Medianews.az
Marketdə məhsul qırılarsa,
64 baxış

Marketdə məhsul qırılarsa, cavabdeh kimdir?

Supermarketdə alış-veriş edərkən təsadüfən məhsulun qırılması və ya zədələnməsi tez-tez rast gəlinən hallardandır. Bəs belə vəziyyətdə zərəri müştəri ödəməlidir, yoxsa mağaza?

Medianews.az-ın məlumatına görə, Azərbaycan qanunvericiliyinə əsasən, bu cür hallarda məsələ hadisənin necə baş verməsindən asılı olaraq qiymətləndirilir.

Mülki Məcəlləyə əsasən, əmlakın təsadüfən zədələnməsi riski əsasən onun sahibinin, yəni mağazanın üzərinə düşür. Əgər müştəri normal davranıb və məhsul təsadüfən yıxılıbsa, bu halda zərəri ödəmək məcburiyyəti olmaya bilər. Məsələn, malların düzgün yerləşdirilməməsi və ya rəflərin qeyri-sabit olması belə hallara səbəb ola bilər.

Lakin zərər müştərinin kobud ehtiyatsızlığı nəticəsində baş verərsə, məsələn, mallarla diqqətsiz davranmaq və ya uşaqların nəzarətsiz hərəkəti zamanı mağaza ziyanın ödənilməsini tələb edə bilər.

Təcrübəyə əsasən, belə məsələlər adətən tərəflər arasında razılaşma ilə həll olunur. Zərərin müştərinin günahından baş verdiyini sübut etmək isə mağazanın üzərinə düşür. Lakin zərurət yarandıqda istehlakçılar bu kimi məsələlərdə İqtisadiyyat Nazirliyinin İstehlakçı Hüquqlarının Qorunması İdarəsinə müraciət edə bilərlər.

Bizə qoşulun