UEFA-nın klub turnirlərinin 2026-2027 mövsümünə Azərbaycandan 4 komanda vəsiqə almışdı: Çempionlar Liqasına “Sabah”, Avropa Liqasına “Qarabağ”, Konfrans Liqasına “Turan Tovuz” və “Neftçi”.
İyunun 3-də yayılan məlumata görə, UEFA İntizam Komitəsi “Turan Tovuz”u mövsümdən kənarlaşdırıb, bunu komandanın 7 futbolçusunun 2019-cu ildə yerli çempionatda danışılmış oyunlara görə futboldan uzaqlaşdırılması ilə əsaslandırıb.
Medianews.az bildirir ki, bu qərar Azərbaycanın Konfrans Liqasında təmsilçiliyinin yenilənməsi deməkdir. “Turan Tovuz” 2025-2026 mövsümündə Azərbaycan premyer liqasını üçüncü pillədə başa vurub Konfrans Liqasına ikinci mərhələdən başlamaq hüququ əldə etmişdi.
Ölkə çempionatını dördüncü pillədə bitirmiş “Neftçi” isə Konfrans Liqasına birinci mərhələdən start verməli idi.
Reqlamentə görə, indi “Neftçi” Konfrans Liqasına ikinci mərhələdən başlamalı, “Turan Tovuz”u isə Azərbaycan premyer liqasının 2025-2026 mövsümünü beşinci pillədə bitirmiş “Zirə” əvəzləməlidir. Ancaq “Zirə” Konfrans Liqasına ikinci yox, birinci mərhələdən başlamalı olacaq.
2026-2027 mövsümündə Çempionlar Liqasına 81, Avropa Liqasına 45, Konfrans Liqasına 111 komanda buraxılır.
Hər üç turnirdə dörd təsnifat mərhələsi var. Çempionlar Liqasının birinci mərhələsində ələnənlər Konfrans Liqasına, qalan mərhələlərində ələnənlər Avropa Liqasına köçəcək, Avropa Liqası təsnifatlarında ələnənlər Konfrans Liqasına adlayacaq.
Reqlamentə görə, 36 komandalıq liqa mərhələlərində ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala çıxacaq.
Toğrul Əli,
Medianews.az