Aqrar elmləri üzrə fəlsəfə doktoru Teymur Cəlal oğlu Kərimov vəfat edib.
O, ötən gün dünyasını dəyişib.
Qeyd edək ki, T.Kərimov Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin baş elmi işçisi vəzifəsində çalışırdı.
T.Kərimov 1940-cı ilin 10 dekabrında Quba rayonunun İsnov kəndində anadan olub. 7 illik kənd məktəbini bitirdikdən sonra Quba kənd təsərrüfatı texnikumunun meyvə-tərəvəzçilik şöbəsini bitirib, Azərbaycan ETB və SBİ Quba Bağçılıq təcrübə stansiyasında fəhlə işləyib. Hərbi xidmətini başa vurduqdan sonra 1964-cü ildən Azərbaycan Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər Elmi-Tədqiqat İnstitutunun aqrokimya laboratoriyasında aqrotexnik vəzifəsində çalışıb. 1970-ci ildə Azərbaycan KTA-nın aqronomluq fakultəsini alim aqronom ixtisası ilə bitirib. 1975-1986-cı illərdə Az.ETB və SBİ-da kiçik elmi işçi işləmiş və Az.ETB və SBİ-nin aspiranturasını bitirib. 1988-ci ilin noyabr ayında Tbilisi ETBİ-da meyvəçilik ixtisası üzrə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi adına layiq görülüb. Ümumilikdə, 62 ildən artıq iş staja malik olub. 45 elmi əsərin, o cümlədən 31 elmi məqalə, 3 təlimat, 1 tövsiyə, 3 kitabça və 2 kitabın müəllifidir./nocomment.az/
