ABŞ Prezidenti Donald Trampın Kuba ilə bağlı səsləndirdiyi qalmaqallı fikirlər beynəlxalq arenada geniş rezonans doğurub.
Medianews.az xəbər verir ki, Tramp “Kubanı almaq mənim üçün şərəf olacaq” ifadəsini işlədərək, adaya nəzarət imkanlarından danışıb.
Bu açıqlamalar fonunda Rusiya və Çin sərt reaksiya verərək Kubaya dəstək mesajları göndərib.
Kremlin rəsmi bəyanatında Kubanın suverenliyini vurğulayaraq ABŞ prezidentinin sözlərinə qarşı çıxıb. Açıqlamada bildirilib ki, Kuba müstəqil dövlətdir və iki ölkə arasında əməkdaşlıq davam edəcək. Rusiya həmçinin ABŞ sanksiyalarının yaratdığı çətinliklər fonunda Kubaya dəstək verməyə hazır olduğunu bəyan edib.

Rusiyadan sonra Çin də konkret addım atıb. Çin Kubada davam edən enerji böhranını yüngülləşdirmək məqsədilə 5 min günəş enerjisi sisteminin quraşdırılmasına başlayıb. Bu təşəbbüsün elektrik kəsintilərinin təsirini azaltması və əsas sahələrdə enerji təminatını gücləndirməsi hədəflənir.

Trampın açıqlamaları ABŞ-Kuba münasibətlərindəki həssaslığı daha da dərinləşdirib. Rusiya və Çinin prosesə qoşulması isə vəziyyətin qlobal geosiyasi qarşıdurmaya çevrilə biləcəyi ilə bağlı ehtimalları artırıb.
ABŞ-ın uzunmüddətli sanksiyaları və enerji resurslarının çatışmazlığı səbəbindən Kubada elektrik böhranı davam edir. Uzunmüddətli işıq kəsintiləri gündəlik həyata ciddi təsir göstərir, istehsal və sosial xidmətlərdə problemlər yaradır. Bu fonda beynəlxalq dəstək addımları ölkə üçün həyati əhəmiyyət daşıyır.
Medianews.az