Model, bloqer Çelsi Baxşıyevanı videoları ilə təhdid etdiyi deyilən Fövqəladə Hallar Nazirliyində Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiri Anar Pirməmmədovun vəzifəsindən azad edildiyi barədə məlumat vermişdik.
Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə vəzifəsindən azad edilən Anar Pirməmmədovla bağlı bəzi məqamlar diqqət çəkir.
Medianews.az-ın məlumatına görə, Anar Pirməmmədovun atası Həsrət Pirməmmədov uzun illər prokurorluq orqanlarında çalışıb.
O, sovet dövründə keçmiş Puşkin (indiki Biləsuvar) rayonunda prokuror köməkçisi vəzifəsində işləyib. Daha sonra Baş Prokurorluğun Dövlət İttihamı İdarəsində fəaliyyət göstərib, xüsusilə mühüm işlər üzrə müstəntiq kimi çalışıb.
Həsrət Pirməmmədov sabiq baş prokuror Eldar Həsənovun rəhbərliyi dövründə Ağcabədi rayon prokuroru vəzifəsinə təyin olunub.

Sonrakı mərhələdə isə Səbail rayon prokuroru vəzifəsində fəaliyyət göstərib.
Zakir Qaralovun baş prokuror olduğu dövrdə Yasamal rayon prokuroru vəzifəsinə gətirilib. O, həmin rayonda iki müddət səlahiyyətlərini icra etdikdən sonra yenidən bu vəzifəyə təyin olunub.
Yasamal rayon prokuroru işlədiyi dövrdə onun müavinlərindən biri sonradan Milli Məclisə deputat seçilən,Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev olub. Bildirilir ki, həmin dövrdən etibarən bu çevrədə müəyyən yaxın münasibətlər formalaşıb.
Mənbələrin məlumatına görə, ailənin digər üzvləri də müxtəlif dövlət qurumlarında fəaliyyət göstəriblər.
Həsrət Pirməmmədovun qardaşı uzun müddət Təhsil Nazirliyində aparat rəhbəri vəzifəsində çalışıb. Digər qardaşı İlham Pirməmmədov bədən tərbiyəsi təhsili almasına baxmayaraq, hazırda Texniki Universitetdə prorektor vəzifəsində çalışır.
CityPost.az yazır ki,ailənin daha bir üzvü,Anar Pirməmmədovun qardaşı – Atakişi Pirməmmədov isə Ədliyyə Nazirliyində mühüm vəzifələrdən birində çalışır.
Saytın yazdığına görə, Pirməmmədovlar əslən Qazax rayonunun Daşsalahlı kəndindəndilər.