Londonda baş verən hadisə sosial mediada böyük rezonans doğurub. Türk restoran meneceri Onur İnci qəfil yola çıxan azyaşlı qızı xilas etmək üçün özünü motosikletin qarşısına ataraq qəhrəmanlıq nümayiş etdirib.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Londonun Uimbldon bölgəsində qeydə alınıb.
Məlumata görə, ailəsi ilə birlikdə küçədə olan kiçik qız qəfil yola qaçıb. Bu anda sürətlə yaxınlaşan motosikleti görən Onur İnci saniyələr içində reaksiya verərək uşağı təhlükədən uzaqlaşdırmağa çalışıb.
Təhlükəsizlik kameralarına düşən görüntülərdə İnci azyaşlı qızı təhlükəsiz tərəfə itələdikdən sonra motosikletin ona çırpdığı görünür.
Qəzadan sonra hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. İlkin tibbi yardım göstərilən Onur İnci daha sonra xəstəxanaya aparılıb.
Həkimlər onun ciddi çiyin xəsarəti aldığını və əməliyyat olunacağını açıqlayıblar. Xoşbəxtlikdən azyaşlı qız hadisədən xəsarətsiz xilas olub.
Uşağın ailəsinin böyük təşviş yaşadığı, lakin daha sonra Onur İnciyə təşəkkür edərək övladlarının onun sayəsində sağ qaldığını bildirdiyi qeyd olunub.
Hadisə sosial mediada qısa müddətdə geniş yayılıb. Bir çox istifadəçi Onur İncinin hərəkətini “əsl qəhrəmanlıq nümunəsi” adlandırıb.
Şahidlərdən biri bildirib ki, hər şey saniyələr ərzində baş verib və İnci heç tərəddüd etmədən uşağın həyatını xilas etmək üçün özünü təhlükəyə atıb.
Uzun illərdir Londonda yaşayan Onur İncinin ətrafında yardımsevər və mərhəmətli insan kimi tanındığı qeyd edilir.
Hadisə ilə bağlı araşdırma aparılır.