Aksiyaçılara qarşı sərt represiya həyata keçirəcəyi halda etirazçılara kömək üçün İran rejiminə zərbə endirəcəyini vəd edən ABŞ Prezidenti Donald Trampın seçimi qalmadı.
Venesuaelada Nikolas Maduroya qarşı uğurli əməliyyatdan ruhlanan Donald Tramp İranda rejimi etirazçılara qarşı represiyaları dayandırmağa çağıraraq “Truth Social” şəbəkəsində belə bir açıqlama yaymışdı: “Əgər İran, vərdiş etdiyi kimi, dinc etirazçılara atəş açıb qəddarcasına onları məhv edirsə, ABŞ nümayişçilərin köməyinə gələcək. Biz hərəkətə keçməyə hazırıq”.
Respubliakçılar Partiyasının Senatdakı liderlərindən biri, Trampa ən yaxın senator hesab olunan Lindsi Qrem İran rejiminə səslənərək bəyan etdi ki, etirazçıları öldürməyə davam etsəniz, Tramp da sizi öldürəcək.
Ötən gün “Fox News” kanalında çıxışı zamanı senator Lindsi Qrem İran hökumətini məhv etməklə hədələyərək etirazçı xalqa yardımın “yolda” olduğunu bəyan edib. Lindsi Qrem İranda dəyişikliklərin hökmən olacağını, bunun isə Yaxın Şərq tarixində ən dərin dəyişikliklərə gətirəcəyini vəd edib.
Respubliakçılar Partiyasının Senatdakı təmsilçiləri arasında Trampa yaxınlığı ilə tanınan nüfuzlu senator Ted Kruz da İran xalqının yanında olduğunu bəyan edərək, Amerika xalqının iranlıların zülm boyunduruğundan azad edilməsini alqışladığını bildirib.
Son bir gün ərzində isə Qərbin aparıcı media orqanları, “Nyu-York Tayms”dan “Qardian”a kimi hamısı İrandakı etirazçıların Trampa ünvanlanmış yalvarış dolu müraciətlərini yayır. Tehrandakı küçələrdən birinə qeyri-rəsmi şəkildə Trampın adını verən etirazçılar video müraciətlə ABŞ Prezidentinə səslənərək rejimin onları öldürməsinə imkan verməməyə çağırıblar.
ABŞ-ın Yaxın Şərq üzrə aparıcı beyin mərkəzinin (The Washington Institute for Near East Policy – Yaxın Şərq Siyasəti üzrə Vaşinqton İnstitutu) baş elmi işçisi Holli Daqres İrandakı etirazçıların Trampa ünvanlanmış video müraciətini “X” sosial şəbəkəsindəki hesabında paylaşıb.
Bütün bunlardan sonra Trampın geri addım atması onun güclü lider obrazına ağır zərbə olar. Tramp hökmən İran rejiminə qarşı əməliyyatlar həyata keçirilməsinə əmr verməlidir. Üstəlik, bu, ABŞ-ın ən stajlı düşmənlərindən birini - İrandakı teokarik rejimi aradan qaldırmağa imkan verə bilər ki, nəticədə aralıq seçkiləri öncəsi Trampın və Respublikaçılar Partiyasının mövqeyi güclənə bilər.
Çox böyük ehtimlla Tramp yanvarın 9-nu, cümə günü keçiriləcək etirazları gözləyəcək və ondan sonra İrana qarşı əməliyyatları başladacaq. ABŞ-ın müdaxiləsindən və daxili təzyiqlərin təsiri ilə teokratik rejim dağıla bilər.
Güney Azərbaycan çökən rejimin dağıntıları altında qalmamalıdır. Əgər Güney Azərbaycan çökən rejimin dağıntıları altında qalsa, tarix və gələcək nəsillər bunu bizə bağışlamayacaq!
Xaqani Cəfərli,
politoloq