UEFA-nın klub turnirlərinin 2025-2026 mövsümündə mübarizəni qurumun 29 üzvünün 72 komandası davam etdirir. Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının hər birində 8 komanda 1/8 finalda, 16 komanda 1/16 finaldadır. Azərbaycan təmsilçisi “Qarabağ” Çempionlar Liqasının 1/16 finalında yer alır.
Avropa Liqasının finalı mayın 20-nə (İstanbul), Konfrans Liqasının finalı mayın 27-nə (Leypsiq), Çempionlar Liqasının finalı mayın 30-na (Budapeşt) təyin olunub.
Medianews.az bildirir ki, UEFA-nın klub reytinqinin ilk pilləsində İngiltərə dayanır. Azərbaycan 55 UEFA üzvü arasında 26-cıdır.
Reytinq klub turnirlərinin son beş mövsümündə qazanılan əmsallara əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır. Liqa mərhələsindən başlayaraq finala qədər bonus xalları da var.
Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır. Azərbaycan bu mövsüm 5,812 əmsal əldə edib.