Venesuela lideri Nikolas Maduronun ABŞ xüsusi təyinatlıları tərəfindən ələ keçirilməsi xəbəri Vaşinqtonda siyasi şok effekti yaratdıqdan dərhal sonra ABŞ siyasətində diqqətlərin mərkəzinə çıxan adam prezident Donald Tramp yox, Dövlət katibi Marko Rubio olub.
Musavat.com xəbər verir ki, bu barədə nüfuzlu Politico saytı maraqlı məlumat yayıb.
Saytın xəbərinə görə, əməliyyatın ilk saatlarında Rubio gecə yarısından etibarən senatorlarla telefon əlaqəsinə keçərək qərarın əsaslandırılmasını izah edib. Rubio uzun illər Senatda çalışdığı üçün ABŞ Konqresində şəxsi əlaqələrə malikdir və bu dəfə həmin şəbəkə dövlət administrasiyasının Venesuela planının Konqresdə legitimləşdirilməsi üçün istifadə olunub.
İllinoys ştatından Demokrat senator Dik Dörbin Rubionu “peşəkar və kompetent dövlət rəsmisi” adalndırıb və onun məlumatlarının “məlumat almaq baxımından olduqca faydalı olduğunu” deyib. Virciniya senatoru Tim Keyn isə Rubionun Latın Amerikası məsələlərində “xüsusi bilik və fokus”a malik olduğunu qeyd edib, amma Venesuelada keçid lideri kimi Delsi Rodrigezin önə çıxarılmasını tənqid edib.
Çərşənbə günü Kapitoliyə gələn Rubionu konqresmenlər bir növ “administrasiyanın əsas rabitə xətti” kimi qarşılayıb. Respublikaçıların Senatdakı ikinci lideri Con Barrasso brifinqi belə təsvir edib: “Rubio söhbəti başlayır, qeydlərə baxmır, bütün prosesi izah edir. Bu regionu və aktorları yaxşı tanıyır.”
Rubio həmin gün Senat azlıq lideri Çak Şumerlə də qucaqlaşıb qısa söhbət edib. Şumer Rubionu tərifləməsə də, dövlət katibi təyinatına dəstək verdiyinə görə peşman olduğunu da deməyib. Lakin o, administrasiyanın Venesuela strategiyası barədə “dərin narahatlıq keçirdiyini” də dilə gətirib.
Rubionun Konqreslə əlaqələri yalnız Demokratlarla məhdudlaşmayıb. O, Respublikaçı senatorlarla da danışıb. Yuta senatoru Mayk Li əvvəlcə sosial şəbəkədə hüquqi əsasın olub-olmadığını soruşub, lakin iki saatdan sonra yenidən paylaşım edərək Rubionun ona izah verdiyini, əməliyyatın prezidentin Konstitusiyanın II maddəsinə əsaslanan inherent səlahiyyətlərinə (prezidentlik vəzifəsindən irəli gələn, Konstitusiyada açıq göstərilməyən səlahiyyət) uyğun olduğunu yazıb.
Rubio eyni zamanda Senat çoxluq lideri Con Tyun və Nümayəndələr Palatasının spikeri Mayk Consonla da əlaqə saxlayıb. Conson onu “hazırda Amerika üçün əsl hədiyyə” adlandırıb. Barrasso isə bildirib ki, “onunla işləyən senatorların əksəriyyəti Rubionu hələ də etibarlı tərəfdaş hesab edir.”
Demokrat qanadında isə daha incə yanaşma hakimdir. Konnektikut senatoru Kris Merfi Rubionu “Latın Amerikası üzrə ideoloji cəhətdən ardıcıl və əsl neokon” adlandıraraq deyib: “Rubio uzun illərdir regionda avtoritar rejimlərə qarşı çıxmağı müdafiə edir. Onun bu rolu təəccüblü deyil.”
Rubio hazırda administrasiyanın Venesuela siyasətində faktiki əsas simalardan birinə çevrilib. ABŞ mediası yazır ki, Venesuela əməliyyatında Drujezdən sonra ABŞ-ın keçid üçün düşündüyü model faktiki olaraq Delsi Rodrigezin Vaşinqtonun dəstəyi ilə idarəetmədə saxlanmasıdır. Bu isə həm Respublikaçıların, həm Demokratların, həm də təhlükəsizlik mütəxəssislərinin siyasətin davamlılığı ilə bağlı suallar verməsinə səbəb olub.
Belə görünür ki, Dövlət Departamentindəki əsas fiqur artıq aydındır: Venesuela məsələsində Konqresi yönləndirən adam Marko Rubiodur.