Medianews.az
Sürüdülən sevgili meyiti
119 baxış

Sürüdülən sevgili meyiti

Yeniyetmə vaxtım idi, bir gün kəndimizin üzümçülük briqadirləri öz aralarında danışanda eşitdim ki, filan komitənin sədri məşuqəsinin yanında olarkən halı pisləşib və elə oradaca vəfat edib.

İndi komitənin adını da yaza bilərəm, vəfat edənin ad-soyadını da, amma etmirəm.

Birincisi, o komitə çoxdan ləğv olunub.

İkincisi, adam hələ də elinin hörmətli oğlu hesab edilir. Bu yaxınlarda sosial şəbəkədə onu “əvəzsiz el ağsaqqalı” adlandırmışdılar və buna şəkkim yoxdur. Hiss olunur ki, yaxşı kişi olub – 40-50 ildən sonra da belə yaxşı xatırlanırsa.

Üçüncüsü, bu şəxsi həyatdır, “Tütək səsi”ndəki İsfəndiyar kişi demişkən, “ürək-könül məsələsi”dir, heç kəsi qınamaq olmaz.

Buradan o nəticə çıxır ki, belə haqq-hesablar sovet dönəmində də vardı, sadəcə, o vaxtlar çox şey üstüörtülü idi, amma indi hər şey üstüaçıqdır. O vaxt “raykom”lar adi bir “Qaz-24” ala bilmirdilər, qorxurdular, amma indi İH başçıları qorxmurlar, tutulanda villalarının həyətindən lüks avtomobillərdən ibarət qaraj çıxır. Amma söhbət bunda deyil.

Söhbət ondadır ki, o cür ölümü (xüsusilə də sonrakı durumu) Allah heç kafir bəndəyə göstərməsin. Bax, budur, xəbər var ki, qərb rayonlarımızın birinin adı çəkilməyən kəndində 50 yaşlı qadın evdə ölmüş 36 yaşlı sevgilisinin cəsədini sürüyüb evdən 50 metr kənara atıb.

Əslində qadının 50, vəfat edən kişinin 36 yaşı vardısa, qadın, prinsipcə, meyiti 50+36 metr kənara sürüməliydi, amma bunun məsələyə dəxli olmayacaqdı, çünki meyit lap 100 metr kənarda tapılsa da, hamı biləcəkdi ki, onu hansı evdən sürüyüb gətiriblər. Kənd yerində bunu dərhal bilirlər.

Kriminal xəbərdə hadisə yerinə çevrilmiş kəndin, ölən kişinin və meyit sürüyən qadının adı çəkilmir. Düzü budur. Əslində rayonun adı da çəkilməməli idi. Gördüyünüz kimi, mən də rayonun adını yazmadım. Çünki belə hadisə hər bir rayonda ola bilər. Qonşu rayonların lağlağı sakinləri də deməsinlər ki, onlarda elə şey olmaz. Olar. Hər şey ola bilər. Həyatdır. Adama deyərlər, sizin rayondakıların ürəyi yoxdur?

Bu hadisədə qəribə olan sevgili cananla görüşən kişinin nisbətən cavan olmasıdır. Düzdür, sevgi məsələlərində yaşın fərqi yoxdur, amma səhhət məsələsində var. Əgər kişinin 50, qadının 36 yaşı olsaydı, ölüm hadisəsi qəribə görünməzdi. 36 yaşlı gənc adam niyə ölsün axı?

Xəlayiq belə yerdə deyir ki, nə oldusa, o pandemiyadan sonra oldu. Ürək-damar xəstəlikləri artdı, artıq cavan adamlar da bir balaca zora düşən kimi, yumşaq desək, səhhətlərində problem yaranır.

Bir də köhnə əyyamların xiffətini çəkənlər deyirlər ki, bizim vaxtımızda kişilər yalnız yaşlı vaxtı, həm də daha çox vəzifədən çıxarılandan sonra ürəkdən gedirdilər. “İndiki nəsil ...boşdur, bir az həyəcanlanan kimi ürəkləri dözmür”, - yaşlı adamlar deyirlər və xeyli haqlıdırlar.

Xatırladım ki, yar yanında rəhmətlik olmuş komitə sədrinin başına iş gələndə yaşı 60+ civarında olub.

Sözümün canı odur ki, indiki ortayaşlılar canlarındakı həvəsə baxmasınlar, sağlıq durumlarında müəyyən nasazlıqlar varsa, basa-basa kənddən-kəndə, yaxud şəhərin bu başından o başına həyəcanverici işlərə getməsinlər ki, sonra meyitləri küçədə o yan-bu yana sürütmə edilməsin. Meyiti tapanlar da bir-birinə göz vurub qımışmasınlar.

5-6 il əvvəl xəbər çıxmışdı ki, bir 65+ yaşlı həmvətənimiz tur-paket alıb, Cənub-Şərqi Asiyaya, konkret desək, Tayland tərəflərə səyahətə gedir. O zaman şair eloğlumuz bu xüsusda yazdığı 6-7 bəndlik şeiri mənə göndərmişdi ki, qəzetdə çap edək. Söhbət çox aktual olmadığından nə şeiri ayrıca çap etdik, nə də onu yazımın içinə saldım. Allahdan, ağsaqqal da sağ-salamat qayıdıb gəldi.

Eloğlunun şeiri isə bədbin ovqatdaydı. İndi onun 3 bəndini iqtibas edirəm:

Yaşın altmış beşi aşandan sonra
Taylandda nə itin azıb, ağsaqqal?
Bir görəm bu fikri kim verib sənə,
Kim bunu beyninə yazıb, ağsaqqal.

Kişi, vermə artıq özünə zəhmət,
Otur xarabanda, atana rəhmət.
Sonra el edəcək nəslinə töhmət,
Eşidən deyəcək, qızıb ağsaqqal.

Yox e, lap tutaq ki, qalıb həvəsin,
Tay qızı ovanda gedər nəfəsin.
O qərib diyarda varmı bir kəsin,
Zəng edə, deyə ki, çe..ib ağsaqqal.

“Ölüb” sözünün sinoniminin bir hərfini özüm nöqtələmişəm ki, biədəb çıxmasın. Gördüyünüz kimi, bu yazıda adı çəkilməyənlər çox oldu, amma əsas məsələ bu deyil, cansağlığıdır. Lənət olsun koronovirus pandemiyasına. Sevgili meyiti ortada qalır.

Samir SARI 

Bizə qoşulun