BMT-nin qlobal təhsil üzrə xüsusi nümayəndəsi, 2007-2010-cu illərdə Böyük Britaniyanın baş naziri olmuş Qordon Braunun “The Guardian” qəzetində “Uşaqlar öldürülür, məktəb qəbiristanlığa çevrilir: müharibə şəraitində belə buna göz yummaq olmaz” başlıqlı məqaləsi dərc olunub.
Medianews.az-ın məlumatına görə, məqalədə deyilir ki, məktəblərin bombalanması və uşaqların öldürülməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və bu cür cinayətləri törədənlər mütləq məsuliyyətə cəlb edilməlidir.
Müəllif yazır ki, fevralın 28-də İranın Minab şəhərində yerləşən Şəcərə Tayyibə məktəbinin bombalanması nəticəsində əksəri məktəbli qızlar olmaqla 168 nəfərin həlaak olması dünya ictimaiyyətini sarsıdıb. Dərs vaxtı baş verən hücum nəticəsində məktəb binası dağılıb, sinif otaqları isə kütləvi məzarlığa çevrilib.

Qordon Braun qeyd edir ki, hadisə ilə bağlı məsuliyyət məsələsi mübahisə doğurur. ABŞ prezidenti Donald Tramp hücumun ABŞ-la əlaqəsi olmadığını bildirib və bunun İran tərəfindən həyata keçirilmiş ola biləcəyini iddia edib. Lakin BBC-nin araşdırması zamanı məktəb yaxınlığına ABŞ istehsalı olan “Tomahawk” raketlərinin düşdüyü barədə sübutlar ortaya qoyulub. Araşdırmada hadisə yerinə İran tərəfindən atılmış ayrıca raketin düşməsinə dair sübut tapılmadığı bildirilib.
Məqalədə vurğulanır ki, məktəblərə hücumlar təkcə bir ölkə və ya bir münaqişə ilə məhdudlaşmır. Dünyada müxtəlif silahlı qarşıdurmalar nəticəsində minlərlə uşaq həyatını itirir, yüz minlərlə şagird isə təhsil hüququndan məhrum olur. Məsələn, araşdırmalara görə, Qəzza və İordan çayının qərb sahilində yüz minlərlə fələstinli şagird təhsil imkanlarından məhrum qalıb, bölgədə məktəblərin böyük hissəsi dağıdılıb və ya zədələnib.

Qordon Braun yazır ki, beynəlxalq humanitar hüquq – o cümlədən Cenevrə konvensiyaları və Uşaq Hüquqları Konvensiyası – məktəblərə və uşaqlara qarşı hücumları qəti qadağan edir. Roma Statutuna görə, təhsil müəssisələrinə hücum müharibə cinayəti sayılır və belə hücumlara göstəriş verən və ya onları bilə-bilə həyata keçirən şəxslər beynəlxalq məhkəmələr qarşısında cavab verməlidirlər.
Müəllif hesab edir ki, mövcud mexanizmlər uşaqları qorumaq üçün yetərli deyil. Onun fikrincə, məktəblərin bombalanması, şagirdlərin oğurlanması və silahlı qruplar tərəfindən uşaqların istismarı kimi hallara baxılması üçün uşaqlara qarşı cinayətlər üzrə xüsusi beynəlxalq tribunalın yaradılması müzakirə olunmalıdır.

Məqalənin sonunda Qordon Braun qeyd edir ki, məktəblər müharibə meydanına çevrilməməlidir. Onun fikrincə, dünya ictimaiyyəti belə bir açıq mesaj verməlidir: harada fəaliyyət göstərməsindən və kimin göstərişini icra etməsindən asılı olmayaraq uşaqlara hücum çəkən liderlər gizlənməyə yer tapmayacaq.