Rusiyanın siyasət və ekspert dairələrində Çinlə bağlı fikir ayrılığı əmələ gəlib.
Əlbəttə, Kreml əvvəlkitək Pekini strateji tərəfdaş sayır, iki ölkə arasındakı əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirir. Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov son açıqlamasında prezident Vladimir Putinin may ayında Çinə səfərinin nəticələrini yüksək qiymətləndirərək, bunun beynəxalq aləmdə sabitləşdirici rol oynadığını vurğulayıb.
Buna baxmayaraq, Çin-Rusiya münasibətləri barədə fərqli düşünənlər də var və bunlardan biri Rusiya hakim partiyasının üzvü və Dövlət Dumasının deputatı Konstantin Zatulindir.
Zatulinin fikrincə, Çin Rusiyaya kifayət qədər dəstək vermir. Zatulin Pekinin passivliyinə misal olaraq Avropa İttifaqı-Ukrayna münasibətlərini göstərib: “Avropa İttifaqı müharibədə Ukraynaya böyük dəstək verir. Rusiyanın strateji tərəfdaşı sayılan Çin isə Moskvaya kifayət qədər dəstək vermir”.
Zatulinin fikrincə, Çin ancaq öz maraqlarını güdür, tərəfdaşlıqdan qazanc əldə etməyə çalışır, ona görə də fürsətdən istifadə edərək Rusiyadan aldığı neftin və qazın qiymətini endirib.
Deputat Konstantin Zatulin haqlıdır. Pekin Kremlə onun arzuladığı səviyyədə dəstək vermir. Ancaq Pekinin Moskvanı müharibədə dəstəkləməyə borcu da yoxdur. Vladimir Putin Ukraynaya qarşı işğalçı müharibəyə qərar verəndə dostu Çin lideri Si Cinpinlə məsləhətləşməmişdi. Belə olan halda Si Cinpin Vladimir Putinin avantürasına birmənalı dəstəkdən çəkinməliydi.
Amma Zatulinin də etiraf etdiyi kimi, Çin Rusiyaya hərbi texnikanın istehsalı üçün zəruri avadanlıqlar verib. Zatulin Çinin Rusiyaya hətta müasir dronlar satdığını da vurğulayıb. Ancaq Zatulin Çinin Rusiyanın düşməni Ukraynaya da dron satdığını iddia edib. Halbuki Çinin Ukraynaya dron satdığına dair fakt yoxdur.
Pekin Rusiya-Ukrayna və ABŞ-İran müharibələrində öz maraqlarından çıxış edib. Pekin Rusiya və İranın məğlub olmasında maraqlı deyil. Çünki hər ikisinin məğlubiyyəti Çinin qlobal və regional gücünü zəiflədə bilər. Odur ki, Pekin Moskva və Tehrana onların istədiyi şəkildə dəstəyi verməsə də, Rusiya və İranın ayaqda qalmaları üçün hər şeyi edib.
Elxan Şahinoğlu,
politoloq