Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə bəyanatında Rusiya-Ermənistan münasibətlərinin hazırkı durumunu, İrəvanın Avropa İttifaqı ilə yaxınlaşma cəhdlərini və bunun doğura biləcəyi iqtisadi-siyasi nəticələri şərh edib. Rusiya lideri Ukraynadakı böhranın vaxtilə hazırda Ermənistanda müşahidə olunan analoji vəziyyətlə başladığını vurğulayıb.
Putin Ermənistanın Avropa İttifaqı standartlarına keçməyə başlayacağı təqdirdə bu ölkə ilə inteqrasiya proseslərini obyektiv olaraq dayandırmaq məcburiyyətində qalacaqlarını bəyan edib.
Ermənistanın Avrasiya İqtisadi İttifaqından (AVROASİYA) çıxacağı təqdirdə erməni vətəndaşları üçün Rusiya ərazisində miqrantlara tətbiq edilən adi, standart tələblərin qüvvəyə minəcəyini deyən prezident, bununla belə, ermənilər üçün faydalı olan hər bir şeyin Rusiya üçün də məqbul və yaxşı olduğunu diqqətə çatdırıb və İrəvana "necə lazımdırsa, elə də edin" mesajını ünvanlayıb. Rusiya rəhbəri Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma barədə qəbul edəcəyi hər hansı qərarın onun Rusiya ilə humanitar bağlarını korlamayacağını bildirib. Rəsmi Moskva ilə İrəvan arasında Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı gələcəyinə dair müzakirələrin yalnız səmimi və açıq formatda aparıla biləcəyini qeyd edən Rusiya dövlət başçısı, Ermənistanın təşkilatdan çıxacağı təqdirdə Rusiyanın bu ölkə üçün enerji daşıyıcılarının qiymətini artıracağını xəbərdar edib. Onun sözlərinə görə, Ermənistan üçün enerji daşıyıcılarının qiymətinin artması bu ölkənin ümumi daxili məhsulunun (ÜDM) dərhal ən azı 14 faiz itirilməsinə səbəb olacaq. Putin həmçinin əlavə edib ki, Rusiya tərəfi Ermənistanın Avropa İttifaqına üzv olması və ya Avrasiya İqtisadi İttifaqında iştirakını davam etdirməsi ilə bağlı bu ölkədə keçirilməsi nəzərdə tutulan referendumun mümkün qədər tez baş tutmasını istəyir. Sonda Rusiya lideri xəbərdarlıq edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqını tərk edərsə, avtomobil daşıyıcılarına qarşı tələblərin sərtləşdirilməsi və dəmir yolu daşımaları üzrə tariflərin kəskin artması ilə üz-üzə qalacaq.