Medianews.az
“ŞOK”un tam yerində işlədildiyi başlıq və ajiotaj –
104 baxış

“ŞOK”un tam yerində işlədildiyi başlıq və ajiotaj – Qeyri-şok köşə

Saytlarda gedən başlıqlarla bağlı Medianın İnkişafı Agentliyinin açıqlaması və ona verilən reaksiyalar yadıma təxminən 18-20 il əvvəl baş vermiş bir hadisəni saldı. Onu yazım, sonra mətləbə keçərəm.

Demək, “GÜN səhər” qəzetində işlədiyim vaxtdır, bir gün xəbər gəldi ki, sizin redaksiyanın rəhbərliyindən bir nəfər BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşə getməlidir. Elə oldu ki, mən getməli oldum. Auditoriyaya daxil olanda gördüm, fakültənin dekanı Cahangir müəllim və bir neçə başqa jurnalist də var. O vaxt onlara “media kapitanı” deyirdilər. Ona da diqqət etdim ki, tələbələrin önündə “GÜN səhər”in də yeni nüsxələri var. Görüş başlayanda məlum oldu ki, müəllimlərindən yazı yazmağın nəzəriyyəsini, nəyi, necə, nə vaxt yazmaq, peşə etikası, qarşı tərəfin mövqeyi və filan-bəhmən söhbətləri əxz eləmiş tələbələr yaxşı hazırlaşıblar, necə deyərlər, “silahlanıblar”. Onlar suallar verir, iradlar bildirir, biz də cavab verirdik. 21-22 yaşlı gənclər arada bizi danlayırdılar, dözürdük.

Görüş əsnasında bir qız “GÜN səhər” qəzetinin birinci səhifəsini, manşet yazısını göstərərək məni danlamağa başladı: “Bu nədir, yazmışınız? Bu etik başlıq deyil. Bu jurnalistika prinsiplərinə ziddir”. Bu səpkidə hiddətli bir çıxış. Baxdım ki, qəzetdə gedən başlıq bu cürdür: “HƏRBİ HİSSƏDƏ ZABİT ƏSGƏRLƏRİ MİNİRMİŞ”.

Yeri gəlmişkən, o vaxt Səfər Əbiyevin və Nəcməddin Sadıkovun Müdafiə Nazirliyinə rəhbərlik etdikləri vaxt idi, hərbi hissələrdən hər gün çoxsaylı və əsaslı şikayətlər gəlirdi. Biri də bu idi, əməkdaşımız real hadisə haqqında, uyğun işə dair məhkəmə materiallarına əsasən yazı yazmışdı. Qız dişlərini qıcamış, gözlərini geniş açmış halda cavab gözləyirdi. Ona belə cavab verdim: “Xanım, sizcə, hansı daha qeyri-etikdir, zabitin əsgərləri minməsi, yoxsa jurnalistin bu barədə istintaq materiallarına əsasən yazı yazması?” Xanım razılaşmadı, yenə 2-3 dəqiqəlik çıxış etdi, amma daha cavab verilmişdi.

İndi baxıram ki, MEDİA bəzi media subyektlərinin manipulyasiya etməsi haqda açıqlama yayıb. “Manipulyasiya” predmeti odur ki, bəzi saytlar “Abituriyent” jurnalında getmiş real informasiyaya belə başlıqlar qoyublar: “Təcili!!! Azərbaycanda 200 tələbə vəfat etdi”; “Şok rəqəm: 200 tələbə vəfat edib".

2025\2026-cı tədris ilində həqiqətən də 200 tələbə vəfat edib və bu, özlüyündə gerçəkdən də şok hadisədir. Sadəcə, xəbərin fel hissəsi “etdi” olmamalıdır. Çünki bu variantda elə çıxır ki, həmin o 200 tələbə bir günün içində və bir faciəvi hadisənin qurbanı olub. Amma eyni materialın başlığının feli “edib”lə bitirsə, burada problem yoxdur.

Son vaxtlar milli mediamızın baş üzərində bir şəmşir dolaşır. Ayrı-ayrı qurumlar, strukturlar, təşkilatlar saytlara ütülü press-relizlər göndərirlər və materialların başlıqlarını da diktə edirlər, deyirlər, biz istəyən kimi olsun. Onların təqdim etdiyi başlıq altında verilən materialı isə heç bir oxucu oxumur. Çünki təxminən belə bir şey olur: “.... Rayon İcra Hakimiyyəti başçısının 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir”.

Ümumiyyətlə, başlıda “misdir”, "mışdır“, “muşdur”, “məmişdir” kimi sözlər varsa, oxucu o xəbəri açmır, ağlınız Kəmalə Günəşlinin oxuduğu mahnıya getməsin.

Belə çıxır ki, bu günümüzə şükür etməliyik, keçmiş vaxtlarda olsa, bu “siyasi səhv”ə görə əlli-ayaqlı gedənlər olardı. İndiki jurnalistlər mətn və başlıqlarda səhv edəndə asanca düzəldirlər, çünki media orqanları artıq elektronlaşıb. Amma keçmişdə bir səhvə görə adamları tuturmuşlar, ya da güllələyirmişlər.

1910-cu ildə "Kyiv Mysl" qəzeti “Пребывание вдовствующей императрицы Марии Фёдоровны в Финляндии" başlıqlı yazı verib, amma birinci sözdə R hərfi əvəzinə O gedib. Elə çıxıb ki, Mariya Fyodorovna Finlandiyada dinc durmayıb.

Stalinin dövründə də başlıqlardakı səhvlərə görə çox jurnalistin başı gedib. Məsələn, Özbəkistanda çıxan "Pravda Vostoka" qəzeti 1944-cü ilin oktyabrında “qlavnokomanduyuşiy” əvəzinə “qavnokomanduyuşiy” yazıb və bu “təzək komandan” söhbətinə görə redaksiya rəhbərliyini güllələyiblər. Qəzetin həmin sayı satışdan çıxarılıb. əhalidən yığılıb.

“Soçinskaya Pravda" qəzeti liderin soyadını "t" hərfi olmadan - "Salin" – yazıbmış, ona görə də qəzetin baş redaktoru T-də (türmədə) yatıb. Mahaçqalada çıxan qəzet isə daha biədəb səhvə yol verib, "xalqın atası"nın soyadını "Sralin" kimi yazıb və zibilə düşüb.

Deyirlər, başlıqlar oxucuda həyəcan doğurmasın. Niyə? Xəbər özü həyəcanlıdırsa, başlığı da həyəcan doğurmalıdır. Bunun ziyanı yoxdur. Bir şadlıq sarayında yanğın olsa, bunu yanğınsöndürənlərə necə xəbər veririk? “Filan şadlıq evi yanır!” kimi, yoxsa, “hörmətli yanğınsöndürənlər, hadisə yerindən xəbər verirəm ki, Azərbaycan Respublikasının Bakı şəhərinin Nizami rayonunda, Çobanzadə küçəsində yerləşən şadlıq sarayında naməlum səbəblərdən yanğın hadisəsi başlanmışdır” kimi?

Bir ildə 200 tələbənin vəfat etməsi məsələsi də eləcə. Unutmayaq ki, yazını başlıq oxutdurur. Son illərdə bəlkə də ilk dəfəymiş ki, “ŞOK” sözü həmin xəbərdə tam yerində işlənibmiş.

**

Dünya köhnə dünyadır, xəbər başlıqları təzədir.

Samir Sarı

Bizə qoşulun