Şuşanın azad olunması uğrunda gedən döyüşlər Vətən müharibəsinin ən çətin və həlledici mərhələlərindən biri olub.
Bu barədə Baku TV-yə danışan Vətən müharibəsi iştirakçısı, qazi, ehtiyatda olan xüsusi təyinatlı qüvvələrin mənsubu Kamran İbrahimov həmin anları xatırlayıb.
Onun sözlərinə görə, səhər saat 6-7 radələrində ermənilər pusqu qurub hücuma keçiblər:
"Dağın ortasında idik. Yuxarıda da, aşağıda da düşmən mövqelənmişdi. Biz Xankəndidən gələn qüvvələrin Şuşaya daxil olmasının qarşısını alırdıq, digər qrup isə şəhər daxilində təmizlik aparırdı".
K.İbrahimov bildirib ki, ermənilərin atıb qaçdığı postlarından silah-sursat götürüb geri qayıdarkən düşmən tankı ilə üzləşiblər:
"Tank bizim istiqamətə yaxınlaşırdı, mənim mövqeləndiyim yer isə 50-60 metr uzaqlıqda idi. Gördüm ki, ora gedənə qədər tank məni görsə, vuracaq. Tanrı sanki yoxdan varlıq yaratdı, baxdım ki, dağdan gələn suyun asfaltın altından axıb keçməsi üçün boru var. Girdik ora, tank bizim üstümüzdən keçdi, yoxlanış edib qayıtdı".
Qazi deyir ki, həmin əməliyyat zamanı dəstənin 70 faizi şəhid olub, sağ qalanlar isə sonadək döyüşü davam etdiriblər:
"Şuşa şəhərinə girib içəridə təmizlik əməliyyatı apardıq. Bu, ən ağır döyüşlərdən biri idi. Çox yaxın məsafədə, demək olar ki, əlbəyaxa vuruşurduq. Bu əməliyyat həyatım boyu yadımdan çıxmaz".
Daha ətraflı Baku TV-nin videomaterialında: