb.
Ölən şəxslərin meyitləri ekspertiza üçün xəstəxana morquna aparılıb. Digər yaralıların müalicəsinin davam etdiyi bildirilib.
Hadisə ilə bağlı geniş araşdırma aparılır.