Medianews.az
Şokhaşok – Ağadadaşın kameramanı şaqqalaması
210 baxış

Şokhaşok – Ağadadaşın kameramanı şaqqalaması

Oxucum mesaj yazıb, saytları tənqid edir, deyir ki, hər iki xəbərin birinin başlığında böyük hərflərlə yazılmış “ŞOK” sözü var, bu nə şokhaşokdur. “Şəxsən mən başlığında ŞOK olan xəbəri oxumuram, biləsiniz. Adi xəbərlərin başlığında ŞOK olmamalıdır”, - yazır.

Əvvəlcə istədim ki, əziz oxucumu şoka salım, yazım ki, oxumursan, heç oxuma, minlərlə oxucu xəbərləri məhz “ŞOK”a görə oxuyur, başlıqda “ŞOK” olmasa açıb oxumur. Amma elə etmədim, yazdım ki, yaxşı, bu xüsusda bir ŞOK köşə yazaram. Oxuduğunuz kimi, artıq yazıram.

Gerçəkdən də, son vaxtlar sanki “şok”lar bir az artıb. “Şok” sözünün şirəsi-şəhdi, dadı-duzu tamam qaçıb. Özüm də görürəm ki, bu kəlmə artıq adi xəbərlərin başlığında da olur. Hərçənd bəzi adamı şok edəsi xəbərlərin başlığında olmur. Məsələn, dünən “Qoca Səmədovun oğlu adam güllələdi” başlıqlı xəbərdə “ŞOK” yox idi. (Sonra əlavə elədilər, gördülər ki, sanki çayı qəndsiz içirsən). Əsl “şok xəbər” idi. O boyda İH başçısının oğlu olasan, it boğuşdurasan, hələ itinin boğulduğuna görə rəqib itin yiyəsini güllələyəsən... Şok budur.

Yoxsa “Röyadan keçmiş əri haqqında ŞOK etiraf - "Biz heç ayrılmadıq" başlıqlı xəbərdə şokluq nə var? Hətta Röya əriylə ayrılarkən dalaşsa da, ölüm-itim yoxdursa, bu, heç kimi şoka salmaz.

Yaxud “Ağadadaş Ağayev yenə əsəbiləşdi - video çəkən şəxsə hücum etdi - ŞOK GÖRÜNTÜ” başlıqlı xəbəri götürək. Xəbəri açırsan, birinci videonu “pley” edirsən ki, görəsən, sənətkar yenə kimi baltalayıb. Görürsən ki, yox, bu dəfə müəllim sadəcə onun qarın nahiyəsini çəkən kameramanın dirsəyinə dürtmə vurur ki, get o yanı çək. Zərbə bərk olsaydı, kameramanın kamerası əlindən düşər və o, şok yaşayardı. Amma elə olmur, videoçəkən qardaş dürtməni vurub aralaşan sənətkarı arxadan çəkir. İndi bunun nəyi ŞOK GÖRÜNTÜdür?

Şok görüntü 2024-cü ilin yayındakı idi. Bir səhər oyandıq ki, ölkənin bütün saytları belə başlıq verib: “Ağadadaş Ağayev adam baltaladı!” Bir saat hamımız şokda olduq. Amma sonra gələn xəbərlərin başlıqları bizi şokdan çıxardı. Aydın oldu ki, 1956-ci il təvəllüdülü, Astraxanbazar (indiki Cəlilbad) rayonunda doğulmuş vətəndaş Ağayev Ağadadaş Həmid oğlu heç kəsi şaqqalamayıb, sadəcə, gözətçiyə tərəf balta atıb və balta adama dəyməyib. Heç Nurəddin adlı gözətçi də bu balta zərbəsindən şoka düşməyib, qayıdıb gəlib elin 70 yaşlı sənətkarına çüdodakı kimi ippon fəndi tətbiq edib.

Allah tərəfi, “Medera” klinikası işin içindən yaxşı sıyrılmışdı – “qara məni basınca mən qaranı basım” üsuluyla. Ancaq böhtan xarakterli xəbər yaydığına görə klinikanı cərimələyib şoka salmalıydılar. Hələ onu demirəm ki, o xəbər ölkədə sinfi mübarizəni gücləndirdi, cəmiyyəti ikiyə böldü, proletariatla yerli burjuylar az qaldı bir-birini baltalasın.

Bax, şok o idi. Bir az da, türkün sözü, bok idi, az qalmışdı ellikcə düşək.

Bu yerdə ərinmədən internet resurslarında axtarış verib “şok” sözünün mənalarını tapmışam. Heç demə, bu ingilis sözüymüş (shock) “zərbə” deməkmiş. Türkiyə futbol şərhçilərinin tez-tez dediyi “şut” da o sözün qohumudur.

Sözün izahı belədir: “Şok - orqanizmin fövqəladə xarici qıcığa qarşı həyati vacib üzv və sistemlərin funksiyasını mühafizə etmək üçün vermiş olduğu kəskin kompensator cavab reaksiyası və eyni zamanda nəticə etibarilə sinir, qan dövranı, tənəffüs sistemlərində, maddələr mübadiləsində proqressiv pozğunluqlarla müşahidə olunan patoloji proses, həyat üçün təhlükəli bir haldır”.

Yəni əslində şoka düşmək zırıltı şeydir, doğrudan da həyat üçün təhlükəlidir. Çünki şokun çox növləri var: hipovolemik şok; kardiogen şok; travmatik şok; septiki şok, anafilaktik şok; nevrogen şok.

Prinsipcə, biz hansısa müğənni haqqında xəbəri oxuyanda bunların birinə girməliyik. İlk əlamət kimi ürəyimiz sürətlə döyünməlidir, möhkəm tərləməliyik, dəhşətli susuzluq hiss etməliyik, sonra huşumuzu itirməliyik, ürəyimiz dayandısa, heç, dayanmadısa, bizi birtəhər ayıltmalıdırlar və deməlidirlər ki, təbrik edirik, bəy, şokdan çıxdın.

Aysunla Qumralın geyimi, ifası, danışığı bizi şoka salacaqsa, demək, müalicə olunmaq lazımdır, bu, artıq şokameyllilikdir.

İndi götürüb oxucuya yazacam ki, qədrimizi bilin, yaza-yaza sizi çox xoş şoklara salmış, alışdırmışıq, daha qorxusu yoxdur.

Bizə qoşulun