Medianews.az
Şəxsiyyət pozğunluğunun
64 baxış

Şəxsiyyət pozğunluğunun serial adı ilə təbliği

Cəmi bir il yox ol, sonra qayıt… və gör ətrafında nələr olub.

Arvadı qardaşa vurulub, qardaş arvadına.

Bacı onu sevən ərini məhv edir, qurbanına çevirir, sonra heç nə olmamış kimi - evli ola-ola gizli münasibətdə olduğu əmisi oğluna ərə gedir.

Əmisi qızı başqa qardaşdan hamilədir, amma başqasına ərə gedir.

Qardaşı onun arvadına aşiq olandan sonra illərlə yanında olan qadını salfetka kimi atır. O qadının bətnindəki uşaq ölür, onun üçün mübarizə aparan qadının yoxluğu isə heç tükünü də tərpətmir.

Oğul qardaşa “ata” deyir.

Və o da məlum olur ki, əmi əslində onun atası imiş.

Keçmişdə ana əmisi ilə yaxınlıq edib, hamilə qadını atıb. Ata bildiyimiz adam isə qardaşının tərk etdiyi qadını özünə arvad edib. Və bu zəncir belə uzanır: kim-kimə gəldi, kim kimə düşdü…

Amma bu əxlaqsızlığı serial deyə insanlara göstərirlər. Özü də sevgi dastanı kimi. Ülvi məhəbbət imiş. Nəhayət ki, bacarırlar. İndi əxlaqsızlığa sevgi adı qoyan o qədər beyinsiz var ki. Yaraşsa da, yaraşmasa da, bu don bu əmələ geydirilir.

Serialın adını yazmıram. Onsuz da adı ilə ssenari arasında heç bir əlaqə yoxdur.

Bəzən qərb əxlaqını tənqid edənlər bir anlıq düşünsünlər:

Hansı qərb ölkəsində belə bir ekran işi normal qəbul edilə bilər?

Hətta Şərq üçün bu həddən artıqdır. Bu, yalnız bizim coğrafiyada “sevgi” adı ilə satıla bilər.

Türkiyədə ailə dəyərlərinin bu qədər açıq-aşkar tapdalandığı ikinci bir nümunə tapmaq çətindir. Bəs niyə susulur? Niyə müdaxilə yoxdur? Şəxsiyyətsizliyin bu qədər rahat təbliği kimə sərf edir?

Bilirsiniz, insanlar bu başdan-ayağa şəxsiyyət pozğunluğunun təbliğini həyata keçirən filmə necə baxırlar?! Acgözlüklə. Reytinqlərdə ön sıradadır.

Bəs bir dənə də olsun nümunəvi obraz varmı? Yoxdur.

Bir səhnədə uşaq deyir:

“Qoy sənə də ata deyim, qardaşına da”.

Bir cümləlik dialoqla uşağın ağzından nəyin normallaşdırıldığını anlayın.

Əvvəllər insanlar kitablarda oxuduqları qəhrəmanlara bənzəmək istəyirdilər. İndi isə serial “qəhrəmanlarına”. Ekranda nə görürlərsə, onu yaşamağa çalışırlar. Mümkün olanı da, olmayanı da həyat tərzinə çevrməyə çalışırlar.

Təəssüf ki, biz artıq ekranda gördüyümüzü müzakirə etmirik, ona öyrəşirik.

Öyrəşdiyimiz hər şey isə bir müddət sonra normal sayılır.

Normal sayılan xəyanətdir, mənəviyyatın dağılmasıdır, uşağın dilindən dəyərlərin aşındırılmasıdır. Və biz bunu “serialdır” deyib keçirik. Amma serial bitir, təsiri bitmir.

Bu nöqtədə susmaq da mövqedir. Baxmaq da seçimdir. Reytinq vermək isə məsuliyyətdir.

Çıxış yolu varmı? Var. Hər kəs üçün sadə, amma çətin bir yol: Seçmək. Nəyə baxdığını seçmək. Nəyə alqış verdiyini seçmək. Uşağa nəyi “normal” göstərdiyini seçmək.

Çünki ekran tərbiyə edir. Əgər biz tərbiyəni ekrana buraxırıqsa, sonra nəticədən şikayət etməyə haqqımız qalmır.

Bu gün seçim bizimdir. Sabah isə onun nəticəsi ilə yaşayacaq olanlar.(Yenisabah.az)

Bizə qoşulun