Medianews.az
Zəngəzur dəhlizinə rəhbər
215 baxış

Zəngəzur dəhlizinə rəhbər təyin edildi

ABŞ Dövlət Departamenti tərəfindən Zəngəur dəhlizində həyata keçiriləcək tikinti işləri üçün yaradılan “Tripp+ Enterprise Fund” fonduna Rusiya əsilli amerikalı investor Konstantin Sokolov rəhbər təyin olunub.

Medianews.az xəbər verir ki, ilkin kapitalı 201 milyon dollar olan fond ABŞ-nin təşəbbüsü olan TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsinin maliyyələşdirilməsi üçün yaradılıb. Layihə Azərbaycan, Ermənistan və Mərkəzi Asiyanı əhatə edən yeni nəqliyyat, enerji və logistika marşrutlarının inkişafına yönəlib.

Sokolov Çikaqoda yaşayan tanınmış investor və Respublikaçılar Partiyasının ən böyük donorlarından biridir. O, Donald Trampın ikinci prezidentlik dövründə Respublikaçılara 12 milyon dollardan çox vəsait bağışlayıb.

Yeni fondun vəsaitləri nəqliyyat dəhlizləri, dəmir yolları, enerji infrastrukturu, kritik faydalı qazıntılar, data mərkəzləri və logistika layihələrinə yönəldiləcək.

Konstantin Sokolov regionda artıq ciddi biznes maraqlarına malikdir. O, Ermənistanın ən böyük telekommunikasiya şirkətlərindən biri olan Viva Armenia-nın səhmdarlarından biridir. Bundan əlavə, enerji və rəqəmsal infrastruktur sahəsində fəaliyyət göstərən Northern Pillar Energy Consortium və Pelagos Data Centres şirkətlərində rəhbər vəzifələr tutur. ABŞ və İsveçrədə fəaliyyət göstərən investisiya şirkətlərinin təsisçisi kimi enerji, telekommunikasiya və infrastruktur layihələrinə milyardlarla dollar yönəldib.

ABŞ administrasiyası hesab edir ki, TRIPP layihəsi regionda yeni ticarət, tranzit və enerji marşrutlarının formalaşmasına təkan verəcək. Layihə çərçivəsində dəmir yolu, enerji və logistika infrastrukturunun qurulması, həmçinin Zəngəzur dəhlizi istiqamətində iqtisadi inteqrasiyanın gücləndirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Rusiyada doğulan Konstantin Sokolov 1997-ci ildə, 21 yaşında ABŞ-yə köçüb. O, fəaliyyətinə telekommunikasiya sektorunda başlayıb, daha sonra enerji, infrastruktur və maliyyə sahələrində böyük investisiya layihələrinin rəhbərlərindən birinə çevrilib./Globalinfo.az

Bizə qoşulun