Finlandiya Hərbi Kəşfiyyat Xidməti Rusiyanın Cənubi Qafqazdakı mövqeyi ilə bağlı qiymətləndirmə yayıb.
Medianews.az xəbər verir ki, xidmətin 2026-cı il üçün hazırladığı icmalda Azərbaycan və Ermənistandan bəhs edilib. Qeyd olunur ki, Rusiya regionda mühüm oyunçu olaraq qalmasına baxmayaraq, Cənubi Qafqazdakı təsiri əvvəlki dövrlərlə müqayisədə zəifləyib.
Sənəddə bildirilir ki, Moskva Ermənistan və Azərbaycan arasındakı münaqişədə xarici vasitəçi rolunu faktiki olaraq itirib və hər iki ölkə ilə münasibətlərində ciddi zəifləmə müşahidə olunur.
Eyni zamanda icmalda Gürcüstanın siyasi baxımdan Rusiyaya daha da yaxınlaşdığı vurğulanır. Bu tendensiyanın regiondakı ümumi geosiyasi balansı dəyişdirdiyi qeyd edilir.
Finlandiya Hərbi Kəşfiyyatının qiymətləndirməsinə görə, Rusiyanın əsas strateji məqsədi – qlobal təsir imkanlarını artırmaq dəyişməz qalır. Moskva Qərbin liberal-demokratik dəyərlərini öz idarəçilik modelinə təhdid kimi qiymətləndirir və Ukraynadakı müharibə, digər regional münaqişələr, eləcə də hibrid təsir vasitələri vasitəsilə Qərbi zəiflətməyə çalışmaqda davam edir.