Bəzi hallarda vətəndaşlar kredit borcunu tam ödəsələr də, onların kredit tarixçəsi mənfi olaraq qalır. Bu isə xüsusilə yeni kredit götürmək istəyən zaman problemlər yarada bilir. Bəs bu məsələ necə tənzimlənir?
Medianews.az bildirir ki, iqtisadçı Fuad İbrahimov Metbuat.az-a açıqlamasında qeyd edib ki, əgər vətəndaş ödəmə prosesində müxtəlif gecikmələr edibsə və sonda krediti ödəyibsə, bu tarixçə əlbəttə ki, sistemdə qalır. Burada əsas məsələ kreditin ümumilikdə ödənilməsi deyil:
“Lakin ödəniş qrafikində ləngimələr qeydə alınıbsa, bu məlumat mütləq şəkildə təxminən 5 il, bəzi hallarda isə 10 ilə qədər tarixçədə görünə bilər. Bəzən vətəndaşlar gecikmələrdən danışmırlar, sadəcə bildirirlər ki, krediti ödəyiblər. Aydındır ki, kredit ödənilməlidir, çünki ödənilməsə, məsələ məhkəməyə qədər gedib çıxa bilər. Kredit götürən hər bir şəxs üçün əsas öhdəlik borcu qaytarmaqdır. Ancaq ödənişlər gecikdirildikdə, həmin gecikmələr kredit tarixçəsində qeyd olunur və sonradan da görünür. Buna görə də bu məsələni mütləq nəzərə almaq lazımdır”.