Salyanda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Medianews.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, iyulun 20-si saat 18 radələrində Salyan rayonunun Şorsulu kəndinin ərazisində həmin kəndin sakini Nazim Qasımovun idarə etdiyi VAZ markalı avtomobillə əks istiqamətdə hərəkətdə olan Alçalı kənd sakini Razi Dadaşovun idarə etdiyi "Toyota" markalı nəqliyyat vasitəsi toqquşublar.
Qəza nəticəsində Nazim Qasımov və sərnişinləri - İlkin Qasımov və Elnur Əsədov hadisə yerində, Vüqar Əsədov isə xəstəxanada həyatlarını itiriblər. Sərnişinlərdən Əlifağa Hümmətov, eləcə də Razi Dadaşovun azyaşlı oğlu da xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət yol Polisi İdarəsi yüksək sürət və manevretmə qaydalarının pozulması səbəbindən baş verməsi ehtimal olunan sözügedən hadisə ilə əlaqədar bir daha sürücülərə müraciət edərək, onları yayımlanan faciəli faktlara biganə qalmamağa, təhlükəsizlik qaydalarına, verilən tövsiyələrə qeyd-şərtsiz əməl etməyə çağırır.