Mən həkim deyiləm, ailəmdəki həkimlərin də bəhs edəcəyim problemləri yoxdur. Problem bizim gənc həkimlərimizin, səhiyyəmizin sabahı olan idealist, iş həyatının sonuna qədər 11+2 il təhsil almalarına rəğmən durmadan oxuyan, öyrənən gənc təbiblərimizindir.
Bu yazını əslində rəsmi qurumlarımıza – Səhiyyə Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupuna ünvanlayıram. Onların hər birinin funksiyası fərqli olduğu üçün, bu məktubun vahid, lakin hər üç qurumun səlahiyyət və maraq dairəsinə xitab edən rəsmi-analitik formatda yazılmasına çalışdım.
Hörmətli nazir, hörmətli komitə sədri və hörmətli millət vəkilləri!
Bu yazıdakı məqsədim qardaş Türkiyə Respublikasında uzmanlıq (rezidentura) təhsili alan və gələcəkdə ölkəmizin tibb sahəsinə böyük töhfələr verməyə hazırlaşan minlərlə gənc azərbaycanlı “asistan həkimin” qarşılaşdığı ciddi hüquqi və sosial problemə diqqətinizi cəlb etmək, bu məsələnin dövlətlərarası dialoq müstəvisində həllinə dəstək verməyinizi xahiş etməkdir.
Bildiyim qədəri ilə bu qurumlar mövcud problemdən xəbərdardırlar və onlar lazımi dəstəyi göstərmək üçün addımlar da atıblar. Ancaq gəlinən nöqtədə aydın olur ki, problem çözülsə Ankarada çözüləcək. Bu səbəbdən də ümid edirəm ki, rəsmi orqanlarımız birləşib məsələni həll etmək üçün daha ciddi addımlar atacaq, rəsmi Ankaranı ədalətli qərar verməyə nail olacaqlar.
Hazırda Türkiyənin aparıcı tibb universitetlərində və dövlət xəstəxanalarında uzmanlıq təhsili alan əcnəbi həkimlərin böyük əksəriyyətini – təxminən 85-90 faizini Azərbaycan Respublikasının vətəndaşı olan gənclər təşkil edir. Bu gənclər ağır iş şəraitində, gərgin növbə qrafikləri ilə çalışaraq həm böyük təcrübə qazanır, həm də çalışdıqları səhiyyə müəssisələrində insan həyatının xilası naminə fədakarlıq nümayiş etdirirlər. Onların ən böyük hədəfi bu çətin və şərəfli təhsil yolunu uğurla tamamlayaraq Vətənə qayıtmaq və Azərbaycan səhiyyəsinin inkişafında yaxından iştirak etməkdir.
Lakin Türkiyə Böyük Millət Məclisinə (TBMM) 02.07.2026-cı il tarixində təqdim edilən 117 sıra nömrəli “Ali Təhsil Qanunu və bəzi qanunlarda dəyişiklik edilməsinə dair Qanun Təklifi”nin 1-ci maddəsi bu gənclərin gələcəyini və təhsillərini davam etdirmək imkanlarını ciddi təhlükə altına qoyur. Belə ki, qanun layihəsində nəzərdə tutulan yeni tənzimləmə əcnəbi asistan həkimlərin çalışdıqları xəstəxanaların dövriyyə kapitalından (döner sermaye) əlavə ödəniş almasının qarşısını almağı hədəfləyir.
Türkiyədəki mövcud iqtisadi şərait, yüksək kirayə və yaşayış xərcləri fonunda asistan həkimlərin aldığı baza təqaüdünün minimal yaşayış ehtiyaclarını belə qarşılamadığı hər kəsə məlumdur. Dövriyyə kapitalından edilən ödənişlər bu gənclər üçün əlavə gəlir deyil, onların ağır əməyinin qarşılığı və təhsillərini yarımçıq qoymamalarının yeganə maddi dayağıdır. Həmçinin, bu tənzimləmə Türkiyə Konstitusiya Məhkəməsinin 28.06.2022-ci il tarixli (2019/39033 nömrəli) bərabərlik və ayrı-seçkiliyin yolverilməzliyi ilə bağlı qəbul etdiyi rəsmi qərara da tamamilə ziddir.
Hörmətli dövlət rəsmiləri və millət vəkilləri!
Türkiyədə təhsil alan bu gənclər bizim gələcək intellektual və tibbi kapitalımızdır. Qanun layihəsinin bu şəkildə qəbul edilməsi minlərlə azərbaycanlı gəncin maddi imkansızlıq səbəbindən uzmanlıq təhsilini yarımçıq qoymasına, mənəvi sarsıntı keçirməsinə və böyük kadr itkisinə yol aça bilər.
Müvafiq qurumların Türkiyədəki həmkarları ilə mövcud sıx və səmimi münasibətlərini bildiyim üçün sizdən bu məsələyə təcili reaksiya verməyinizi xahiş edirəm.
İnanıram ki, iki qardaş ölkə arasındakı yüksək səviyyəli strateji müttəfiqlik münasibətləri çərçivəsində reallaşdırılacaq rəsmi dialoq və məsləhətləşmələr vasitəsilə sözügedən qanun təklifinin 1-ci maddəsinin layihə mətnindən çıxarılmasına və ya azərbaycanlı həkimlərin hüquqlarının qorunacağı şəkildə yenidən tənzimlənməsinə nail olmaq mümkündür.
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı asistan həkimlərin bu məsələ ilə bağlı geniş hüquqi və sosial əsasları ehtiva edən müraciət məktubunun mətnini rəsmi yazıma əlavə olaraq diqqətinizə təqdim edirəm.
Gənc həkimlərimizin səsinə səs verəcəyinizə və mövcud problemin həlli istiqamətində zəruri addımları atacağınıza dərin ümid və hörmətlə,
İbrahim Nəbioğlu