Medianews.az
Sökülən obyektlə bağlı qalmaqal yarandı - Tikinti şirkəti vətəndaşın mülkünü dağıdıb
105 baxış

Sökülən obyektlə bağlı qalmaqal yarandı - Tikinti şirkəti vətəndaşın mülkünü dağıdıb VİDEO

Cəlilabad rayon sakini, 36 yaşlı Nəriman Həsənov ona məxsus qeyri-yaşayış sahəsinin qanunsuz şəkildə dağıdıldığını bildirir.

Baku TV-nin qaynar xəttinə müraciət edən şikayətçinin sözlərinə görə, ərazidə söküntü işləri "Jalilabad Residence" tərəfindən həyata keçirilib.

"Vaxtilə bu binanın tikintisi başlayarkən mənə 75 kvadratmetr sahə ilə əvəzləşmə təklif etmişdilər. Mənim obyektim isə 21.4 kvadratmetrdir, əlavə ölçünün pulunu ödəməli idim. Maddi imkanım olmadığı üçün bu razılaşmadan imtina etdim. Obyekt istifadəyə yararsız olduğu üçün fəaliyyətini dayandırmışdı. Dolanışığım çətindir. Hadisə ilə bağlı müvafiq qurumlara şikayət etmişəm. Rayon icra hakimiyyəti bildirir ki, bu məsələ onların səlahiyyətində deyil. İş üzrə rayon prokurorluğuna müraciət olunub. Bir il altı ay keçəndən sonra prokurorluq məsələni inzibati xəta kimi qiymətləndirib və cinayət tərkibinin olmadığını bildirib. Mən bu qərarla razı deyiləm və işin yenidən araşdırılmasını xahiş edirəm", - deyə N.Həsənov söyləyib.

"Jalilabad Residence"nin əməkdaşı Vüqar Fərəcov isə məsələyə belə münasibət bildirib:

"Köşkün sahibi ilk olaraq bizə müraciət etmişdi. Ərazinin bizə verilməsi ilə bağlı danışıqlar aparıldı. Faktiki olaraq bildirmək istəyirəm ki, həmin köşk altında yerləşən torpaq sahəsi bizə məxsusdur. Alqı-satqı zamanı reyestr xidmətinin koordinatlarına əsasən ərazinin bizim mülkiyyətimizdə olduğu təsdiqlənib. Şəhərsalma və Arxitektura Komitəsində də bu ərazi baş plan üzrə təsdiq olunub. İlkin mərhələdə qarşılıqlı razılıq əldə olunsa da, sonradan narazılıq yarandı və qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət etdi. Məsələyə Cəlilabad Rayon Prokurorluğunda baxıldı və iddianın əsassız olduğu qənaətinə gəlindi".

Bizə qoşulun