Medianews.az
“Vaxtilə yanımızda ofisiant, operator, köməkçi işləyən qızlar gedib xına yaxır,
243 baxış

“Vaxtilə yanımızda ofisiant, operator, köməkçi işləyən qızlar gedib xına yaxır, toy sahibinə deyirlər ki, neynirsən Naziləni?” - FOTO + ÖZƏL

“Toy sahibinin kübar olması, onun qonaqlarının da kübar olması anlamına gəlmir. Mən toy sahibi olaraq kübar biri ola bilərəm, amma qonaqlarım hər çeşiddə olar. Toy isə öz sahibinə bənzəyir. Bəzən kübar toy sahibi kübar musiqiləri ifa edən müğənniləri çağırır, qonaqları toyda darıxır. Çünki kübar, zəngin musiqi hər kəsin qidası deyil. Ona görə də ən kübar toylarda belə ara oxuyanlar iştirak etməyə başlayır. Sırf o qonaqları nəzərə almadan”.

Bunu Medianews.az-a açıqlamasında tanınmış şair Nazilə Səfərli deyib.

O daha sonra bugünki toyların dəbindən danışıb: “Keçmişdə toyu bir müğənni başlayardı, o da sona qədər bitirərdi. Ağırlıq bir müğənninin üstünə düşürdü və həmin gecə ondan bütün yaradıcılığını alırdılar. İndi toyu oxumaq asanlaşıb. Toy konsert olub. Yarım saat gəlirlər və şah əsər bildiklərini ifa edirlər. Elə ara müğənniləri var ki, onlar tanınmırlar deyə arada qalıblar. Tanınandan, özlərini təsdiqləyəndən sonra yenə də öz kübar musiqilərini ifa edirlər. Çox təəssüf olsun ki, ara mahnıları ilə tanınanlar sonradan ən keyfiyyətli musiqiləri ifa etsələr belə, onlar tamaşaçı, dinləyici tərəfindən qəbul olunmur. Lori dildə desək yeyilmirlər. Musiqi ruhun qidasıdır. Məni narahat edən hansısa nüans yoxdur. Çünki mən olduğum məclislərdə çoxlu sayda əməkdar, xalq artistləri, canlı əfsanələr ifa edirlər. Lovğalanmaqla deyilki.. Elə insan var ki, ona nə qədər zəngin musiqi dinlətsən yenə də onu tərpətmir. Toy sadəcə bir əyləncədir, bayramdır. Mənim ürəyim istəyir ki, öz balamın toyunda qara zurna havasına rəqs edim. Nə məcburdur ki, ora aria, romans oxuyanları çağırım? Mən nəyəmsə oyam. Biz kiməsə göstəriş üçün popu, cazı, roku dinləyirəm deyə bilərik. Amma içimizdəki musiqi əgər o deyilsə özünü biruzə verir. Toy da hər bir insanın, valideynin imtahan verdiyi bir gündür. Düzdür, bu gün toylarda oxuyan müğənniləri valideynlərdən çox toy səbəbkarları təsdiqləyir. Hərçənd ki, o müğənnilərin pulunu valideynlər verir. Toyun müğənnilərini bəy və gəlin təsdiqləyir. Hətta valideyn seçdiyi müğənnini bəy və gəlin etiraz edib, sonradan dəyişə bilir”.

Şair xına məclislərinə qeyri-peşəkarların da ayaq açdığını bildirib: “Xına məclisləri toyların sayı qədərdir. Çoxala bilməz. Toy nə qədərdirsə, xına da o qədərdir. Hətta ola bilər ki, xına məclisləri toylardan da bir az azdır. Bu da normal haldır. Düzdür, bir zamanlar bizim yanımızda ofisiant, operator, köməkçi işləyən qızlar var ki, gedib xına yaxırlar. Bizlərə baxıb nəsə öyrəniblər. Onu bildikləri, qavradıqları tərzdə tətbiq edirlər. Bəzən də toy sahibi naşi adam olur. Həmin şəxslər deyir ki, biz özümüz sizin üçün xınayaxan da, hər şey gətirərik. Neynirsiz Naziləni? Yaxud Çinarəni? Bir az ucuz və keyfiyyətsiz adam çağırırlar. Şəxsən mən bütün toylara yetişə bilmərəm ki. Allah hamının ruzisini versin”. 

Nazilə Səfərli arzularından da danışıb: “Mənim bütün arzularım cibimdəki pul qədərdir. Cibimdə pul nə qədərdirsə, arzum da o qədərdir. Nənəm deyirdi ki, yağ yeyəndə yaza çıxır, yarma yeyən də. Bütün hallarda heç kim ölmür. Kimi bir az az yeyir, kimi bir az çox yeyir. Amma insanların arzusu büdcəsi ilə uyğun gəlməlidir. Büdcəsi ilə uyğun gəlməyəndə insan ömür boyu xoşbəxt ola bilmir. Onun-bunun mülkünə həsəd aparır. O mən deyiləm. Hər halımla xoşbəxt olmaq istəyirəmsə büdcəmə görə yaşamalıyam. 

Əli Əsgər 

Medianews.az

Bizə qoşulun