Yeni beynəlxalq araşdırma övlad sahibi olmağın insanların xoşbəxtlik və həyat məmnuniyyətinə təsirini araşdırıb. Nəticələr göstərir ki, valideyn olmaq cəmiyyətdə geniş yayılmış təsəvvürün əksinə olaraq uzunmüddətli xoşbəxtliyi əhəmiyyətli dərəcədə artırmır.
Medianews.az xəbər verir ki, alimlər tədqiqatı 12 ölkədən 5 min 500-dən çox insanın iştirakı ilə aparıblar.
İştirakçılar xoşbəxtlik, həyat məmnuniyyəti, emosional vəziyyət, valideynlik və münasibət statusu ilə bağlı sualları cavablandırıblar.
Araşdırmada xüsusi diqqət insanların ailə vəziyyətinə yönəldilib. Alimlərin fikrincə, əvvəlki tədqiqatların bir çoxunda bu amil nəzərə alınmayıb. Halbuki romantik münasibətdə olan insanların həm uşaq sahibi olma ehtimalı daha yüksəkdir, həm də onların emosional rifahı və həyat məmnuniyyəti subay insanlarla müqayisədə daha yüksək olur.
Məlumatların təhlili göstərib ki, valideynlər və övladı olmayan şəxslər xoşbəxtlik və həyat məmnuniyyəti baxımından demək olar ki, eyni nəticələr göstərirlər. Valideynlər həyatın mənalı olması hissini bir qədər yüksək qiymətləndirsələr də, bu fərq olduqca cüzidir.
Tədqiqat müəllifləri hesab edirlər ki, valideynlik ya xoşbəxtliyə neytral təsir göstərir, ya da onun təsiri çox zəifdir. Onların fikrincə, uşaq sahibi olmaq uzunmüddətli deyil, daha çox qısamüddətli sevinc və müsbət emosiyalar yaradır. Məsələn, uşağın ilk sözü və ya ilk addımı valideynlərdə güclü sevinc hissi yaratsa da, bu emosiyalar zamanla adi səviyyəyə qayıdır.
Alimlər bildirirlər ki, bunun təkamül baxımından da məntiqi izahı var. Çünki emosiyaların əvvəlki səviyyəyə qayıtması valideynlərdə yenidən xoş anlar yaşamaq istəyi yaradır və uşaq böyütməyin çətinlikləri – yuxusuz gecələr, gündəlik qayğılar və maliyyə yükü fonunda motivasiyanı qorumağa kömək edir.
Araşdırma müəllifləri vurğulayırlar ki, əldə olunan nəticələr ailə planlaşdırılması ilə bağlı qərar vermək üçün kifayət etmir. Bununla belə, onlar gələcək valideynlərə xəbərdarlıq edirlər ki, əgər uşaq sahibi olmağın uzunmüddətli və davamlı xoşbəxtlik gətirəcəyini gözləyirlərsə, bu gözlənti böyük ehtimalla özünü doğrultmayacaq.