Medianews.az
Tehranda nə qədər azərbaycanlı yaşayır? -
326 baxış

Tehranda nə qədər azərbaycanlı yaşayır? - Güney Azərbaycanın istiqlalı və Tehranın gələcəyi

İranın bölünməsi, Güney Azərbaycanın istiqlalından danışarkən Tehranın gələcəyi ilə bağlı məsələ bir qayda olaraq müzakirələrdən kənarda qalır. Halbuki Tehranın gələcəyi Doğu və Batı Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Gilan, Kirmanşah, Qum, Mərkəzi və Həmədan əyalətlərinin gələcəyi qədər, bəlkə də daha çox önəm kəsb edir. Çünki adları sadalanan əyalətlərinin böyük əksəriyyətinin Güney Azərbaycanın bir hissəsi olduğunu, həmin əyalətlərdə Azərbaycan türklərinin çoxluq təşkil etdiyini hətta Azərbaycanın düşmənləri də inkar edə bilmir. Kürdlərin Azərbaycan torpaqlarına iddialarını diqqətdə saxlamaq lazım olsa da, kürdlərin Azərbaycan torpaqlarını işğal etmək gücü olmadığı üçün əsas diqqət Tehran şəhərinin də daxil olduğu Tehran əyalətinə yönəlməlidir.

İranın bölünəcəyi, Güney Azərbaycanın müstəqillik qazanacağı zaman Tehranın gələcəyinin necə olacağı əcnəbi tədqiqatçıları və jurnalistləri də düşündürməyə başlayıb. Siyasi islamı tədqiq edən ispan alim Xavyer Villar (Xavier Villar) Doğu və Batı Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Gilan, Mərkəzi və Qum əyalətində Azərbaycan türklərinin əsasən çoxluq təşkil etdiyini qeyd etdiyi kimi Tehranın əhalisinin əhəmiyyətli bir hissəsinin azərbaycanlılar təşkil etdiyindən bəhs edib.

Tehranın əhalisinin əhəmiyyətli bir hissəsinin azərbaycanlıların təşkil etməsi isə yeni mövzu deyil.

1977-1982-ci illərdə SSRİ-nin İranda fövqəladə və səlahiyyətli səfiri olmuş Vladimir Vinoqradov 1987-ci ildə yazdığı “Şahdan Xomeyniyə” adlı məqaləsində səfir olduğu vaxt Tehranda bir milyon yarım azərbaycanlı yaşadığını yazır. Qeyd edək ki, 1976-cı il İran siyahıyaalınmasına görə, Tehranın əhalisi təxminən 4,49 milyon nəfər olub. Həmin dövrdə İranın əhalisi də təxminən 33-34 milyon nəfər olub.

Vinoqradovla eyni dövrdə sovet kəşfiyyatının İrandakı rezidenti olmuş Leonid Şebarşin “Moskvanın əli. Xarici kəşfiyyat rəisinin qeydləri” kitabında Tehranın əhalisindən bəhs edərkən Tehranda böyük Azərbaycanlı icmasının olmasını islam inqilabının gerçəkləşməsini təmin edən əsas amillərdən biri olaraq qeyd edir.

Vinoqradov və Şebarşinin bəhs etdiyi dövr Azərbaycan türklərinin hamısının milli mənsubiyyətini dərk etdiyi dövr deyildi. Hətta bu gün də İranda yaşayan bütün soydaşlarımızın milli kimliyini dərk etdiyini söyləmək mümkün deyil.

Bu mənada 2010-cu ildə İranda keçirilmiş “Ölkənin ümumi mədəniyyət göstəricilərinin öyrənilməsi və ölçülməsi layihəsi”nin nəticələrini mübahisəsiz qəbul etmək mümkün deyil.

Həmin layihə çərçivəsində 2010-cu ildə Tehran əyalətinin ana dilinə əsasən etnik tərkibi ilə bağlı araşdırma aparılıb. Araşdırmanın nəticələrinə görə, Tehranın əhalisinin 41.10 faizini fars dilini ana dili hesab edənlər, 34.50 faizini türk dilini ana dili sayan Azərbaycan türkləri təşkil edir. Heç şübhəsiz ki, fars dilinin dövlət dili olduğu totalitar bir ölkənin paytaxtında yaşayan azərbaycanlıların heç də hamısı ana dilinin Azərbaycan (türkcəsi) dili olduğunu ifadə etməyib. Xüsusilə dini, hərbi və mülki bürokratiyada təmsil olunan azərbaycanlıların bir qisminin öz ana dilləri kimi fars dilini göstərmələri mümkündür. Digər tərəfdən ana dilinin hansı dil olduğunu göstərməyənlərin çox böyük hissəsinin məhz azərbaycanlılar olduğunu ehtimal etmək də çətin deyil. Totalitar bir dövlətdə belə hallar həmişə və dünyanın hər yerində müşahidə olunur.

Tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Kazımi “İranın müasir etno-mədəni mənzərəsi” adlı məqaləsində belə yazır: “Əlbəttə ki, Tehran əhalisinin marginallaşdırıldığını bilirik. Ölkənin paytaxtı olaraq Qacarlar zamanından bu şəhər “ərbablar” və “nökərlər” şəhəri sayılır. Hətta nökər olmaq üçün də fars dilini ləhcəsiz bilməli və danışmalısan. Tehranda çox sayda türk və kürd ailələri özlərini fars olaraq təqdim edib, hətta qohum və yaxınları ilə görüşəndə belə ana dilində danışmayıb ki, “səviyyəsi” aşağı düşər. Belə tehranlıların övladları indi bir azərbaycanlı ilə rastlaşanda nostalji ilə “pedəre bozorge mən həm tork bude...” (mənim də babam türk olub) deyir”.

Bütün bunlar isə onu deməyə əsas verir ki, Tehranda azərbaycanlılar azlıq deyil, çoxluq təşkil edir. Bu mənada Tehran əyalətinin 15 milyona çatan əhalisinin 8.5 milyonunu azərbaycanlıların təşkil etməsi haqqında Pərviz Kazıminin məlumatını gerçəkliyə daha yaxın hesab edirəm. Ancaq hətta 15 milyonun yarısını soydaşlarımız təşkil edirsə, bu artıq bizi ciddi düşünməyə vadar etməlidir. Ona görə də İranın bölünməsi, Güney Azərbaycanın istiqlalından danışarkən Tehranı unutmaq fəlakətli səhv olar.

Tehran Güney Azərbaycanın bir parçasıdır və belə də qalmalıdır!

Xaqani Cəfərli,
politoloq

Bizə qoşulun