İsveçrənin Vintertur şəhərində yerləşən qatar stansiyasında baş verən bıçaqlı hücum ölkədə böyük rezonans doğurub. Hadisə zamanı üç nəfər yaralanıb, hücumçu isə polis tərəfindən saxlanılıb.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Sürix yaxınlığındakı Vintertur qatar stansiyasında səhər saatlarında baş verib.
Polisin məlumatına görə, 31 yaşlı İsveçrə vətəndaşı stansiyada qəfil ətrafdakılara hücum etməyə başlayıb. Şahidlərin sözlərinə görə, hücumçu hadisə zamanı dəfələrlə “Allahu Əkbər” qışqırıb.
Sosial mediada yayılan görüntülərdə onun əlində bıçaqla küçədə qaçdığı və qışqırdığı əks olunub.
Hadisə zamanı stansiyanın yaxınlığında məktəblilər də olub. Şahidlər bildiriblər ki, müəllimlər uşaqları sürətlə təhlükəsiz əraziyə apararaq mümkün faciənin qarşısını almağa çalışıblar.
Bir şahid “Əlində bıçaq var idi, hamı qışqıraraq qaçırdı” deyə bildirib.
Digər şahid isə hücumçunun arxasında olduğunu və onun çox aqressiv şəkildə bir neçə dəfə “Allahu Əkbər” qışqırdığını eşitdiyini deyib.
Hücum nəticəsində 28, 43 və 52 yaşlı üç İsveçrə vətəndaşı yaralanaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Hadisə yerinə operativ şəkildə gələn polis əməkdaşları hücumçunu qatar stansiyasında saxlayaraq nəzarətə götürüblər. Ərazi tam mühasirəyə alınıb və geniş təhlükəsizlik tədbirləri görülüb.
İsveçrə polisi hücumun motivinin araşdırıldığını və hadisənin bütün detalları ilə araşdırma aparıldığını açıqlayıb.
Medianews.az