Medianews.az
Rus pulu niyə bahalaşır? –
145 baxış

Rus pulu niyə bahalaşır? – Azərbaycanlı professorun İZAHI

Rusiya rublu dollara nisbətdə olduğu kimi manata nisbətdə də güclənir.

Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə görə, 100 Rusiya rublu yanvarın 5-də 2.1157 manata bərabər olub.

Yanvarın 22-də kurs 2.2139 manata qalxıb.

Aprelin 14-də 2.2320 manat, aprelin 30-da 2.2701 manat, mayın 5-də 2.2836 manat, mayın 12-də 2.3056 manat olub.

Mayın 19-da 100 Rusiya rublu 2,3386 manata yüksəlib.

İl ərzində ən yüksək kurs mayın 20-də qeydə alınıb: 2.3884 manat.

Qeyd edək ki, Rusiya rublu hazırda dollara nisbətdə də ən yüksək səviyyəyə qalxıb.

2026-cı ilin may ayının 12-də Rusiya Mərkəzi Bankı 2023-cü ilin fevralından bəri ilk dəfə olaraq 1 dolların rəsmi məzənnəsini 74 rubldan aşağı müəyyən edib.

Mayın 19-da məzənnə bir qədər də enərək 72,35 rubl olub.

Mayın 20-də isə Rusiya Mərkəzi Bankı 1 dolların rəsmi məzənnəsini 71,2926 rubl həddində müəyyənləşdirib.

Son bir ildə Rusiya valyutası dollar qarşısında təxminən 10 faiz möhkəmlənib.

Ümumiyyətlə 2023-cü ilin əvvəlindən bəri Rusiyada 1 dolların rəsmi məzənnəsi heç vaxt bu qədər aşağı, yəni 71,2926 rubl olmayıb.

Rusiya rublunun möhkəmlənməsi nəyin göstəricisidir: ölkə iqtisadiyyatının davamlı sanksiyalara adaptasiya olunması, İran ətrafında gərginlik dalğasında neftin qiymətinin artması hesabına ölkənin gəlirlərinin çoxalması, yoxsa sərt monetar siyasət, rublun inzibati metodlarla qorunması?

Rusiya iqtisadiyyatının gerçək durumu və perspektivləri haqda nə demək mümkündür?

Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun inklüziv sosial inkişaf şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) Medianews.az-a bildirib ki, rublun son aylarda həm dollara, həm də manata qarşı möhkəmlənməsi bir sıra amillərlə bağlıdır: “Bu amillər sırasında sərt monetar siyasət, kapital və valyuta axınlarına nəzarət, neft-qaz gəlirlərinin təsiri, idxalın zəifləməsi və daxili iqtisadi fəallığın soyuması xüsusi yer tutur.  Rusiya Mərkəzi Bankının uzun müddət yüksək uçot dərəcəsi tətbiq etməsi daxildə xarici valyutaya tələbi azaldıb, əmanətlərin rublda saxlanmasını daha cəlbedici edib və idxalı zəiflədib. Bu isə rublun məzənnəsinə dəstək verən əsas amillərdən birinə çevrilib.

Bu baxımdan rublun bahalaşması müəyyən mənada sərt monetar siyasətin nəticəsidir. Burada əsas məqam ondan ibarətdir ki, rublun möhkəmlənməsinin əsas dayaqlarından biri iqtisadi bum deyil, iqtisadi aktivliyin yüksək faiz siyasəti vasitəsilə məhdudlaşdırılmasıdır.

Rublun məzənnəsinə təsir göstərən digər mühüm amil kapital nəzarətləridir. Müharibə və sanksiyalardan sonra Rusiyada ixracatçıların valyuta satışına təzyiq artırılıb, xaricə kapital axını məhdudlaşdırılıb, bəzi valyuta əməliyyatları isə inzibati qaydada sərtləşdirilib. Beləliklə, rublun möhkəmlənməsi yalnız bazar mexanizmlərinin deyil, həm də inzibati və tənzimləyici müdaxilələrin nəticəsi kimi qiymətləndirilə bilər”.

Professorun fikrincə, neft amili də rubl üçün mühüm dəstək rolunu oynayır: “Yaxın Şərqdə, o cümlədən İran ətrafında geosiyasi gərginliyin artması neft qiymətlərinə müəyyən dəstək verib. Neftin bahalaşması isə Rusiyanın ixrac gəlirlərini qısamüddətli dövrdə artıraraq rublun mövqeyini gücləndirib. “Rusiya dərhal çökəcək” tipli proqnozlar özünü doğrultmadı. Lakin hazırda ölkədə müharibə iqtisadiyyatı genişlənir, mülki sektorun əhəmiyyətli hissəsində isə zəifləmə meyilləri müşahidə olunur. Yüksək faizlər biznes aktivliyini məhdudlaşdırır, investisiya imkanlarını zəiflədir, texnologiya və kapital çatışmazlığı dərinləşir. Eyni zamanda, Qərb şirkətlərinin bazarı tərk etməsi və insan kapitalı itkisi uzunmüddətli inkişaf baxımından ciddi risklər yaradır.

İqtisadi artımın mühüm hissəsi artıq hərbi sifarişlər və dövlət xərcləri hesabına formalaşır. Qeyri-hərbi sektorun bir çox sahələrində isə durğunluq əlamətləri müşahidə edilir. Rusiya Mərkəzi Bankının proqnozlarında da iqtisadi artım tempinin zəiflədiyi görünür.

Hazırkı güclü rubl avtomatik olaraq Rusiya iqtisadiyyatının tam sağlam olması anlamına gəlmir. Hazırda ölkədə müəyyən qısamüddətli maliyyə sabitliyi müşahidə olunsa da, struktur problemlər dərinləşməkdə davam edir. Qarşıdakı dövrdə əsas risklər yüksək hərbi xərclər, texnoloji gerilik, investisiya çatışmazlığı və enerji bazarındakı dəyişikliklərlə bağlı olacaq. Bu baxımdan mövcud məzənnə sabitliyi daha çox yüksək faizlər, inzibati nəzarətlər və enerji gəlirlərinin yaratdığı müvəqqəti balans kimi qiymətləndirilə bilər”.

Nailə Qasımova,

Medianews.az

Bizə qoşulun