Medianews.az
“Avroviziya 2026”: yenilənmiş siyahı
102 baxış

“Avroviziya 2026”: yenilənmiş siyahı

“Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsində iştirakını təsdiqləyən ölkələrin sayı 34-ə çatıb: Albaniya, Almaniya, Avstraliya, Avstriya, Azərbaycan, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Xorvatiya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Moldova, Monteneqro, Norveç, Polşa, Portuqaliya, Rumıniya, San Marino, Serbiya, Ukrayna, Yunanıstan.

Medianews.az bildirir ki, bir çox ölkənin imtina və boykot etdiyi yarışa Ermənistanın da qatılması gözlənir.

Avstriyanın paytaxtı Vyananın ev sahibliyi edəcəyi yarışın birinci yarımfinalı mayın 12-nə, ikinci yarımfinalı 14-nə, finalı 16-na təyin olunub.

1956-cı ildən keçirilən “Avroviziya” yarışması ictimai teleradioları cəmləyən Avropa Yayım Birliyinin layihəsidir. 69 dəfə keçirilmiş müsabiqədə İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Avstriya, Norveç və Ukrayna 3, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib gəlib.

Azərbaycan 17 yarışa qatılıb, 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci yeri, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü yeri, 2010-cu ildə Səfurə Əlizadə 5-ci yeri, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci yeri, 2012-ci ildə Səbinə Babayeva 4-cü yeri, 2013-cü ildə Fərid Məmmədov 2-ci yeri, 2014-cü ildə Dilarə Kazımova 22-ci yeri, 2015-ci ildə Elnur Hüseynov 12-ci yeri, 2016-cı ildə Səmra Rəhimli 17-ci yeri, 2017-ci ildə Diana Hacıyeva 14-cü yeri, 2019-cu ildə Çingiz Mustafayev 8-ci yeri, 2021-ci ildə Samirə Əfəndi 20-ci yeri, 2022-ci ildə Nadir Rüstəmli 16-cı yeri tutub.

2018-ci ildə Aysel Məmmədova, 2023-cü ildə Tural və Turan Bağmanovlar, 2024-cü ildə Fəxri İsmayılov və İlkin Dövlətov, 2025-ci ildə “Mamaqama” qrupu yarımfinalı keçə bilməyiblər.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun